Azərbaycan on iki Avropa ölkəsinə qaz yanacağı ixrac edir. On milyonlarla avropalı ailələr mətbəxlərində, qışda sobalarında Azərbaycan qazı yandırırlar. Rusiya qazından imtina edən Avropa enerji təhlükəsizliyini möhkəmləndirdiyi bir dövrdə Azərbaycanın rolu daha da artır. Bu maraq artıq sadəcə siyasi bəyanatlar və açıqlamalarla məhdudlaşmır. Ortada konkret müqavilələr, qaz tədarükü və infrastruktur layihələri var. Son aylarda Avropa rəsmilərinin Azərbaycana edilən intensiv səfərləri də bunu sübut edir.
2026-cı ilin martında Avropa Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının enerji üzrə komissarı Dan Yorgensenin, may ayında Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın, ardınca İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana səfərləri, iyulda isə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıda Prezident İlham Əliyevlə görüşü təsadüfi diplomatik təmaslar kimi qiymətləndirilə bilməz. Bu cür yüksək səviyyəli şəxslərin Bakıya “başmaq seyrinə” çıxmadıqları gün kimi aydındır. Çünki bu görüşlər zamanı enerji təhlükəsizliyi, "yaşıl enerji", nəqliyyat dəhlizləri kimi strateji məsələlər müzakirə edilib. Bu da Azərbaycanın Avropa üçün strateji müttəfiqə çevrildiyini sübut edir. Həmin şəxslərin mətbuata açıqlamaları da göstərir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində sadəcə qaz satışını artırmır, bütövlükdə regionun enerji xəritəsində mövqeyini gücləndirir. Cənub Qaz Dəhlizi, SOCAR ilə Almaniyanın SEFE dövlət enerji şirkəti arasındakı 10 illik müqavilə, artıq Avropanın 12 ölkəsinə qaz ixracı, Mərkəzi Asiyanın bərpaolunan enerji potensialını Avropa bazarlarına çıxarmağı hədəfləyən layihə, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi kimi iri layihələr sübut edir ki, Azərbaycanın Avropa ilə enerji sahəsində əməkdaşlığı daha yuxarı mərhələyə keçid edib. Yəni, Azərbaycan Avropanın enerji xəritəsində əsas aktorlardan birinə çevrilir. Bu layihələrin əhəmiyyəti təkcə yeni enerji mənbələrinin yaradılmasında deyil. Azərbaycan Avropanın enerji təhlükəsizliyində həm qaz tədarükçüsü, həm Xəzər və Mərkəzi Asiya resurslarının tranzit ölkəsi, həm də yaşıl elektrik enerjisinin ötürülməsi üçün əsas bağlantı məntəqəsinə, qovşağa və ya kilid nöqtəyə çevrilir.
Transadriatik Qaz Boru Kəməri (TAP) 2020-ci ildə kommersiya fəaliyyətinə başladığı vaxtdan indiyədək Avropa bazarlarına 64 milyard kubmetrdən çox təbii qaz çatdırıb. Kəmər Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazın Avropaya nəqlində mühüm rol oynayır.
Xəbər verilir ki, bu barədə TAP konsorsiumunun qaz kəmərinin kommersiya fəaliyyətinə başlamasının altıncı ildönümü münasibətilə noyabrın 15-də yaydığı məlumatda bildirilib.
Məlumata görə, altı il ərzində TAP vasitəsilə Avropa istehlakçılarına qazın təhlükəsiz çatdırılması təmin edilib. Bu, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və enerji təchizatı mənbələrinin şaxələndirilməsinə töhfə verib.
Konsorsiumdan qeyd ediblər ki, Avropa enerji bazarının dəyişən tələbatına uyğunlaşmaq və qaz kəmərinin əməliyyat dayanıqlığını artırmaq istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. Kəmər vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qaz Avropa bazarlarına nəql edilir. Ümumi uzunluğu 877 kilometr olan boru kəməri Yunanıstan-Türkiyə sərhədindən başlayır, Yunanıstan və Albaniya ərazilərindən keçir, Adriatik dənizini aşaraq İtaliyanın cənub sahillərinə çatır.
TAP-ın ilkin ötürücülük gücü ildə hələlik 10 milyard kubmetr təşkil edir. Mövcud infrastruktur genişləndirildikdən sonra bu rəqəm 20 milyard kubmetrə çatdırıla bilər. Belə olan halda ölkəmiz Avropanın ən mühüm qaz təminatçısına çevrilir. Beləliklə, bu, Azərbaycanın dünyada nüfuzunu yüksəldir, mövqeyini möhkəmləndirir və ona həm böyük siyasi, həm də iqtisadi dividendlər gətirir.
Vəli İlyasov, “İki sahil”