Nizami Kino Mərkəzində “Azərpoçt” MMC və Azərbaycan televiziyasının (AzTV) birgə istehsalı olan “Səssiz ünsiyyət” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirin açılışında çıxış edən “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova bildirib ki, 2021-ci ildən etibarən Azərbaycan aktiv yenilənmə dövrünə qədəm qoyub. Onun sözlərinə görə, cəmiyyət və media ilə şəffaf, səmərəli kommunikasiyanın qurulması vacib vəzifələrdən biridir. “Bugünkü tədbir bu əməkdaşlığın nümunələrindən biridir”, – deyə İbrahimova vurğulayıb.
“Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib ki, bu sənədli film Azərbaycanda poçt fəaliyyətini geniş auditoriyaya çatdıran yeganə ekran işidir. Onun sözlərinə görə, film milli dəyərlərin, zəhmətin və yaradıcı əməyin təbliğinə xidmət edir.
Filmin ssenari müəllifi Sevda Hüseyn bildirib ki, poçt işçiləri görünməyən qəhrəmanlardır: “Çatdırdığınız məktublar hamımıza xoş müjdələr gətirsin. Biz yaradıcı qrup olaraq çalışdıq ki, məhz bu görünməyən qəhrəmanların zəhmətini də diqqətə çatdıraq”.
Rejissor Elvin Mirzəyev təqdimat mərasimini həm həyəcanlı, həm də xoş bir gün kimi qiymətləndirib.
“Azərbaycan Televiziyası və “Azərpoçt”un əməkdaşlığını uzunmüddətli dostluğun nümunəsi kimi dəyərləndirmək olar. Filmin çəkilişləri prosesində bu sahənin nə qədər çətin, məsuliyyətli bir iş olduğunu yaxından müşahidə etdim”.
Qeyd olunub ki, filmdə nümayiş olunan bütün marka kolleksiyası İlqar Rəhimova aiddir. Filmin nümayişindən əvvəl İsi Mustafayev ekran işinin yaradıcılarına təşəkkürnamələr təqdim edib. Daha sonra “Səssiz ünsiyyət” adlı bədii-sənədli filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin ikinci hissəsində, həmçinin “Azərpoçt” MMC və Mətbuat Şurası ilə birgə media nümayəndələri arasında “Ənənəvi poçtun müasir dünyada və Azərbaycanda transformasiyası” mövzusunda müsabiqənin qalibləri də elan olunub.
Çıxışında Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin sədri Rəşad Məcid bildirib ki, 9 Oktyabr - Ümumdünya Poçt Günü münasibəti ilə keçirilən “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda araşdırma müsabiqəsinin keçirilməsi diqqətə layiqdir.
Rəşad Məcid mətbuatın tarixi və informasiya daşıyıcılarının inkişaf yoluna toxunaraq bildirib ki, informasiyanın ötürülməsi qədim dövrlərdən müxtəlif vasitələrlə həyata keçirilib: “Göyərçinlərin informasiya daşıyıcısı olduğu dövrlərdən mətbuatın formalaşmasına qədər uzun bir yol keçilib. Azərbaycan mətbuatı isə artıq 150 illik tarixi ilə böyük bir ənənəyə sahibdir”.
Rəşad Məcid müsabiqəyə təqdim olunan yazılarda poçtalyonların və məktub yazan insanların fəaliyyətinə dair nostalji hisslərin ifadə olunduğunu qeyd edib. O, həmçinin vurğulayıb ki, bu gün informasiya texnologiyalarının inkişafı nəticəsində poçt xidmətləri genişmiqyaslı və çoxşaxəli fəaliyyətlə məşğuldur.
Müsabiqəyə təxminən 25 yazı təqdim olunub və onların əksəriyyəti münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Rəşad Məcid qalib olan jurnalistləri təbrik edib, gələcəkdə də bu kimi müsabiqələrin davamlı olmasını arzulayıb.
"İki sahil" qəzetinin əməkdaşı - Yaqut Aslanova yazı müsabiqəsində birinci yerə layiq görülüb. AZƏRTAC-ın müxbiri Pərvanə Qafarova və “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli də I yerə layiq görülüblər. II yerə isə “Yenisabah.az” saytının əməkdaşı Nazim Hacıyev, “Səs” qəzetinin jurnalisti Lala Mehrəliyeva və AZƏRTAC-ın müxbiri Suvar İbadov layiq görülüblər. Müsabiqənin digər iştirakçılarına isə sertifikatlar təqdim olunub.