13 oktyabr 2025 10:54
597

YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri anım tədbirində iştirak edib və şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri, İdarə Heyətinin üzvü Ramiz Hüseynovun rəhbərliyi ilə partiya nümayəndələri şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq bir sıra tədbirlərdə iştirak ediblər.

Təşkilat nümayəndələri öncə şəhid Əhmədov Abdullanın anım tədbirində iştirak ediblər. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Anım mərasimində şəhidin qəhrəmanlıq yolundan, vətənə sədaqətindən və döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs olunub.

Ramiz Hüseynov çıxışında qeyd edib ki, şəhidlərin ruhu qarşısında baş əymək, onların xatirəsini əziz tutmaq, ailələrinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın müqəddəs borcudur. Şəhidlərimizin qəhrəmanlığı sayəsində bu gün biz azad, müstəqil və qalib Azərbaycan torpaqlarında yaşayırıq. Onların ailələri hər zaman dövlətimizin və partiyamızın diqqət mərkəzindədir. Bu qayğını davamlı şəkildə göstərmək bizim mənəvi borcumuzdur.

Anım tədbirinin ardınca YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri şəhid Məmmədov Ruslan Ramiz oğlu, İslamlı Samir Xaliq oğlu, Səmədov Elnur Sədaqət oğlu, Niftəliyev Mehrab Söhrab oğlu və Kərimov Taleh Adil oğlunun ailələrini də ziyarət ediblər.

Ziyarətlər zamanı şəhid ailələrinin sosial vəziyyəti, gündəlik qayğıları ilə maraqlanılıb, onlara maddi və mənəvi dəstək göstərilib.Görüşlər zamanı şəhid ailələri dövlətimizin rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər.

Şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, dövlət başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə göstərdiyi qayğı və diqqət xalqımız tərəfindən dərin hörmət və ehtiramla qarşılanır.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov sonda bildirib ki, bu cür ziyarətlər və anım tədbirləri müntəzəm olaraq davam etdiriləcək.

Ramiz Hüseynov qeyd edib ki, biz şəhid ailələrimizin yanında olmaqla həm mənəvi borcumuzu yerinə yetirir, həm də gənc nəsillərə vətənpərvərlik, milli birlik və dövlətə sədaqət kimi dəyərləri aşılayırıq. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı gələcəkdə də şəhid ailələrinin sosial rifahı və onların xatirəsinin daim uca tutulması istiqamətində fəaliyyətini davam etdirəcək.