20 oktyabr 2025 11:15
223

Azərbaycan-Qazaxıstan münasibətləri tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə əsaslanır - ŞƏRH

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.  Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur. 
Bu fikirlər Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində  yer alıb. 
Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq: “Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim”. Yeei gəlmişkən qeyd edək ki, cari ilin iyun ayında  Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə ünvanlandığı məktubda bildirmişdi ki, qardaş ölkə və etibarlı strateji tərəfdaşımız olan Qazaxıstanla əlaqələrimizin hazırkı səviyyəsi məmnunluq doğurur: “İnanıram ki, xalqlarımızın qardaşlığı, ortaq tarixi-mədəni kökləri, mənəvi dəyərləri kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Qazaxıstan ənənəvi dostluq əlaqələri və strateji tərəfdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir”.
Xatırladaq ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Şübhəsizi, bu göstəricilər Prezident İlham Əliyevin sözləri ilə desək, tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir. İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti işlərinin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək. Bir məsələni də vurğulayaq ki, Qazaxıstan Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində də mühüm rol oynayan ölkələrdən biridir.  
Yeri gəlmişkən qeyd edək ki, siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq, regional təşkilatlarda, o cümlədən BMT-də, Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində və digərləri çərçivəsində səmərəli əməkdaşlıq etdiyimiz Qazaxıstan Qarabağ məsələsində həmişə ölkəmizin yanında olub, haqlı mövqeyimizi beynəlxalq aləmdə dəstəkləyib. İkinci Qarabağ müharibəsindən sonra bu qardaş ölkə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərinə öz töhfəsini verməyə çalışıb. Belə ki, bu ölkə Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi inşa edib. Artıq bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır.
Məlumat üçün qeyd edək ki, 1992-ci il avqustun 30-da Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. Bu yazıda sadaladığımız faktlar isə bünövrəsi türk dünyasının dünyaşöhrətli liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulan Azərbaycan-Qazaxıstan münasibətlərinin ötən dövr ərzində necə inkişaf etdiyini göstərir.

Qvami Məhəbbətoğlu, “İki sahil”