Azərbaycanın dövlətçilik tarixində 20 Oktyabr xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Bu gün Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı Zəngilan şəhəri günü kimi qeyd olunur. Zəngilan, Qarabağ və Cənub-Qərb bölgəmizin ən mühüm strateji ərazilərindən biri olmaqla yanaşı, qədim tarixə, zəngin təbiətə və dərin mədəni irsə malik bölgəmizdir. Bu ərazi əsrlər boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, lakin Qafqazın Rusiya tərəfindən işğalı və sonrakı inzibati bölgü nəticəsində onun siyasi mövqeyi dəyişmişdir.
XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqaza yürüşü ilə bölgədə böyük siyasi dəyişikliklər baş verdi. 1804–1813 və 1826–1828-ci illər Rusiya-İran müharibələri nəticəsində Azərbaycanın şimal torpaqları Rusiya tərəfindən işğal olundu. 1813-cü ildə imzalanan Gülüstan müqaviləsi və 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi Azərbaycanın tarixi torpaqlarını iki yerə böldü – Araz çayının şimal hissəsi Rusiya imperiyasına, cənub hissəsi isə İranın nəzarətinə keçdi.
Bu proses nəticəsində Zəngilan da daxil olmaqla, Qarabağ xanlığının torpaqları Rusiya imperiyasının inzibati idarəçiliyinə tabe edildi. Rusiya bölgədə inzibati idarəçiliyi möhkəmləndirmək üçün yeni inzibati vahidlər yaratdı. Qafqaz canişinliyinin yaradılması ilə regionda idarəetmə ruslaşdırıldı və yerli əhali üzərində nəzarət gücləndirildi. Bu dövrdə etnik, dini və sosial tərkibə təsir edən islahatlar həyata keçirildi. Məqsəd Cənubi Qafqazda Rusiya imperiyasının maraqlarını qorumaq və yerli xalqlar arası balansı öz xeyrinə dəyişmək idi.
Zəngilan tarixi İpək yolunun keçdiyi mühüm strateji məntəqələrdən biri olmuşdur. Onun ərazisində çoxsaylı arxeoloji abidələr, qədim yaşayış məskənləri və tarixi tikililər mövcuddur. Sovet dövründə Zəngilan iqtisadi və sosial baxımdan sürətlə inkişaf edən bölgələrdən biri idi. Lakin 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Zəngilan şəhəri və onun kəndləri dağıdıldı, minlərlə sakin öz yurdlarından didərgin düşdü.
Bu ədalətsizlik 27 il davam etdi. Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək Zəngilan şəhərini 20 oktyabr tarixində azad etdi. Bu tarixi qələbə həm torpaqlarımızın bərpası, həm də milli qürurumuzun dirçəlişi demək idi. Bu səbəbdən 20 Oktyabr Zəngilan şəhəri günü kimi əlamətdar tarix kimi qeyd olunur.
Zəngilanın işğaldan azad edilməsindən sonra burada genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları çərçivəsində infrastruktur yenidən qurulur. Zəngilan bu gün Azərbaycanın yaşıl enerji bölgələrindən biri kimi inkişaf etdirilir. Beynəlxalq hava limanının tikilməsi, yolların çəkilməsi, yeni məktəb və xəstəxanaların açılması bölgənin gələcəyinə inam yaradır.
Bu proses Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinin bariz nümunəsidir. Tarix bir daha göstərdi ki, işğal və təzyiq yolu ilə xalqların iradəsini qırmaq mümkün deyil. Azərbaycan xalqı öz torpaqlarına, mədəniyyətinə və milli kimliyinə sahib çıxaraq dünya qarşısında ədalətin bərqərar olmasına nail oldu.
Zəngilanın azadlığı yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpasıdır. Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati bölgülər, milli kimliyin və dövlətçiliyin zəiflədilməsi siyasətinə baxmayaraq, Azərbaycan xalqı əsrlər boyu öz varlığını və milli iradəsini qorumağı bacarmışdır. Bu gün Zəngilanın dirçəlişi və inkişafı həm ölkəmizin gücünü, həm də xalqımızın birliyini simvolizə edir.
Fidan Əliyeva,
YAP-Xətai rayon təşkilatının əməkdaşı