Xankəndi azadlıqdan doğan inkişaf fəlsəfəsinin və yeni şəhər modelinin təcəssümüdür
Bu günlərdə başa çatan III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) təkcə urbanistik baxımdan deyil, həm də Azərbaycanın yeni siyasi-fəlsəfi konsepsiyasının nümayişi baxımından mühüm hadisə kimi tarixə düşdü. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən birgə təşkil edilən tədbir “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusu ilə müasir dövrün ən aktual çağırışlarını özündə birləşdirdi. Bu Forumun həm Xankəndidə, həm də Bakıda keçirilməsi Azərbaycan diplomatiyasının nə qədər çoxplanlı, məqsədyönlü və uzaqgörən şəkildə qurulduğunu bir daha nümayiş etdirdi.
Forum 65 ölkədən 200-dən çox nümayəndənin, o cümlədən beynəlxalq təşkilatların, səfirliklərin, özəl sektor və vətəndaş cəmiyyətlərinin təmsilçilərinin iştirakı ilə reallaşdı. Onlayn və oflayn formada 1500-ə yaxın iştirakçını bir araya gətirən bu tədbir, əslində, gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının intellektual və siyasi hazırlıq mərhələsi kimi də qiymətləndirilə bilər. Bu baxımdan NUFA3 həm milli miqyasda şəhərsalma siyasətinin koordinasiyası, həm də Azərbaycanın beynəlxalq urbanizm gündəmində aparıcı oyunçuya çevrilməsi baxımından strateji bir körpü funksiyası daşıdı.
Forumun iki şəhərdə - Xankəndi və Bakıda keçirilməsi təsadüfi deyil. Bu, həm rəmzi, həm siyasi, həm də strateji baxımdan son dərəcə düşünülmüş addımdır. Xankəndi uzun illər Ermənistanın işğalı altında qalmış, indi isə azadlıqdan doğan inkişaf fəlsəfəsinin və yeni şəhər modelinin təcəssümüdür. Məhz bu şəhərdə belə bir mötəbər forumun keçirilməsi Azərbaycanın bərpa siyasətini qlobal urbanizm dilinə çevirmək, Qarabağdakı reallığı beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etmək deməkdir. Bu, həm də rəsmi Bakının beynəlxalq platformalarda siyasi mesajını gücləndirən “səssiz diplomatiya” formasıdır. Yəni, Azərbaycanın ərazi bütövlüyü faktını şəhərsalma dili ilə nümayiş etdirmək.
UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbaxın çıxışında vurğuladığı kimi, Xankəndi Forumu qlobal şəhər siyasətində dönüş nöqtəsinə çevrilmək potensialına malikdir. Onun sözləri, əslində, Azərbaycanın bərpa modelinin beynəlxalq miqyasda nə qədər diqqət mərkəzinə gəldiyini göstərdi. Bu, həmçinin 2026-cı ildə keçiriləcək WUF13-ün Azərbaycana həvalə olunmasının təsadüfi olmadığını sübut edir: çünki Azərbaycan bu sahədə həm ideya, həm də praktiki nümunə təqdim edir.
“Building Back Better” prinsipi
NUFA3-ün əsas istiqamətlərindən biri də Azərbaycanın postmünaqişə bərpa modelinin təqdimatı idi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri “Building Back Better” – yəni, “daha yaxşı bərpa” prinsiplərinə əsaslanır. Bu konsepsiya sadəcə fiziki tikinti deyil, həm də sosial strukturun, icma əlaqələrinin və ekoloji sistemin inteqrasiyasını nəzərdə tutur. Azərbaycan bu yanaşmanı regional səviyyədə tətbiq edən ilk ölkələrdən biridir.
Məsələn, Ağalıda “ağıllı kənd” layihəsi, Füzuli və Cəbrayıl şəhərlərinin yeni Baş planları, Zəngilan Beynəlxalq Hava Limanı ətrafında formalaşan - logistika mərkəzi bütün bunlar müasir şəhərsalma ilə milli inkişaf strategiyasının birləşməsidir. Bu model BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci bəndinə “Davamlı şəhərlər və icmalar” prinsipinə tam uyğun gəlir və Azərbaycanın bu məqsədlərə real töhfəsini nümayiş etdirir.
Azərbaycan üçün şəhərsalma anlayışı təkcə infrastrukturun qurulması deyil, həm də sosial rifahın, ekoloji balansın və mədəni irsin qorunmasının sintezi deməkdir. Forumda bu məsələlərə xüsusi diqqət ayrıldı. Panel sessiyalarda mənzil təminatı, maliyyə mexanizmləri, rəqəmsallaşma, mədəni irsin bərpası və sağlam şəhər icmaları kimi məsələlərin müzakirəsi Azərbaycanın gələcək urbanistik strategiyasının əsas istiqamətlərini aydın göstərdi.
İqlimədavamlı şəhərsalma konsepsiyası Azərbaycanın milli inkişaf modelinə daxil edilib. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonasının yaradılması, azkarbonlu tikinti texnologiyalarının tətbiqi və ağıllı nəqliyyat sistemlərinin formalaşdırılması kimi təşəbbüslər urbanizasiya prosesinin ekoloji ölçüsünü gücləndirir. Beləliklə, Azərbaycan şəhərləri təkcə bərpa olunmur, həm də yeni dövrün iqlim çağırışlarına cavab verən davamlı həyat məkanına çevrilir.
Mədəni irsin inteqrasiyası
Forum çərçivəsində diqqət çəkən digər məqam mədəni irsin müasir şəhərsalma proseslərinə inteqrasiyası idi. Azərbaycanın qədim şəhərləri olan Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan təkcə tarixi abidələrin bərpası ilə deyil, həm də bu irsin yeni şəhər dizaynına daxil edilməsi ilə fərqlənir. Bu, şəhərin ruhunu qoruyaraq müasirliyi inşa etmək fəlsəfəsidir. Mədəniyyətin bərpası olmadan şəhərin bərpası mümkün deyil prinsipi bu siyasətin əsasını təşkil edir.
Azərbaycan bu sahədə beynəlxalq urbanistik müstəvidə öz orijinal modelini formalaşdırır. Bu modelin mərkəzində insan amili dayanır. Şəhər planlaşdırılması yalnız binaların düzülüşü deyil, insanın sosial, psixoloji və ekoloji rifahını təmin edən sistem kimi nəzərdən keçirilir. Bu, Azərbaycan şəhərsalmasının ideoloji əsasını insan üçün şəhər fəlsəfəsini müəyyənləşdirir.
Regional tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq
NUFA3 Forumu həm də regional tərəfdaşlıqlar baxımından yeni imkanlar açdı. 65 ölkənin nümayəndələrinin iştirakı Azərbaycanın beynəlxalq urbanizm diplomatiyasının miqyasını göstərdi. Forum çərçivəsində Asiya, Afrika, Avropa və Yaxın Şərqdən gələn nümayəndələr Azərbaycan təcrübəsini öyrənmək və tətbiq etmək marağını ifadə etdilər. UN-Habitat ilə əməkdaşlıq bu sahədə mühüm beynəlxalq platforma rolunu oynayır. Azərbaycanın təşəbbüsü ilə formalaşan Cənubi Qafqaz üçün dayanıqlı şəhərsalma modeli region ölkələri üçün də nümunə ola bilər.
Bu kontekstdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin bağlanış çıxışında vurğuladığı kimi, NUFA3 həm milli, həm regional, həm də qlobal səviyyədə dialoqun güclənməsi baxımından mühüm mərhələ oldu. Bu platforma Azərbaycanın beynəlxalq urbanizm şəbəkəsində aparıcı tərəfdaş kimi tanınmasına xidmət edir.
Bakı qlobal urbanizm paytaxtına çevrilir
Forumun strateji zirvəsi isə 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlıdır. Gələn il Bakının bu mötəbər tədbirə ev sahibliyi edəcəyi faktı Azərbaycanın qlobal miqyasda urbanistik liderliyini təsdiqləyir. Bu, sadəcə beynəlxalq tədbir deyil, eyni zamanda, Azərbaycanın postmünaqişə inkişaf modelinin, iqlimədavamlı şəhər siyasətinin və regional əməkdaşlıq təşəbbüslərinin dünyaya təqdimatı olacaq.
Bu, həm də Azərbaycanın diplomatik uğurudur. Çünki Bakının WUF13-ə ev sahibliyi etməsi ölkəmizin BMT ilə çoxşaxəli əməkdaşlığının, xüsusilə də dayanıqlı inkişaf gündəliyinə verdiyi dəstəyin məntiqi nəticəsidir. Azərbaycanın təcrübəsi artıq təkcə regional deyil, qlobal səviyyədə də nümunə kimi təqdim olunur.
Nəticə etibarilə III Azərbaycan Milli Şəhərsalma Forumu bir daha göstərdi ki, Azərbaycan artıq təkcə enerji və nəqliyyat layihələri ilə deyil, həm də urbanizm və ekoloji diplomatiya sahəsində qlobal oyunçuya çevrilib. Bu, həm postmünaqişə dövrünün bərpa strategiyasının, həm iqlimədavamlı siyasətin, həm də milli kimliyi qoruyan modernləşmənin vəhdətidir.
NUFA3-ün Xankəndidən başlanıb Bakıda yekunlaşması Azərbaycanın yeni reallıqlarının beynəlxalq səviyyədə tanıdılmasının ən incə, lakin ən güclü formasıdır. Bu, Azərbaycanın gələcəyə yönəlik inkişaf fəlsəfəsinin ifadəsidir: şəhərlər təkcə daş-divardan ibarət deyil. Onlar azadlığın, rifahın və gələcək nəsillərə ötürülən milli ruhun daşıyıcısıdır.
Nigar Orucova, "İki sahil"