22 oktyabr 2025 11:30
249

Yubiley Bal Yarmarkası: Təbii Dadlar və Yerli İstehsalçılar Bir Arada

Azərbaycanın bal istehsalçılarını və balsevərləri bir araya gətirən ənənəvi tədbir – 25-ci Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası artıq öz fəaliyyətinə başlayıb. Builki yubiley yarmarkası *Kənd Təsərrüfatı Nazirliyi* tabeliyində fəaliyyət göstərən *Aqrar Tədarük və Təchizat ASC* və *Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Yarmarka 18 oktyabr – 9 noyabr tarixlərində *Nərimanov rayonu, “Gənclik” metrosunun çıxışı, “Atatürk” parkının qarşısında təşkil olunub. Burada ölkənin müxtəlif bölgələrindən gətirilən təbii və keyfiyyətli bal məhsulları satışa çıxarılıb.

Arıçılar üçün satış yerləri, yeni qablaşdırma, marketinq və PR dəstəyi, eləcə də digər zəruri xidmətlər təmin edilib. Hər bir arıçı yarmarkada *maksimum 400 kiloqram bal* və *30 ədəd arı şanı* satışa çıxara bilər.

“İki sahil” olaraq biz yarmarkada təqdim olunan məhsulların qiymət və keyfiyyətini izləyicilərimizə göstərmək, həmçinin yerli istehsalçılarla alıcılar arasında əlaqə qurmaq məqsədilə yubiley yarmarkasına üz tutduq.

Burada bol məhsul çeşidi, sərfəli və münasib qiymətlər dərhal diqqət çəkir. Hər stend səliqə ilə düzülüb və yubiley ruhunu əks etdirəcək şəkildə arı motivləri ilə bəzədilib. Arıçılar öz zəhmətləri ilə hazırladıqları bal və digər məhsulları həm alıcılara tanıdır, həm də balın təbii və keyfiyyətli olmasını əyani göstərirlər. Yarmarkaya gələn hər kəs buradakı canlı və isti atmosferi, həm məhsul çeşidinin zənginliyini, həm də istehsalçıların peşəkarlığını bir arada görə bilir.

Əgər siz də təbii və keyfiyyətli balın dadına baxmaq*, arıçıların əllərinin zəhmətini yerində görmək istəyirsinizsə - yarmarkaya gələ bilərsiniz.

Yaqut Ağaşahqızı, “İki sahil”