22 oktyabr 2025 23:58
141

Şəhidin xatirəsinə idman turniri

44 günlük haqq savaşımızda canı-qanı bahasına düşmənə layiqli cavab verən minlərlə qəhrəmanlardan biri də  2001-ci ildə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində  dünyaya göz açan Ümüd Qasımzadədir. Vətəninə, xalqına  ürəkdən bağlanan Ümüd  2002-ci ildə ordu sıralarına çağırılır. O, cəbhə bölgəsində xidmət edir, Vətən qarşısında borcunu şərəflə yerinə yetirir. İkinci Qarabağ müharibəsi başlayanda birincilər sırasında döyüşlərə atılır. Mərdliklə vuruşur, Vətən  torpaqlarının azadlığı naminə yağıya ağır itkilər verir. Füzulidə gedən savaşda xüsusi qəhrəmanlıq göstərir. Yağıya qarşı son damla qanına qədər döyüşüb, 19 yaşında oktyabrın 13- də  şəhidlik zirvəsinə ucalır. Əbədi olaraq ürəklərə köç edən Ümüd Qasımzadə  dövlət tərəfindən  ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə  fərqlənməyə görə “ və digər medallara layiq görülür.

Vətən sevdalı zəfər şəhidi Ümüd məktəb illərində idmanın ağırlıqqaldırma növünə marağı ilə seçilib.  Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də məşq edib. Qazandığı uğurları da çox olub. Belə ki, gənclər arasında Azərbaycan Çempionatında 2019 və 2020-ci illərdə gümüş medallarına sahib çıxıb. 2020-ci ildə Azərbaycan Çempionatında ikinci pilləyə qalxıb.

Bu günlərdə  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubunun birgə təşkilatçılığı, Cəlilabad Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə  Göytəpə şəhər 2 saylı  tam orta məktəbin idman zalında Vətən müharibəsi şəhidi Ümüd Qasımzadənin  əziz xatirəsinə həsr olunmuş ağırlıqqaldırma idman növü üzrə rayon turniri keçirilib.

Turnirin açılış mərasimində  Dövlət Himni oxunub, Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla  anılıb.

Çıxışçılar  bildiriblər ki, 44 günlük haqq savaşımızda  Vətən torpaqlarının azadlığı uğrunda qanları bahasına bizə qələbə sevincini yaşadan qəhrəmanların xatirəsi yaddaşlarda  yaşayacaq, heç vaxt unudulmaz. Şəhidlik ən müqəddəs bir zirvədir, ona sahib olanlar heç vaxt ölmürlər. Həmçinin bu cür yarışların təşkili gənclərin asudə vaxtlarının səmərəli  keçməsinə,  onlara sağlam həyat  tərzinin aşılanmasına, vətənpərvərlik ruhunda tərbiyəsində  bədən tərbiyəsi və idmanın rolunun artırılmasına,  ağır atletika idman növünün kütləviliyinə  nail olmağa əsaslanır.  

Turnirdə 8 çəki dərəcəsi üzrə 30 nəfər idmançı  qələbə uğrunda əzmlə mübarizə aparıb. Hər çəki dərəcəsi üzrə 1-ci, 2-ci, 3-cü yeri tutan qalib idmançılar diplom və medallarla təltif olunublar.

Tədbirdən sonra zəfər şəhidin  məzarı ziyarət edilib, ehtiram əlaməti olaraq ona təzə güllərdən çələng hörülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü