23 oktyabr 2025 00:13
128

Qadının qərarvermə bacarığı və daxili inamı onu yalnız cəmiyyətin gözündə deyil, həm də öz gözündə güclü edir

Cəmiyyət çox vaxt güclü qadını hər şeyi bacaran, heç vaxt yıxılmayan, ağlamayan biri kimi görmək istəyir. Qadının gücü yalnız dözümdə deyil, həm də duyğularını dərk etməkdə, sınsa belə yenidən qalxmaqda, həyatın çətinlikləri qarşısında kimliyini itirməməkdədir. Güclü qadın öz səsini boğmadan, başqalarının gözləntilərinə tabe olmadan yaşaya biləndir. O həm sevən, həm yaradan, həm də lazım gələndə susmağı bacarandır. Psixoloq Arzu Qurbanlı  İki sahil TV-yə müsahibəsində bu mövzuya aydınlıq gətirərək qeyd edib ki, güclü qadın obrazı çox zaman yanlış başa düşülür.  Cəmiyyət qadından daim möhkəm olmağı tələb edir, halbuki emosional zəiflik də insan olmağın təbii hissəsidir.

-Arzu xanım, cəmiyyətin güclü qadına dair güclü obrazı stereotiplərlə necə bağlıdır?

-Cəmiyyət çox vaxt qadın güclü obrazını müəyyən stereotiplərlə əlaqələndirir. Ənənəvi baxışa görə, güclü qadın hər çətinliyi təkbaşına daşıyan, ağlamayan, emosiyalarını göstərməyən, həm ailə, həm də iş həyatında mükəmməl olan insandır. Bu stereotiplər qadına əlavə sosial təzyiq yaradır və onun həqiqi gücünü görməyi çətinləşdirir. Stereotiplər həm də qadının özünü qiymətləndirməsinə təsir göstərir. Belə ki, cəmiyyətin gözləntilərinə uyğun davranmayan qadın “güclü deyil” və ya “uyğunsuz” kimi qiymətləndirilə bilər. Halbuki əsl güc yalnız dözümlülükdə deyil, qadının öz həqiqətinə sadiq qalmaq, emosiyalarını tanımaq və lazım gəldikdə “bacarmıram” demək cəsarətindədir. Beləliklə, cəmiyyətin qadına dair güclü obrazı ilə stereotiplər arasındakı əlaqə həm qadının sosial rolu, həm də psixoloji dayanıqlığı baxımından əhəmiyyətlidir. Müasir yanaşmalar qadının gücünü yalnız fiziki və maddi bacarıqlarla deyil, həm də mənəvi dayanıqlıq, emosional zəka və özünü tanıma bacarığı ilə ölçür.

-Peşə həyatında güclü qadın olmaq üçün hansı bacarıqlar vacibdir?

-Peşəkar sahədə güclü qadın olmaq yalnız vəzifələri vaxtında yerinə yetirmək və problemləri həll etməkdən ibarət deyil. Bu, həm də müəyyən bacarıqların inkişaf etdirilməsini tələb edir. İlk növbədə liderlik və kommunikasiya bacarıqları önəmlidir.  Güclü qadın həm komandada effektiv işləyə, həm də fikir və təşəbbüslərini düzgün çatdıra bilməlidir. Bundan əlavə, problemi həlletmə və qərarvermə bacarıqları qadının gücünü göstərən əsas göstəricilərdir. Çətin situasiyalarda soyuqqanlılıqla qərar qəbul edə bilmək və məsuliyyət daşımaq peşəkar imicini gücləndirir. Son olaraq adaptasiya və öyrənmə bacarığı müasir peşə həyatında uğurun açarıdır. Texnologiya, trendlər və iş tələbləri sürətlə dəyişir; güclü qadın daim inkişaf edir, yeni bilik və bacarıqlar əldə edir. Beləliklə, peşə həyatında güclü qadın  yalnız iş yükünü daşıyan deyil, həm də liderlik, qərarvermə, emosional dayanıqlıq və öyrənmə bacarıqları ilə özünü göstərən insandır.

-Təhsil güclü qadın olmağın formalaşmasında hansı rol oynayır?

-Qadınların şəxsiyyət kimi formalaşmasında təhsilin önəmi böyükdür. Yalnız akademik biliklərin əldə edilməsi deyil, həm də analitik düşüncə, problemi həlletmə bacarığı, qərarvermə və özünəinam kimi bacarıqların inkişafı qadının gücünü artırır. Güclü qadın, təhsil sayəsində öz hüquqlarını tanıyır, cəmiyyətdə öz mövqeyini müəyyənləşdirir  və özünü ifadə etmək, öz seçimlərini etmək və həyatın çətinlikləri ilə üzləşmək üçün lazım olan psixoloji dayanıqlığı verir. Bundan əlavə, təhsil qadınlara sosial şəbəkələr və mentorluq imkanları yaradır, bu da onların liderlik və təşəbbüskarlıq bacarıqlarını gücləndirir. Müasir dövrdə güclü qadın olmaq yalnız fiziki və maddi imkanlarla ölçülmür, həm də intellektual və emosional hazırlıqla birbaşa bağlıdır. Deyərdim ki, təhsil qadına həm bilik, həm bacarıq, həm də özünəinam verir. Bu da onun cəmiyyətdə daha aktiv, balanslı və səmərəli rol oynamasına şərait yaradır.

-Güclü qadınla özünüqoruma bacarığı arasında hansı əlaqə var?

-Özünüqoruma bacarığı qadına yalnız təhlükələrdən uzaq durmaq imkanı vermir, həm də qərarvermə prosesində sərbəstlik yaradır. Qadın bilməlidir  ki, nə vaxt “yox” demək lazımdır, hansı situasiyalarda kompromisə getmək, hansı hallarda isə mövqeyini qorumaq vacibdir. Bu balans onu həm şəxsi, həm də peşəkar həyatda dayanıqlı edir. Həmçinin güclü qadın özünüqoruma bacarığı ilə özünəinamını artırır. O, qarşılaşdığı çətinliklərə baxmayaraq daxili sükunətini qoruyur. Zorakı və ya manipulyativ münasibətlərə qarşı möhkəm dayanır.  Bu, onun yalnız fiziki deyil, həm də psixoloji cəhətdən güclü olmasını təmin edir.

-Lider qadınların nümunəsi gələcək nəsillərə necə təsir göstərir?

-Belə nümunələr gənc qadınların özünəinamını artırır, məqsədlərinə çatmaq üçün cəsarət və motivasiya verir. Onlar görür ki qarşıya qoyulan hədəflərə çatmaq üçün yalnız istək kifayət deyil, həm də davamlı təhsil, əməkdaşlıq bacarıqları və strateji düşüncə vacibdir. Lider qadınların nümunəsi, həmçinin cəmiyyətdə gender bərabərliyi anlayışını gücləndirir. Gənc nəsil qadınlar və kişilər görürlər ki, qadın rəhbərlik edə, təşəbbüs göstərə və sosial-iqtisadi proseslərdə fəal rol oynaya bilər. Bu, stereotipləri zəiflədir və gələcək nəsillərdə daha ədalətli və inklüziv düşüncə tərzinin formalaşmasına şərait yaradır.

-Qadın öz yolunu seçəndə cəmiyyət onu güclü sayır, yoxsa inadkar?

-Ənənəvi düşüncə tərzinə malik mühitlərdə qadının müstəqil qərar verməsi bəzən inadkarlıq və ya uyğunsuzluq kimi qiymətləndirilir. Lakin müasir baxışa görə qadın seçimlərini sərbəst etdikdə, dəyərlərinə sadiq qalaraq və həyatda aktiv rol oynayaraq əsl güc və müstəqillik nümunəsi nümayiş etdirir. Qadınların müstəqil qərar verməsi həm də cəmiyyətdə stereotiplərin dəyişməsinə təsir göstərir. İnsanlar görürlər ki, qadın yalnız başqasının iradəsinə tabe olmur, həm də öz prinsip və hədəflərinə uyğun yaşaya bilir. Bu, qadının sosial və psixoloji dayanıqlığını gücləndirir və onun liderlik, təşəbbüskarlıq kimi keyfiyyətlərini ortaya çıxarır. Göründüyü kimi, qadın öz yolunu seçərkən cəmiyyətin reaksiyası bəzən qarışıq olsa da, əslində bu, onun gücünü və müstəqilliyini göstərən bir göstəricidir. Qadının qərarvermə bacarığı və daxili inamı onu yalnız cəmiyyətin gözündə deyil, həm də öz gözündə güclü edir.

-Asılılıq qadının özünü tanımasına və inkişafına mane ola bilərmi?

-Həddindən artıq asılı qadın başqalarının qərar və təsirinə çox tabe olur, bu da onun özünü tanımaq və daxili potensialını kəşf etmək imkanlarını məhdudlaşdırır. Eyni zamanda, asılılıq qadının özünəinamını zəiflədir. O, həyatda atdığı addımlarda başqalarının təsdiqinə ehtiyac duyur və bu da müstəqil qərarvermə bacarığını məhdudlaşdırır. Bu davranış modeli onun  həm peşəkar, həm də şəxsi həyatında maneələr yaradır, inkişaf və özünüinkişaf proseslərini ləngidir. Buna görə də qadının emosional və sosial müstəqilliyini gücləndirmək, öz dəyərlərini və istəklərini tanımaq və sərbəst şəkildə həyatını yönləndirmək üçün asılılıqdan qurtulması vacibdir. Özünü tanımaq və inkişaf etmək üçün qadın həm psixoloji dəstək, həm də şəxsi refleksiya vasitəsilə bu asılılıqdan çıxış yollarını axtarmalıdır.

-Psixoloji dəstək və terapiya asılılıq davranışlarının dəyişməsində hansı rol oynayır?

-Psixoloji dəstək və terapiya  asılılıq davranışlarının dəyişməsində əhəmiyyətli rol oynayır. Asılı qadınlar çox vaxt emosional və sosial çətinliklərlə üzləşir, özünü tanımaq və sərbəst qərar verməkdə çətinlik çəkirlər. Terapiya bu prosesdə qadına daxili resurslarını kəşf etməyə, öz duyğularını düzgün ifadə etməyə və sağlam münasibətlər qurmağa kömək edir. Mütəxəssis rəhbərliyi ilə həyata keçirilən fərdi və ya qrup seansları qadının davranış nümunələrini analiz etməsinə, asılılıq yaradan vərdiş və inancları müəyyənləşdirməsinə imkan yaradır. Bu, qadının həm emosional, həm də sosial müstəqilliyini bərpa etməsinə dəstək olur. Psixoloji dəstək qadına, həmçinin stress və gərginlik vəziyyətlərində sağlam üsullarla reaksiya verməyi, öz sərhədlərini qorumağı və qərarvermə bacarığını inkişaf etdirməyi öyrədir. Bununla da terapiya vasitəsilə qadın yalnız asılılıq davranışlarını dəyişmir, həm də özünəinamını artırır, həyatını daha balanslı və məqsədyönlü şəkildə idarə etməyi öyrənir.

-Arzu xanım, cəmiyyətə güclü qadınlar lazımdır, yoxsa asılı?

-Cəmiyyətin inkişafı üçün güclü qadınlar vacibdir. Belə qadınlar yalnız öz həyatını deyil, eyni zamanda ailəsini, iş mühitini və cəmiyyətin ümumi rifahını da inkişaf etdirir. Asılı qadın isə çox vaxt başqalarının qərar və təsirinə bağlı olur. Özünü tam ifadə edə və şəxsi potensialını tam şəkildə reallaşdıra bilmir. Bu,həm onun psixoloji və emosional inkişafına mane olur, həm də cəmiyyət üçün yararlı rol oynamasını məhdudlaşdırır. Müasir baxışa görə, cəmiyyətin rifahı üçün qadınların güclü olması vacibdir. Güclü qadınlar yalnız müstəqil və qərarlı olmaqla kifayətlənmir, həm də sosial məsuliyyət daşıyır, stereotipləri qırır və gələcək nəsillərə nümunə göstərir.

Şəmsiyyə Əliqızı, “İki sahil”