23 oktyabr 2025 12:19
113

Azərbaycan-Qazaxıstan: regional əməkdaşlığın yeni geosiyasi modeli

2025-ci ilin 20-21 oktyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana rəsmi dövlət səfəri çərçivəsində keçirilmiş görüşlər, razılaşmalar və strateji təşəbbüslər yalnız iki ölkə arasında əməkdaşlığın dərinləşməsini deyil, həm də bölgədə yeni geosiyasi və geoiqtisadi reallıqlar şəraitində Azərbaycanın mövqeyinin güclənməsinə işarə edir.

Qeyd edək ki, Azərbaycanla  Qazaxıstan arasındakı dövlətlərarası münasibətlərin əsası ulu öndər Heydər Əliyev dövründə (1993-2003) qoyulmuşdur. Diplomatik əlaqələrin bərpası, Xəzər dənizinin hüquqi statusu, kənd təsərrüfatı və enerji sahəsində ilkin əməkdaşlığın formalaşması məhz həmin illərin məhsuludur. 2005-ci ildə  iki ölkə arasında “Strateji tərəfdaşlıq və ittifaq münasibətləri haqqında” imzalanmış müqavilə münasibətlərin hüquqi bazası möhkəmlənməsində mühüm rol oynamışdır. Bu mərhələdə əsas diqqət həm də müstəqil dövlət olaraq Azərbaycanın xarici siyasətdə möhkəmlənməsi və türk dünyası çərçivəsində münasibətlərin inkişaf etdirilməsi idi.

Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan-Qazaxıstan əlaqələri sürətlə dəruinləşməyə davam etmiş və yeni mərhələyə qədəm qoymuşdur. Əgər əvvəlki dövrlərdə münasibətlər daha çox diplomatik bərqərarlaşma və ilkin əməkdaşlıq üzrə idisə, son 20 ildən artıq müddət ərzində bu əlaqələr funksional və infrastruktur istiqamətli olaraq strateji xarakter almışdır.

Bu tendensiya Prezident İlham Əliyevin Qazaxıstana son dövlət səfəri çərçivəsində yenidən təsdiqlənmişdir. Oktyabrın 21-də cənab İlham Əliyev və Kasım‑Jomart Tokayev arasında keçirilən təkbətək görüşdən sonra iki ölkə arasında mühüm sənəd mübadiləsi baş tutmuşdur. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Prezidentlərinin Birgə Bəyanatı qəbul olunmuş və İkinci Ali Dövlətlərarası Şuranın qərarları imzalanmışdır.

Səfər çərçivəsində ikitərəfli əlaqələrin bütün sahələrdə – siyasi, iqtisadi, nəqliyyat-logistika, energetika, rəqəmsal infrastruktur – genişləndirilməsi ilə bağlı niyyət ortaya qoyulub. İkitərəfli ticarət dövriyyəsinin qarşıdakı dövrdə 1 milyard ABŞ dolları səviyyəsinə çatdırılması hədəflənir. Xüsusilə “Orta Dəhliz” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində əməkdaşlığın aktivləşməsi ön plana çıxıb. Qazaxıstanin Aktau, Kurik limanları ilə, Azərbaycanın Bakı/Ələt limanları arasında infrastrukturun gücləndirilməsi nəzərdə tutulur.

Əhəmiyyətli məqamlardan biri də odur ki, yeni geosiyasi-geoiqtisadi reallıqlar kontekstində son illər Azərbaycan-Qazaxıstan əlaqələrinin əhəmiyyəti daha da aktuallaşmışdır. Bu səfər bir daha təsdiq etdi ki, Xəzər, Orta Asiya, Cənubi Qafqaz regionlarında yeni oyunçuların və marşrutların formalaşması fonunda Bakı və Astana özünü daha aktiv və mühüm aktor kimi göstərməkdədirlər. Başqa sözlə,  Azərbaycan-Qazaxıstan əməkdaşlığı yalnız ikitərəfli ticarət üçün deyil, Avrasiya inteqrasiyası üçün strateji qovşaq rolunu oynayır. Bu isə Azərbaycanın geoiqtisadi baxımdan ciddi üstünlüyünü təmin edən faktorlardan biriridir.

Rusiya-Ukrayna münaqişəsi, Cənubi Qafqazda yeni təhlükəsizlik dinamikası, Çin-Avropa ticarət marşrutlarının yönünün dəyişməsi kimi amillər fonunda Orta Dəhliz alternativ tranzit yoluna çevrilməqdəbdir. Azərbaycan bu layihədəki strateji mövqeyini yalnız neft-qaz ixracatçısı olaraq deyil, logistik və nəqliyyat keçid ölkəsi kimi möhkəmləndirir. Qazaxıstanla bu istiqamətdə əməkdaşlıq isə bu mövqeyi gücləndirir.

Azərbaycan-Qazaxıstan əlaqələrinin möhkəmlənməsi Cənubi Qafqazdakı qlobal təsirlərin dəyişdiyi bir dövrdə baş verir. Bu, həm də regionda yeni  oyun qaydalarının formalaşmasını təklif edən Baku üçün əlavə çeviklik deməkdir. Səfər çərçivəsində Azərbaycan Prezidentinin dilindən Bakı və İrəvan arasında tranzit yolunun tam açılması ilə bağlı ismarıclar səsləndi ki, bu da, bir tərəfdən ölkəmizin bölgədə sülh və əməkdaşlıq ideyalarına sədaqətinin, digər tərəfdən isə Azərbaycanın regional inteqrasiyada mühüm rolunun göstəricisi kimi dəyərləndirilməlidir.

Beləliklə, Qazaxıstanla strategiya baxımından yaxınlaşmaq Azərbaycan üçün Qafqazda yalnız qonşu ölkələrlə deyil, Mərkəzi Asiya ölkələri ilə də logistik və iqtisadi bağlantıları genişləndirmək deməkdir. Bakı-Astana əməkdaşlığı həmçinin, türk dünyası kontekstində Türk Dövlətləri Təşkilatı və digər regional strukturlarda Azərbaycanın mövqeyini gücləndirmiş olur. Bu dinamika Azərbaycanın beynəlxalq arenada və regionun gələcəyində həlledici rol almağa imkan verir.

Bu səfər Azərbaycanın həm mədəni-ideoloji, həm də strateji müstəvidə regional mərkəz olaraq qəbul edilməsinə mühüm töhfə vermis oldu. Qazaxıstan kimi nüfuzlu ölkə ilə artan əməkdaşlıq bu obrazı daha da möhkəmləndirir və  qarşıda duran konkret çağırışların və imkanların müəyyənləşməsini şərtləndirir.

Beləliklə, Prezident İlham Əliyevin Astanaya dövlət səfəri ilk növbədə Azərbaycan və Qazaxıstan münasibətlərində yeni mərhələnin açılışının simvolu kimi mədəni-tarixi bağlara, ortaq türk mənəvi köklərə malik iki qardaş xalqın birliyinin təcəssümüdür. Lakin bu hadisə təkcə dost dövlətlərin siyasi və iqtisadi əməkdaşlığının təşviqi ilə deyil, həm də regional və beynəlxalq müstəvidə strateji məzmunu ilə ortaq tariximizə yazılmış yeni diplomatik uğur kimi dəyərləndirilməlidir.

Əli Hüseynli,
​Milli Məclisin deputatı