23 oktyabr 2025 12:48
126

Ortaq mənəvi dəyərlər, siyasi etimad, iqtisadi dinamika və gələcəyə yönəlik strateji hədəflər

Astanada keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi və regional əməkdaşlığın yeni mərhələyə yüksəlməsi baxımından mühüm hadisə olub. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin birgə iştirakı ilə baş tutan görüş bir daha göstərir ki, yaxın dost və qardaş olan bu dövlətlər Avrasiya məkanında sabitlik və inteqrasiyanın aparıcı qüvvələrindən hesab olunurlar.

İki xalqı birləşdirən ortaq mədəni dəyərlər, türk kimliyi və çoxəsrlik dostluq ənənəsi bu gün dövlətlərarası münasibətlərin sabit təməlini təşkil edir. Mətbuata bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. Müstəqilliyin ilk illərindən etibarən Qazaxıstan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqelərini müdafiə edib, BMT və digər təşkilatlar çərçivəsində ölkəmizin ədalətli mövqeyinə səs verib. Bu qardaşlıq münasibətləri regional inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilib.

2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsasını qoyub. Qazaxıstan bu prosesi ilk dəstəkləyən dövlətlərdən biri olaraq sülh təşəbbüslərinə verdiyi müsbət reaksiya ilə diqqət çəkir. Bu gün regionda yeni əməkdaşlıq formatı formalaşır, iqtisadi, nəqliyyat və humanitar sahələrdə birgə fəaliyyət vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiya vahid inkişaf məkanına çevrilir. Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, Qazaxıstan taxılının bu marşrutla daşınması da bu yeni mərhələnin real nəticələridir.

Astanadakı görüşdə müzakirə edilən əsas məsələlərdən biri Zəngəzur dəhlizi layihəsi olub. Azərbaycan ərazisində avtomobil və dəmir yolu infrastrukturunun tikintisi artıq tamamlanmaq üzrədir və bu, Asiya ilə Avropa arasında logistik sistemin yeni əsasını formalaşdıracaq. Zəngəzur dəhlizi nəqliyyat marşrutu olaraq həm də Avrasiya regionunun iqtisadi və siyasi inteqrasiyasını təmin edən strateji mexanizmdir. Həmin layihə ilə Azərbaycan və Qazaxıstan Avropa-Asiya ticarət xəritəsində aparıcı mövqe qazanaraq regionun enerji və yük daşımalarının əsas mərkəzinə çevrilirlər. Dövlətimizin başçısı bəyanatında vurğulayıb ki, ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər.

Prezident İlham Əliyev çıxışında Qazaxıstanın Qarabağın bərpasına verdiyi töhfəni minnətdarlıqla qeyd edib. Füzulidə açılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu qardaşlığın və dostluğun təzahürü kimi tarixə düşüb. Bu təşəbbüs təkcə humanitar əməkdaşlığın deyil, həm də xalqlar arasında qarşılıqlı hörmətin təcəssümüdür. Qazaxıstanın Böyük Qayıdış prosesinə verdiyi dəstək Qarabağın bərpasında həm mənəvi, həm də praktiki əhəmiyyət daşıyır və xalqlar arasında sarsılmaz dostluğun göstəricisidir.

Dövlət başçılarının mətbuata bəyanatlarında enerji sektorunda, xüsusilə Xəzər dibi ilə elektrik kabelinin tikintisi üzrə üçtərəfli layihənin əhəmiyyəti diqqətə çatdırılıb. Bu layihə regionun enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, yaşıl enerji sistemlərinin inteqrasiyasına xidmət edir. Bununla yanaşı, Birgə İnvestisiya Fondunun fəaliyyəti və artan əmtəə dövriyyəsi iki ölkə arasında iqtisadi münasibətlərin praktiki tərəfini gücləndirir. Bu, həm də dövlətlərarası əlaqələrin yalnız siyasi deyil, real iqtisadi əsaslara söykəndiyinin göstəricisidir.

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada bir-birinə dəstək verən strateji tərəfdaşlardır. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər qurumlarda nümayiş etdirilən vahid mövqe regional sabitlik və həmrəyliyin təməl prinsipinə çevrilib. Gələn il Bakıda keçiriləcək İƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitlərinə Qazaxıstanın fəal dəstəyi bu birliyin möhkəmliyini bir daha nümayiş etdirəcək.

Astanada keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası Azərbaycan–Qazaxıstan münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Siyasi etimad, iqtisadi dinamika, mədəni yaxınlıq və humanitar həmrəylik üzərində qurulan bu münasibətlər Avrasiya regionunda sabitliyin, iqtisadi rifahın və sülhün təminatçısı rolunu oynayır. Azərbaycan və Qazaxıstanın strateji tərəfdaşlığı artıq qlobal əhəmiyyət daşıyan inteqrasiya modelinə çevrilir. Dövlətlərarası münasibətlər ortaq dəyərlər və qarşılıqlı etimada əsaslanan sabit tərəfdaşlıq nümunəsidir.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı