25 oktyabr 2025 00:57
202

“9 manat pulla Bakıya gəldim, gecə saat 03:00-da Heydər Əliyevlə görüşdüm” - Professor İzzət Rüstəmovla müsahibə

Fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Sosiologiya fakültəsinin məsləhətçisi İzzət Rüstəmov “İki sahil”ə müsahibə verib.

93 yaşlı ziyalımız Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Məzahir Rüstəmovun atasıdır.

Hörmətli professorun keçdiyi həyat yolu, xatirələri, elm və təhsillə bağlı düşüncələrini öyrənməyə çalışdıq.

Qısa arayış:

İzzət Rüstəmov Azərbaycan fəlsəfi fikrinin formalaşmasında mühüm rolu olan şəxsiyyətlərdəndir. O, 70 illik elmi fəaliyyətində həm pedaqoji, həm də fəlsəfi sahədə böyük xidmətlər göstərib.

Onun “Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri” monoqrafiyası və “N. Çernışevski və Azərbaycanda ictimai fikir” (akademik Firudin Köçərli ilə birlikdə) kitabı ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib.

İnsan hər zaman düzgün təfəkkürlə işləməlidir...

-İzzət müəllim, bir müddət əvvəl müsahibə üçün müraciət edəndə səhhətinizdə bir az narahatlıq olduğunu öyrəndim. Özünüzü necə hiss edirsiniz?

-İndi xeyli yaxşıyam, lakin müalicəm davam edir. Həkimlərin məsləhəti ilə  gəzməyə çıxıram, yavaş-yavaş idman hərəkətləri edirəm. Dərmanları vaxtında  qəbul etdikdə və gəzintiyə çıxdıqda səhhətim də yaxşı olur.

-Maraqlıdır, xəstələnəndə daha çox həkimlərə güvənirsiniz, yoxsa təbii vasitələrə-türkəçarəyə yönəlirsiniz?

- Əvvəl onu deyim ki, təbii yolla müalicə vasitələrini, bəlkə də ən yaxşı bilənlərdənəm. Vaxtilə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Fəlsəfə şöbəsində oxuyarkən bir çox elmlər tədris olunurdu. Bundan əlavə, həm kəndimizdə, həm də burada fitoterapiya ilə maraqlanmışam. Bəzən zarafatla deyirəm ki, arada dərmanları qəbul etməyim, bədən bir az istirahət etsin. Əlbəttə, ilk növbədə ağıllı, bilikli və təcrübəli həkimin yanına getmək lazımdır. Bəzən elə məsləhətlər verirlər ki, düşünürsən-axı belə deyil...

Deyim ki, gicitkən, əvəlik, kəklikotu, bağayarpağı, solmazçiçəyi və digər bitkilər çox faydalıdır. Yeri gələndə istifadə edirəm. Məsələn, gicitkəni çaya qatıb içirəm (kağızın arasında gicitkən qurusunu göstərir).

 Hər bitki yetişdiyi torpağın dadını verir.

– Yeri gəlmişkən, Gədəbəyin Düzrəsullu kəndində doğulub-böyümüsünüz. Uşaqlığınızdan, o illərin gün-güzəranından danışardınız. Nələr üçün burnunuzun ucu göynəyir?

– Biz çoxuşaqlı ailə olmuşuq – yeddi qardaş, bir bacı idik. Bacım məndən üç yaş kiçikdir. Nəsil olaraq uzunömürlüyük. Kəndimizin insanları zəhmətkeş, övladının tərbiyəsinə diqqət yetirən insanlar olub. Ən böyük qardaşım uşaq vaxtı dünyasını dəyişib. İndi həyatda olmayan bir qardaşım – İsmayıl müəllim – APİ-nin coğrafiya fakültəsini bitirmişdi. Qalan beş qardaş hamımız Bakı Dövlət Universitetini (BDU) bitirmişik. Mən Tarix fakültəsinin Fəlsəfə şöbəsinidə oxumuşam.

Atam özü əlifbanı güclə bilirdi, amma çox elmsevər insan idi. Bizim oxumağımıza çox fikir verirdi. O zaman savadsızlığın ləğvi prosesi aparılırdı. Anam da həmin imkandan yararlanaraq təhsil alırdı. Çox dərrakəli qadın idi.

Uşaqlığım  müharibə dövrünə düşüb. O zaman hər kəs müharibədə qələbə qazanılması üçün çalışırdı. Döyüşə gedənlərin çoxu qayıtmadı. Əmioğlanlarım, dayım həlak oldular. Hər kəsin doğması cəbhədə idi, ona görə də görülən bütün işlər canla-başla edilirdi.

1949-cu ildə Çayrəsullu orta məktəbini bitirəndə qardaşım APİ-də oxuyurdu. Atama məsləhət gördülər ki, qoy əvvəlcə İsmayıl bitirsin, sonra İzzəti oxudarsan. O isə dedi: “Mən atımı satacağam, İzzəti oxudacağam”. O zamanın doqquz manat pulu ilə Bakıya gəldim, BDU-ya daxil oldum və beləliklə, təhsilimi davam etdirdim.

-Bakı şəhərinə gəlməsəydiniz, bugünkü pilləyə yüksələ bilərdinizmi?

- Hər dövrün öz dialektikası, xüsusiyyəti və tələbləri var. Mən bütün dövrlərdə çalışmışam ki, düzgün təfəkkür və yanaşma ilə işləyim. İnsan necə olmalıdır? Hər zaman çalışqan. Mən belə olmuşam. Orta məktəb evimizdən yeddi kilometr uzaqda idi. Gedəndə yüyürə-yüyürə  gedirdik. Gələndə bir az ləng gələrdik. Təpəlik vardı. Orada oturub  riyaziyyat misallarını həll edər, sonra evə gedərdik. Evdə isə təsərrüfat işləri ilə məşğul olardıq.

O vaxt bizə dərs deyən müəllimlərin cəmi ikisi ali təhsilli idi. Qalanları orta təhsilli, amma çox istedadlı insanlardı. İndi o gözəl müəllimləri həsrətlə xatırlayıram. Bədir müəllim – riyaziyyat müəllimim – iri portfeli var idi, çox səliqəli və ciddi insan idi.

Onu da  deyim ki, mən məktəbi əla qiymətlərlə bitirmişdim. Qızıl medal almalı idim, amma nəsə vermədilər (gülür).

-Sizi fəlsəfəyə gətirən əsas motiv nə olub?

– Qohumlarım istəyirdi ki, Tibb İnstitutuna gedim. Amma mənim bütün elmlərə marağım var idi. Elə bir sahədə təhsil almaq istəyirdim ki, orada bütün elmlər keçilsin. Kəndin kənarında quzu otarırdım, qohumlardan olan Zirəddin müəllim dedi ki, “fəlsəfə şöbəsində bütün elmlər öyrədilir, Firudin Köçərli də orada oxuyur”. Dedim ki, mən də Firudin Köçərlinin oxuduğu yerə gedəcəyəm. O vaxt universitetin rektoru akademik Abdulla Qarayev idi. İmtahanları verdim və qəbul olundum.

– Fəaliyyətiniz əsasən elmlə bağlı olsa da, 1994–1999-cu illərdə Azərbaycan Respublikasının Baş nazirinin müavini vəzifəsində çalışmısınız. Məmur kimi fəaliyyət göstərmək çətin olmadı?

– 1973–1977-ci illərdə Bakı Dövlət Universitetində partiya komitəsinin katibi işləmişəm. Oradan Azərbaycan Sənaye İnstitutuna kafedra müdiri getdim.

Baş nazirin müavini necə oldum?

 1994-cü ildə Heydər Əliyev məni yanına dəvət etdi. Xatırlayıram, həmin gün qar yağırdı. Gecə idi, çətinliklə getdim. Səhərə yaxın – saat üçdə məni qəbul etdi. İşlər çox idi, Heydər Əliyev bəzən səhərə qədər kabinetində işləyirdi. Onu əvvəldən tanısam da, həmin gün nə üçün məni çağırdığını bilmirdim.

Söhbət zamanı dedi ki, səni humanitar işlər üzrə Baş nazirin müavini təyin edirəm. Mənə qəribə gəldi, çünki o vaxt mənə “Əməkdar elm xadimi” adı üçün təqdimat verilmişdi. Elə bildim, onu təsdiqləyəcək. Amma çox səmimi söhbət etdi və bu təyinatı elan etdi. “Hazırlaş, dekabrın 8-də İtaliyaya gedəcəksən”-dedi.

Beləcə, mənim üçün gərgin fəaliyyət dövrü başladı.

Qaçqınların problemləri ilə məşğul olurdum. Beynəlxalq humanitar yardımlar vasitəsilə evlər tikilirdi.  İşlər yaxşı gedirdi. Amma bəzən qısqanclıq edənlər, mane olanlar da olurdu...

Dünya liderləri Onun yanında özlərini ehtiyatlı aparırdılar...

- Ümummilli Lider Heydər Əliyevlə münasibətiniz necə yaranıb?

- Heydər Əliyev təhsil aldığı dövrdə mən də paralel qrupda, rus sektorunda dərs deyirdim. O zaman birbaşa tanış deyildik. Daha sonra mən universitetin partiya komitəsinin katibi işləyirdim, Heydər Əliyev isə Mərkəzi Komitənin birinci katibi idi. 1974-cü ilin aprel ayında məni qəbul etdi. Həmin vaxtdan görüşmələrimiz başladı, Onun bir çox tədbirlərində iştirak edirdim.

-Heydər Əliyevi bir şəxsiyyət kimi necə xatırlayırsınız?

-O, çox böyük şəxsiyyət idi. Sadə, amma eyni zamanda sərt, məntiqli bir insan idi. Hər bir addımında düşünülmüş qərarlar verirdi. Onunla ünsiyyətdə olan hər kəs bunu hiss edirdi. Hətta Bill Klinton və Corc Buş – həm ata, həm oğul – onu qonaq çağıranda belə, Heydər Əliyevin yanında ehtiyatlı davranırdılar. O, Azərbaycanda siyasətin və diplomatiyanın yaradıcısı idi.

Allaha şükürlər olsun ki, Prezident İlham Əliyev də təkcə Heydər Əliyevin oğlu olmaqla qalmır. Onun nəsihətlərini, təcrübəsini yüksək səviyyədə davam etdirir və qlobal miqyasda tanınan bir diplomat kimi formalaşıb.

-İzzət müəllim, həyatınız boyu bir neçə müharibə dövrü keçmisiniz. Müharibə haqqında düşüncələrinizi öyrənmək maraqlıdır...

-Müharibə iki cür olur: biri ədalətli – Vətənin qorunması uğrunda müharibə, digəri isə işğalçı müharibə. II Dünya müharibəsi Hitlerin başladığı işğalçı müharibə idi. Azərbaycan oğulları həmin müharibədə yaxından iştirak etdilər. Bir çox igidlərimiz Vətən uğrunda canlarını verdilər. Azərbaycanın o Qələbədə böyük payı var idi. Həm neftimizin, həm də qəhrəman əsgərlərimizin qələbənin qazanılmasında əvəzsiz yeri olub. O vaxt mən uşaq idim, amma hamı bilirdi ki, bu, bizim tərəfdən ədalətli müharibə idi. Qohumlarımız, qonşularımız cəbhəyə getmişdi, bir çox ailələr başsız qalmışdı.

Məzahir son qumbaranı özü ilə birlikdə partlatdı...

- Övladınız – Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmov 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb. Sizinlə eyni taleyi yaşayan ata-analara nə demək istərdiniz?

-Məzahir böyük övladım idi. Çox savadlı, elmdə gələcək vəd verən bir insan idi. Müxtəlif yerlərdə çalışmışdı. Sonuncu iş yeri Dövlət Mətbuat Komitəsi idi. O vaxt Sabir Rüstəmxanlı komitə sədri, Nərmiman Həsənzadə isə onun müavini idi. Həmin günlərdə vəziyyət çox gərgin idi. Bir gün gəldi “Vətən dardadır, biz gedirik”-dedi.

Özümü çox pis hiss etdim. Bağçaya getdim, başımı aşağı salıb oturdum. Əlini kürəyimə vurdu və sakitləşdirməyə çalışdı. Amma qərarından dönmədi. Qızı Təhminə doğulandan cəmi 20 gün sonra döyüşə yollandı.

Məzahir əmim oğlu Cahangir Rüstəmov və Sahib Rüstəmovla bir yerdə döyüşürdü. İndi onların üçü də şəhiddir.

Kim desə ki, “övladım şəhid olub, amma mən yanmıram”, inanın, o, düz demir. Ürəyə dağ çəkilir. Məzahir Böyük Vətən Müharibəsi Qəhrəmanı Həzi Aslanovun heykəlindən bir az aralıda, Şəhidlər xiyabanında birinci sırada dəfn olunub. O, mənim böyük oğlum idi, 1960-cı il martın 2-də anadan olmuşdu. Onunla bağlı çox böyük ümidlərim vardı. Savadlı idi, dissertasiya müdafiə etməyə hazırlaşırdı. Amma vəzifəni, elmi karyerasını ataraq müharibəyə getdi. Mən onunla qürur duyur, fəxr edirəm.

Bir xatirəni danışım. O zaman döyüşçülərin silahı  az idi. Bir dəfə bizə döyüş qumbaraları gətirdilər. Həyat yoldaşım Rəfiqə xanımla bir vedrəyə qum doldurub o qumbaraları Gədəbəyə, onun döyüşdüyü yerə apardıq. Rəfiqə xanım özü də  döyüşçü qadındır. Vaxtilə səngərlərdə, döyüşçülərin arasında çox olub. Məzahir son döyüşündə tək qalır. Amma geri çəkilmir. Qalan son qumbaranı partladır və özü də həlak olur. O, həyatını Vətən uğrunda qurban verdi. Şəhid atası, Milli Qəhrəman atası olmaq böyük fəxrdir. Məzahir həm yaşayanda fəaliyyəti, həm də ölümü ilə Vətənə xidmət etdi.

Birinci Qarabağ müharibəsində bəzən uğursuzluqlarımız olsa da, böyük qəhrəmanlıqlar da oldu. Oğullarımız döyüşməyi öyrəndilər. Mənim oğlum da o qəhrəmanlardan biri idi. Onun itkisi mənim üçün əbədi ağrıdır, amma eyni zamanda qürur mənbəyidir. Hər yerdə Məzahirin igidliyindən danışılır. Onun övladı Təhminə də atasının adını uca tutur. Vaxtilə Heydər Əliyev Təhminəni görəndə çox kövrəlmişdi. Onu qucağına götürəndə az qala ağlayacaqdı. Həmin an çəkilən foto sonradan çox simvolik bir xatirəyə çevrildi...

-İzzət müəllim, bir az da təhsilin hazırkı vəziyyəti ilə bağlı danışaq. Elm və Təhsil Nazirliyinin məlumatına görə, dövlət ildə təhsilə 5 milyard manat xərcləyir. Sizcə, bu vəsait öz səmərəsini verirmi?

-Təhsilə dünyada gedən qlobal proseslərdən ayrı baxmaq olmaz. Dünya dəyişdikcə, təhsil də dəyişir. Bir zamanlar elə məktəblər var idi ki, orada kompüter nə olduğunu belə bilmirdilər. İndi isə kompütersiz təhsil ocağını təsəvvür etmək mümkün deyil.

Məsələn, Bakı Dövlət Universitetini götürək – müasir laboratoriyalar, kompüter otaqları, yaxşı şərait yaradılıb. İndi süni intellektdən, robot texnologiyalarından danışılır.

Elm və Təhsil Nazirliyi bu gün fəallıq nümayiş etdirir. Problemlərin hamısını onların üzərinə atmaq doğru deyil. Təhsil sistemi daim yenilənməlidir. Məsələn, mən hazırda Sosiologiya kafedrasında məsləhətçi professoram və görürəm ki, təkmilləşmə prosesi gedir.

Sovet dövründən yaxşı olan dəyərləri saxlamaq lazımdır: kitaba hörmət, biliyə hörmət, dərindən oxumaq, ciddi araşdırma aparmaq. Biz arxivdə elə işləyirdik ki, oradan çıxanda belimiz bükülürdü – yorğunluqdan, amma həm də gördüyümüz işin ləzzətindən.

Bəzən deyirlər ki, valideynlər uşaqları telefondan uzaq tutmalıdır. Amma gərək düzgün yönləndirsinlər. Uşaqlar əvvəllər həyətlərdə oynayır, hərəkət edirdilər. İndi isə telefonu əlindən alınan uşaq ağlayır. Bu, dövrün dəyişməsidir.

Təhsil əvvəlki kimi qala bilməz. Müasir dövrün tələblərinə uyğunlaşmaq lazımdır. Rəqəmsallıq, süni intellekt, yeni texnologiyalar öyrənilməlidir. Müəllimlər arasında mənəvi dəyərləri pozanlar varsa, onlar cəzalandırılmalıdır.

Ayinəsi işdir kişinin, lafa baxılmaz...

-Bu il AMEA-nın yaradılmasının 80 illiyi qeyd olunur. Artıq bir sıra institutlar birləşdirilib, əksəriyyəti Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Sizcə, bütün bunlar ölkədə elmin inkişafı üçün yetərli olacaqmı?

-İnstitutların yenidən qurulması müsbət addımdır, amma yetərli deyil. Ən vacib problemlər: maliyyə dəstəyi, elmi mühitin canlandırılması, gənc alimlər üçün iş imkanlarının yaradılması ilə bağlıdır.

Elm canlı orqanizmdir -daim yenilənməli, texnologiyanın və zamanın tələblərinə uyğun inkişaf etməlidir.

Kimsə akademiyadan dünyanı dəyişdirməsini istəyir, amma bu, təkcə istəklə olmur. Alim aldığı maaşla dolana bilmir, bir neçə yerdə dərs deyir, kitab yazır, elmi fəaliyyətini davam etdirir.

Türk şairi Ziya paşanın mǝşhur misraları var: “Ayinǝsi işdir kişinin, lafa baxılmaz,. Şǝxsin görünür rütbeyi-ǝqli ǝsǝrindǝ”.

Əsəri və kəsəri olmayan adamı alim adlandırmaq olmaz.

Digər tərəfdən, ali məktəblərdə dərs deyən müəllimlərdən akademik səviyyədə kitab tələb etmək düzgün deyil.

Müəllim özü hazır olmalı, çox oxumalı və tələbəsini düzgün yönləndirməlidir.

1954-cü ildən müəllim kimi çalışıram. İllərin təcrübəsinə əsaslanaraq deyim ki, dərsliklərə baxmaq, onları yeniləmək, köhnəlikdən xilas etmək vacibdir. Çünki o zaman bəzən məcburi şəkildə yazılan fikirlər indi dövrün ruhuna uyğun gəlmir.

Dərsliklərin yenilənməsi, arxivlərin açılması vacibdir.

-Tarix və ictimai elmlərdə hansı boşluqlar hələ də qalır?

-Tariximizdə, xüsusən də Cümhuriyyət dövrü, Qarabağ və İrəvan məsələlərində hələ də ciddi boşluqlar var. Akademik Cəmil Quliyev bir zamanlar Müsavatı pisləyirdi, çünki o dövrdə bu, tələb olunurdu. Amma indi o, Cümhuriyyət haqqında cild-cild kitablar yazıb, məktubları toplayıb nəşr etdirir. Mən onun kitabı ilə bağlı rəy də yazmışdım. 

Bəzən kimlərsə çıxıb Nəriman Nərimanovu pisləyir. Amma o, öz dövrünün dahi şəxsiyyətlərindən idi. O vaxtlar çar Rusiyasının tələbləri var idi, hamı bu reallıqla yaşamalı idi. Həsən bəy Zərdabi Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdi, ona elmlər namizədi adı verildi və orada qalmasını istədilər. Amma o, “vətənim məni çağırır” deyərək geri döndü.

İndi biz müstəqil, adlı-sanlı bir respublikayıq. İlk dəfə Azərbaycanın əsl suverenliyini əldə etmişik və bu da tariximizin yeni mərhələsidir. Biz bütün dövrləri düzgün dəyərləndirməli, ordumuzun, dövlətimizin tarixini dürüst yazmalıyıq.

- İzzət müəllim, bəzən deyirlər ki, indi gənclərin elmə marağı azalıb. Siz bu fikirlə razısınızmı?

- Yox, elmə maraq yoxdur demək düzgün olmaz. Bu məsələ insanın ailə tərbiyəsindən, müəlliminin təsirindən, elmə və həyata baxışından çox asılıdır. Kimin üçünsə elm bir vasitədir, başqa biri üçün həyat tərzi.

-Müasir texnologiyalar və süni intellekt fəlsəfi düşüncəyə necə təsir edə bilər?

- Əlbəttə, təsir edir. Süni intellekt həm fürsət, həm təhlükədir. Ola bilsin ki, əvvəllər 20 ilə görülən işi indi 5 dəqiqəyə görəcək texnologiyalar yaransın. Əgər düzgün idarə olunmazsa, insan amilindən asılılığını itirə bilər. Buna görə texnologiyanı öyrənmək, idarə etməyi bacarmaq lazımdır.

Yeri gəlmişkən, bu yaxınlarda  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabını oxudum. İbrahim Nəbioğlunun kitabı bu mövzulara diqqət çəkir - gələcəyə hazırlıq vacibdir.

Orada bu məsələlər çox gözəl izah olunub. Dünya üzrə kim hansı yeniliyi edirsə, o kitabda bundan bəhs olunur.  Kitabda xırda fraqmentlərdir, amma müəllif onları bir-birinə gözəl calayır. Azərbaycan akademikləri haqqında məlumat verir.   

Müasir günümüz üçün çox faydalı olan məlumatlar məntiqli ardıcıllıqla bir-biri ilə uzlaşdırılıb. İbrahim müəllim riyyaziyyatı, fizikanı bilir. Kitabda təbabətlə də bağlı maraqlı mövzulara toxunulur.

Mən də bu mövzulara həssasam. Astronomiya, təbabət, beyin fəaliyyəti ilə bağlı kitablar oxuyuram.

-Sizcə, fəlsəfənin cəmiyyətdə tətbiqinə ehtiyac varmı?

-Əlbəttə, var. Fəlsəfəsiz və məntiqsiz düşüncə mümkün deyil. Məntiqi, psixologiyanı, kateqoriyaları bilməlisən - şüurun və təfəkkürün nəyin əsasında hərəkət etdiyini anlamaq vacibdir.

Fransız  filosofu və riyaziyyatçısı, fiziki Rene Dekart  “Düşünürəm, demək varam”-deyib. Məntiqi düşüncə, düzgün analiz -bunlar elmin və tibbin təməlidir.

-İzzət müəllim, elmi fəaliyyətinizin bir hissəsi də tələbələrlə bağlıdır. Onlar haqqında nə düşünürsünüz?

-Mənim ən böyük nemətim tələbələrimdir. Tələbədən şirin, tələbədən qiymətli heç nə yoxdur. Əgər tələbə müəllimini təkrar edirsə, onun yolunu davam etdirirsə, o müəllim xoşbəxtdir. Özünü tələbəsində tapmaq – müəllim üçün ən böyük mükafatdır.

Mən tələbələrə qarşı həm mehriban, həm də sərt olmuşam. Savadlı tələbə mənim dostum idi. Yeri gəlmişkən, mənim sevimli tələbələrimdən biri də mərhum Əbülfəz Elçibəy idi – onu da həmişə hörmətlə xatırlayıram, ürəyimdədir.

Akademik Vasim Məmmədəliyev mənim ən sevimli tələbəmdən biri idi. O, mənə hər zaman “ustadım” deyirdi; mən də özümü onun tələbəsi hesab edirdim. Belə münasibətlər elmi mühitin ən qiymətli yönlərindəndir.

Tələbələrim arasında altı nəfər akademik, onlarla elmlər doktoru və elmlər namizədi var. 100-dən çox dissertasiyaya opponentlik etmişəm.

Müəllim üçün tələbəsinin onun yolunu davam etdirməsi ən böyük mükafatdır.

-Xoşbəxtliyi harada görürsünüz? Sosial  problemlər cəmiyyətin bu məfhumdan kənar qalmasında nə qədər rol oynayır?

-Xoşbəxtlik daxili dəyərdədir: vicdan rahatlığı, tələbənin uğuru, həyatdakı mənəvi dəyərlərdir. Biri var layiq olduğun qədər tələb etmək- amma vermirlər; biri də var, “hazıra nazir” olmaq. Bəzən cəmiyyətdə ədalətsizlik, rüşvət, qayğısızlıq insanın xoşbəxtliyinə mane olur. Cəmiyyətin gündəlik ehtiyaclarına diqqət lazımdır. Məsələn, küçələr, bağlar, sökülüb-yenidən tikilən yerlərin düzgün icrası -bunlar hamısı önəmlidir. Salınan bağ quruyubsa onun qayğısına qalmaq lazımdır. 1949-cu ildən Bakıdayam.  Çətin günlər görmüşük, ac da  qalmışıq, amma heç kimə ağız açmamışıq.

Bəzən kənddən şəhərə üz tutan insanlar çətinliklərlə üzləşirlər. Kəndlərdə iş yerləri açılarsa, insanlar ailəsini dolandırmaq üçün bu qədər Bakıya üz tutmaz. Görürsən ki, gəlib Bakıda neft buruqlarının arasında ev tikirlər, problem yarananda isə narazılıq edirlər...

Maraqlı müsahibə üçün təşəkkür edirik.

Aygün İbrahimli