Dövlət Reklam Agentliyi açıq məkanda reklam sektorunda şəffaflıq, estetik nizam və ictimai dəyərlərə əsaslanan dayanıqlı sistem formalaşdırır
Müasir şəhər həyatında açıq məkanda reklamlar təkcə iqtisadi fəaliyyətin deyil, həm də ictimai estetik anlayışın bir parçasına çevrilib. Reklamlar artıq yalnız məhsul və xidmətlərin tanıdılmasına deyil, şəhərin vizual simasının formalaşmasına, mədəni və sosial mesajların cəmiyyətə çatdırılmasına da xidmət edir. Bu istiqamətdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən son illər həyata keçirilən islahatlar reklam sektorunun idarə edilməsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Agentlik açıq məkanda reklam fəaliyyətinin şəffaf, səmərəli və müasir standartlara uyğun idarə olunmasını təmin etmək, şəhər estetikasını qorumaq və ictimai məsuliyyət prinsiplərini gücləndirmək məqsədilə kompleks tədbirlər həyata keçirir.
Hazırda reklam icazələrinin rəqəmsallaşdırılması, reklam qurğularının texniki və estetik standartlara uyğunlaşdırılması, regionlarda vahid nəzarət mexanizminin tətbiqi və beynəlxalq təcrübənin inteqrasiyası bu fəaliyyətin əsas istiqamətlərini təşkil edir. Bu və digər yeniliklər, həmçinin reklamın şəhər mədəniyyətinin ayrılmaz hissəsi kimi rolu barədə ADRA-nın mətbuat katibi Hüseyn Azəri ilə müsahibəmizdə ətraflı danışdıq.
-ADRA-nın fəaliyyətində açıq məkanda reklam sektorunun dayanıqlı və şəffaf idarəetməsini təmin edən əsas prioritetlər nələrdir və bu istiqamətdə hansı yeni mexanizmlər tətbiq olunur?
-Dövlət Reklam Agentliyinin fəaliyyətində açıq məkanda reklam sektorunun dayanıqlı və şəffaf idarəetməni təmin etmək əsas prioritet istiqamətlərdəndir. Hazırda bu sahədə bir sıra islahatlar mərhələli şəkildə həyata keçirilir. İlk növbədə, daxili idarəetmə və xidmət proseslərinin tam rəqəmsallaşdırılması istiqamətində işlər aparılır. Məqsəd icazə, nəzarət, ödəniş və koordinasiya mexanizmlərinin elektron mühitdə avtomatlaşdırılması, bununla da idarəetmədə şəffaflığın və operativliyin artırılmasıdır. Eyni zamanda, açıq məkanda reklamların şəhərin arxitekturasına uyğun şəkildə yerləşdirilməsi, həmçinin estetik baxımdan nizamlı və harmonik reklam mühitinin formalaşdırılması istiqamətində addımlar atılır. Bu, həm şəhər estetikası, həm də ictimai təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma şəhər estetikası ilə kommersiya maraqları arasında tarazlıq yaradaraq daha nizamlı və müasir reklam məkanının formalaşmasına xidmət edəcək. Bununla paralel reklam daşıyıcılarının vahid elektron bazada qeydiyyatı və monitorinqi istiqamətində də işlər davam etdirilir. Gələcəkdə bu sistem vasitəsilə bütün elektron reklam qurğularının real vaxt rejimində izlənməsi və nəzarətin gücləndirilməsi mümkün olacaq. Ümumilikdə, bu addımlar açıq məkan reklam sektorunda şəffaf, səmərəli və dayanıqlı idarəetmə modelinin formalaşdırılmasına xidmət edir.
-Açıq məkanda reklam qurğularının “Reklam qurğularına Texniki Tələblər”ə uyğunlaşdırılması prosesi regionlarda hansı mərhələdədir və bu sahədə qarşıya çıxan əsas problemlər hansılardır?
-Hazırda açıq məkanda reklam qurğularının “Reklam qurğularına Texniki Tələblər”ə uyğunlaşdırılması prosesi regionlarda mərhələli şəkildə həyata keçirilir. Artıq Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə reklam daşıyıcılarının texniki parametrlərə, təhlükəsizlik normalarına və şəhərsalma prinsiplərinə uyğunlaşdırılması üzrə praktiki işlər görülüb. Bununla yanaşı, bölgələrdə reklam qurğularının vahid qeydiyyat və monitorinq sisteminə inteqrasiyası, həmçinin sahibkarlar üçün mütəmadi maarifləndirici tədbirlər aparılır. Prosesin əsas məqsədi regionlarda da paytaxtdakı kimi təhlükəsiz, estetik və standartlara cavab verən reklam mühitinin formalaşdırılmasıdır.
-ADRA-nın həyata keçirdiyi texniki və estetik yeniləmələr şəhərlərin vizual görünüşünə və memarlıq simasına necə təsir göstərir? Bu istiqamətdə yerli icra hakimiyyətləri ilə əməkdaşlıq mexanizmi necə qurulub?
-Agentliyin həyata keçirdiyi texniki və estetik yeniləmələr şəhərlərin vizual görünüşünə və memarlıq simasına müsbət təsir göstərməyi hədəfləyir. Əsas məqsəd şəhər məkanlarında reklam daşıyıcılarının yerləşdirilməsində vahid yanaşma formalaşdırmaq, estetik görünüşü qorumaq və vizual xaosu aradan qaldırmaqdır. Hazırda reklam qurğularının texniki parametrlərinin, ölçülərinin və yerləşmə prinsiplərinin ümumi şəhərsalma konsepsiyasına uyğunlaşdırılması istiqamətində işlər aparılır. Yeni tipli, müasir tələblərə cavab verən və enerji baxımından səmərəli reklam daşıyıcılarının tətbiqi də bu prosesin mühüm tərkib hissəsidir. Eyni zamanda, reklamların yerləşdirilməsində şəhərin memarlıq üslubu, tarixi mərkəzlərin xüsusiyyətləri və ictimai məkanların ümumi vizual balansı nəzərə alınır. Məqsəd reklam fəaliyyətinin şəhərin estetik siması ilə ziddiyyət təşkil etməməsi, əksinə, onunla uzlaşmasıdır. Agentlik tərəfindən bu məqsədlə aidiyyəti orqan və qurumlarla əməkdaşlığa xüsusi əhəmiyyət verilir. Belə ki, reklam daşıyıcılarının quraşdırılması, yer seçimi və uyğunluq məsələləri Agentlik tərəfindən müvafiq qurumlarla razılaşdırılaraq həyata keçirilir. Əməkdaşlıq mexanizmi qarşılıqlı razılaşma və koordinasiya prinsiplərinə əsaslanır, yəni həm şəhərsalma sənədləri, həm də yerli infrastruktur xüsusiyyətləri nəzərə alınmaqla qərarlar qəbul edilir.
-Agentliyin nəzarət və icazəvermə sistemi açıq məkanda reklam sahəsində şəffaflığı və ədalətli rəqabəti necə təmin edir? Bu istiqamətdə elektronlaşma və rəqəmsal həllərin tətbiqi hansı üstünlükləri yaradıb?
-Agentliyin nəzarət və icazəvermə sistemi açıq məkanda reklam sektorunda şəffaflığın və ədalətli rəqabətin təmin edilməsində əsas mexanizmlərdən biridir. Agentlik tərəfindən tam elektron əsasda qurulan “İcazələr Sistemi” vasitəsilə reklam qurğularının yerləşdirilməsi, icazələrin verilməsi, ödənişlərin həyata keçirilməsi və nəzarət prosesləri avtomatlaşdırılıb. Bu yanaşma sahibkarların fiziki təmas olmadan, şəffaf və bərabər qaydada müraciət edə bilməsini təmin edir. Rəqəmsallaşma sayəsində bütün məlumatlar vahid platformada toplanır, reklam daşıyıcılarının qeydiyyatı və monitorinqi real vaxt rejimində aparılır. Bu, həm idarəetmədə operativliyi artırır, həm də reklam bazarında qanunsuz fəaliyyətlərin qarşısını almağa imkan yaradır.
-ADRA ilə Birləşmiş Ərəb Əmirliklərinin Media Şurası arasında imzalanmış Anlaşma Memorandumu konkret olaraq hansı istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur və bununla əlaqədar Azərbaycanın reklam sektoruna hansı yenilikləri gətirəcək?
-ADRA ilə Birləşmiş Ərəb Əmirliklərinin Media Şurası arasında imzalanmış Anlaşma Memorandumu açıq məkanda reklam sahəsində strateji əməkdaşlığı nəzərdə tutur. Sənəd çərçivəsində tərəflər reklam fəaliyyətinin tənzimlənməsi, beynəlxalq standartlara uyğun təkmilləşdirilmə, o cümlədən rəqəmsal texnologiyaların tətbiqi və innovativ idarəetmə mexanizmlərinin formalaşdırılması istiqamətində birgə fəaliyyət göstərəcək. Həmçinin informasiya mübadiləsi, birgə işçi qruplarının yaradılması və monitorinq sistemlərinin təkmilləşdirilməsi planlaşdırılır. Bu əməkdaşlığın ölkəmizdə reklam sektoruna beynəlxalq təcrübəyə əsaslanan texnoloji yeniliklər və yüksək keyfiyyətli reklam mühitinin formalaşması baxımından mühüm töhfə verəcəyinə inanırıq.
-Açıq məkanda yayımlanan reklamların qanunvericiliyə uyğunluğu necə təmin olunur və pozuntular aşkarlandıqda hansı hüquqi mexanizmlər işə düşür?
-Ümumiyyətlə, açıq məkanda reklam yerləşdirilmədən əvvəl mütləq şəkildə icazə alınmalıdır. İcazə verilmə prosesində Agentlik tərəfindən reklamın qanunvericiliyin tələblərinə uyğunluğu, yerləşmə yeri, texniki parametrləri və estetik baxımdan şəhər mühitinə təsiri yoxlanılır.
Lakin təcrübə göstərir ki, bəzi sahibkarlar tərəfindən icazəsiz və ya mövcud icazənin tələblərini pozamaqla reklam yerlşdirilir. Agentlik tərəfindən bu hallar aşkar edildikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülür, inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilir. Bundan başqa, mövcud pozuntunun aradan qaldırılması məqsədilə tərəfimizdən reklam yayıcısına müvafiq pozuntunu təsvir edən akt və icrası məcburi yazılı göstəriş göndərilir və nöqsanları aradan qaldırmaq üçün müəyyən vaxt verilir.
-ADRA-nın ictimai təşəbbüslərdə - xüsusilə “Xəzəri qoruyaq!” kimi ekoloji kampaniyalarda iştirakı Agentliyin sosial məsuliyyət strategiyasının hansı istiqamətinə daxildir və bu fəaliyyətin davamı olaraq yeni təşəbbüslər planlaşdırılırmı?
- “Xəzəri qoruyaq!” kimi ekoloji kampaniyalarda iştirak Agentliyin sosial məsuliyyət strategiyasının ictimai şüurun artırılması və ekoloji dayanıqlığın təşviqi istiqamətinə daxildir. Bu təşəbbüslər açıq məkanda reklamların yalnız kommersiya məqsədi daşımadığını, həm də cəmiyyət üçün faydalı mesajların yayılmasında mühüm rol oynadığını nümayiş etdirir. ADRA bu kampaniyalar vasitəsilə ətraf mühitin mühafizəsi, şəhər estetikasının qorunması və vətəndaş məsuliyyətinin artırılması kimi dəyərləri təbliğ edir. Bu fəaliyyətlərin davamı olaraq ictimai maraq doğuran digər sahələrdə də yeni maarifləndirici layihələrin həyata keçirilməsi planlaşdırılır.
-Açıq məkanda reklam məzmununun ictimai dəyərlərlə uzlaşması məsələsi ADRA-nın nəzarətində hansı meyarlarla qiymətləndirilir? Reklamlarda etik, milli və sosial məsuliyyət prinsiplərinə əməl olunmasına necə nəzarət olunur?
-“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən, reklam dövlət əleyhinə çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli-mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə və ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Eyni zamanda, reklamda dövlət rəmzlərinin və atributlarının təhrifinə, eləcə də etik normalara zidd hallara yol verilməməsi təmin olunmalıdır.
Bir az əvvəl bildirdiyimiz kimi, açıq məkanda reklam yerləşdirilməsi icazə əsasında həyata keçirilir və icazə verilməzdən əvvəl reklamın məzumunun qeyd edilən tələblərə uyğunluğu yoxlanılır, zəruri hallarda düzəlişlər tələb olunur. Bundan başqa, nəzarət prosesi yalnız icazə mərhələsində yox, həm də reklamın yayımlandığı müddətdə aparılır. Belə ki, Agentlik tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir, pozuntu aşkar edilərsə, xəbərdarlıq və daha əvvəl vurğuladığımız tədbirlər tətbiq olunur.
-Gələcəkdə ADRA-nın əsas hədəfləri nələrdir? Xüsusilə reklam bazarının beynəlxalq standartlara uyğunlaşdırılması və şəhər mühitinin estetik keyfiyyətinin yüksəldilməsi istiqamətində hansı yeniliklər gözlənilir?
-Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi olaraq gələcəkdə əsas hədəfimiz ölkə üzrə açıq məkanda reklam ekosisteminin beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsidir. Biz bu istiqamətdə reklam mühitində həm texnoloji, həm də estetik keyfiyyətin artırılmasına diqqət yetiririk. Məqsədimiz şəhər mühitində reklamların daha müasir, səliqəli və zövqlü formada təqdim olunmasını təmin etməklə yanaşı, sahibkarlar üçün şəffaf və rahat idarəetmə mexanizmləri formalaşdırmaqdır. Bunun üçün innovativ yanaşmaların və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi, icazə və nəzarət sistemlərinin daha səmərəli işləməsi əsas prioritetlərdəndir. Qarşıdakı layihələr açıq məkan reklamlarının şəhər memarlığı ilə uzlaşdırılmasına, reklam daşıyıcılarının optimallaşdırılmasına və ümumilikdə vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edəcək. Ümumilikdə, məqsədimiz açıq məkan reklam sektorunu dayanıqlı, şəffaf və estetik baxımdan dəyərli bir sistem kimi formalaşdırmaqla həm sahibkarlar, həm də cəmiyyət üçün keyfiyyətli və müasir reklam mühiti yaratmaqdır.
Yaqut Ağaşahqızı, “İki sahil”