30 oktyabr 2025 14:24
249

SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumu keçirilib

SOCAR-ın təşkilatçılığı ilə ilk Hüquq və Uyğunluq Forumu keçirilib.

“İki sahil” xəbər verir ki, SOCAR Qrupun müxtəlif ölkələrdə fəaliyyət göstərən hüquq və uyğunluq üzrə mütəxəssislərinin, habelə aparıcı beynəlxalq hüquq şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən Forum bilik və təcrübə mübadiləsi aparmaq, bu xüsusda yeni yaranan hüquqi riskləri müzakirə etmək məqsədi daşıyıb.

Hüquq və Uyğunluq Forumu çərçivəsində “Beynəlxalq arbitraj mübahisələri”, “Korrupsiya və qlobal enerji sektoru”, “Biznes mühitində hüquqi çətinliklər” mövzularında panel müzakirələri aparılıb.

Müzakirələrdə digər ölkələrdə çalışan SOCAR Qrup müəssisələri arasında vahid komanda ruhunun gücləndirilməsi və sürətlə dəyişən qlobal mühitin çağırışlarına cavab vermək üçün əməkdaşlıq prinsiplərinin mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.

Tədbirdə, SOCAR-ın Qrup üzrə fəaliyyətində uyğunluq mədəniyyətinin təbliği çərçivəsində hüquqi tələblər, etik dəyərlər, şəffaflıq və ən yüksək idarəetmə standartlarını rəhbər tutduğu bir daha vurğulanıb. SOCAR tərəfindən bu cür hüquq və uyğunluq forumlarının illik əsaslarla keçirilməsi planlaşdırılır.