03 noyabr 2025 14:19
211

SOCAR İstiqrazlarının 16-cı kupon ödənişi edildi

SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 3 noyabr tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb (Emissiya Prospektinə əsasən, qeyri-iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü icra olunur).

Beləliklə, 16-cı kupon ödənişi nəticəsində ikinci SOCAR İstiqrazlarının investorlarına qazandırdığı gəlir 18 milyon ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir $22.5 milyon təşkil edəcək.)

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında 82,3 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1523 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxıldıqdan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 49 milyon ABŞ dolları məbləğində faiz ödənişi edilib.

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, ikinci SOCAR İstiqrazlarının növbəti kupon ödəniş tarixi 1 fevral 2026-cı ildir.

9 ildən artıqdır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.