04 noyabr 2025 00:15
168

Dabaq xəstəliyinə qarşı nəzarət gücləndirilir

Son günlər regionda heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar artıb. Bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi ölkə üzrə profilaktik tədbirləri gücləndirib. Hazırda sahələrdə baytarlıq nəzarəti və monitorinq işləri davam etdirilir.

Dabaq-əsasən iri və xırdabuynuzlu heyvanlarda rast gəlinən, yüksək yoluxuculuğa malik virus mənşəli infeksion xəstəlikdir. Xəstəlik heyvanların məhsuldarlığını kəskin azaldır, süd və ət istehsalına ciddi zərbə vurur. İnfeksiya, həmçinin kənd təsərrüfatı iqtisadiyyatına böyük zərər yetirə, bəzi hallarda insanlar üçün də potensial təhlükə yarada bilər.

Qeyd edək ki, dabaq xəstəliyi aşağı temperaturlu və rütubətli ərazilərdə uzun müddət qala bilir. Bu xəstəliyin ilk əlamətləri heyvanın virusa yoluxmasından 2-7 gün sonra üzə çıxır və 21 günədək davam edə bilər. Dabaq virusu hava-damcı yolu ilə, həmçinin yoluxmuş heyvanların südü, əti, tüpürcəyi və ya nəcis vasitəsilə çox sürətlə yayılır. Xəstəliyin əsas əlamətləri heyvanlarda ağız və dırnaq nahiyələrində yaralar, hərarətin yüksəlməsi, iştahanın itməsi və süd veriminin azalması ilə müşahidə olunur.

Kənd Təsərrüfatı Nazirliyi ölkənin bəzi bölgələrində dabaq xəstəliyinin yayıldığını təsdiq edib və hazırda bu xəstəliyin təhlükə riskinin azaldığını bildirib. Xəstəliklə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq qərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvan xəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparılır. Son dövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur. Qalib Əbdüləliyevin sözlərinə görə,  ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Buna görə həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcud xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır.

Ölkədə heyvan kəsiminin mövcud normativ tələblərə uyğunlaşdırılması, müasir tipli kəsim məntəqələrinin yaradılması və qanunsuz kəsim hallarının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə mütəmadi olaraq heyvan kəsimi və ət satışı məntəqələrində birgə reydlər təşkil olunur. Aşkar edilən pozuntularla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür, kəsim fəaliyyəti ilə məşğul olan şəxslərə mövcud qaydalar izah edilir və heyvanların yalnız mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində kəsilməsi barədə icrası məcburi göstərişlər verilir.

Xatırladaq ki, ət məhsullarının baytarlıq ekspertizası aparılmadan satışa çıxarılması qanunla qadağandır. Ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilməlidir.

Heyvan bazarlarının fəaliyyətləri bərpa olunacaq

Bundan əlavə, Qalib Əbdüləliyev qeyd edib ki, xüsusi təhlükəli xəstəliklər, əsasən, bir heyvandan digərinə birbaşa təmas (kontakt) yolu ilə keçdiyindən, bu baxımdan ən riskli məkanlardan biri heyvan bazarları hesab olunur. Bu səbəbdən qərara alınıb ki, 25 oktyabr tarixindən etibarən respublika ərazisində bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsın. Qalib Əbdüləliyev vurğulayıb ki, heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansı məhdudiyyət qoyulmur.

Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilmişdir. Göstərilən sənədin tələblərinə uyğun olaraq bazarlarda yenidənqurma işləri aparıldıqdan və zəruri infrastruktur təmin edildikdən sonra onların fəaliyyəti bərpa olunacaq.

Dabaq xəstəliyinin insana yoluxma riski varmı?

Əsas məsələ ondan ibarətdir ki, dabaq xəstəliyi insanlara keçmir və zoonoz (insana yoluxan) xəstəliklər sırasına daxil edilmir. Yəni, bu virusun insan orqanizminə ciddi yoluxma riski son dərəcə aşağı hesab olunur.

Bişmiş və ya termik emaldan keçmiş ət və süd məhsullarının istifadəsi nəticəsində dabaq virusuna yoluxma qeydə alınmayıb. Virus isti temperaturda tez məhv olur, bu səbəbdən bişmiş məhsullar tam təhlükəsiz sayılır. Teorik baxımdan risk qrupu yalnız baytar həkimlər, fermerlər və kəsim məntəqəsində çalışan şəxslərdir, çünki onlar heyvanlarla birbaşa təmasda olurlar. Amma yenə də bu risk praktiki baxımdan çox zəif hesab edilir.

Dabaq xəstəliyi təkcə heyvan sağlamlığına deyil, bütövlükdə kənd təsərrüfatı sektoruna ciddi iqtisadi və sosial zərbə vurur. Xəstəlik sürətlə yayıldığı üçün qısa müddətdə yüzlərlə heyvanın yoluxmasına və təsərrüfatların fəaliyyətinin dayanmasına səbəb ola bilər. Dabaq xəstəliyinin təsərrüfata vurduğu ziyanlar təkcə maddi deyil, həm də sosial və institusional xarakter daşıyır. Ona görə də bu virusla mübarizə dövlət nəzarəti, fermer məsuliyyəti və ictimai maarifləndirmə istiqamətlərində kompleks yanaşma tələb edir.

Şahnigar Əhmədova, “İki sahil”