04 noyabr 2025 11:12
135

Son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur

Dövlət başçısı İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında diqqəti 10 il bundan əvvəl - Akademiyanın 70 illiyinə yönəldərək bir daha vurğuladı ki, bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir

Bu gün ölkəmizdə elm və təhsil sahəsində görülən işlərin, həyata keçirilən tədbirlərin bir məqsədi var: Yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağı artırılsın, ən əsası kadr hazırlığı iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırılsın. Həmçinin məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da bu qəbildəndir. Günümüzün əsas tələbi təhsildə və elmdə islahatların daha da dərinləşdirilməsi, elmi axtarışların davam etdirilməsidir. Azərbaycan hər zaman dünya elminə verdiyi töhfələri ilə diqqətdə olub.

Dövlət başçısı İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda bir çox məqamlara diqqəti yönəltdi.  Azərbaycanın hər bir sahədə keçdiyi inkişaf yolundan bəhs edərkən müstəqilliyimizin bərpasının ilk illərində yaşananlara diqqət yetirməyə böyük zərurət duyulur. Müstəqilliyin ilk illəri çox ağır və faciəvi idi. O vaxt məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı ölkəmizi böyük bəlalardan qurtardı. Bu mühüm məqamı da qeyd etməliyik ki, Onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Ümummilli Lider bir daha müstəqil, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. O vaxt maliyyə imkanlarımız çox məhdud idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri həmin dövrün reallıqları idi. Amma buna baxmayaraq, yenə də Akademiyanın işi, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı. İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrıldı. Son on ildə də Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb. Bir sıra mühüm addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirildi. Yeni böyük elmi kitabxana inşa edildi. Milli Ensiklopediya üçün yeni bina inşa olundu. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edildi. 2009-cu ildə Elm Fondu yaradıldı. Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun qəbul edildi. «Görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır» söyləyən cənab İlham Əliyev vurğuladı ki, sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir. Dövlətimizin başçısı bu məqamı da yığıncaq iştirakçılarına xatırlatdı ki, 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim. Son 10 ildə həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş verdi. Azərbaycana gəldikdə isə son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir.

Cənab İlham Əliyev çıxışında onu da qeyd etdi ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün bunu iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun. Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. Süni intellektdən bəhs edən cənab İlham Əliyev qeyd etdi ki, on il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik. Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük.

Dövlətimizin başçısı çıxışında Azərbaycanda hərbi sənayenin sürətlə inkişafından da geniş bəhs edərək bildirdi ki, artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq.

Dövlət başçısı İlham Əliyevin çıxışlarında diqqət göstərilən əsas məsələlərdən biri də təbii ki, ədalət və beynəlxalq hüquqdur. Onu da nəzərə alaq ki. harzırkı dövr yeni dünya nizamının formalaşdığı bir mərhələdir. Azərbaycan ədalət və beynəlxalq hüquqa söykənən mövqeyi ilə ədaləti dünyanın formalaşmasına öz töhfələrini verir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm də bunun bariz nümunəsidir. Azərbaycan hər zaman ən yüksək tribunalardan dünya güclərinin ikili standartlara əsaslanan siyasətindən, onun yaratdığı problemlərdən narazılığını bildirib. Cənab İlham Əliyev sözügedən çıxışında da qeyd etdi ki, bu gün dünyada qaydalar tamamilə dəyişib. Beynəlxalq təşkilatlar, yəni, onların bir çoxu iflic vəziyyətindədir. Onların qərarları icra edilmir. Necə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 il icra edilməmişdir. Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir. Əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu əldə etmək mümkün olmayacaq.

Dövlət başçısı İlham Əliyev hazırkı dövrün çağırışları sırasında bərpaolunan enerji məenbələrinə investisiyaların yatırılmasından da bəhs etdi. Bildirdi ki, bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox genişmiqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər Günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir.

Yığıncaqda diqqət göstərilən istiqamətlərdən biri də geoloji kəşfiyyat işləri oldu. Bu, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda çox böyük əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev bildirdi ki, çünki bu ərazi sovet vaxtında lazımınca tədqiq edilməmişdir və tədqiq edilsə idi belə, yenə də ovaxtkı texnologiyalarla onları tam öyrənmək mümkün deyildi. Yəni, bu gün müasir texnologiyalarla peykdən tədqiqat, zondlama aparılır. Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanması bir çox hallarda fiziki, yəni, əraziyə girmədən müəyyən edilir. Bizim çox zəngin təbii resurslarımız - qızıl, gümüş, mis yataqları, polimetal yataqlar var. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaq.

Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, Azərbaycanın tarixinə diqqət yönəltməsin. Sözügedən çıxışında da «Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq» söydəyən cənab İlham Əliyev bildirdi ki, 10 il bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam, bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, gəncləri zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır.

Dövlət başçısı İlham Əliyev daim bu çağırışı da edir ki, öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi əsasdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin.

Hər bir xalqın, millətin varlığının təqdimatında mühüm amillərdən biri təbii ki, dilidir. Son 22 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman bu çağırış edir ki, ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynayıb. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Prezident İlham Əliyev 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqlədi. Bu sənəd milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi dəyərləndirildi. Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin ilin noyabr ayında isə cənab İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi. Cənab İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən yığıncaqda «On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir» söyləyərək onu da qeyd etdi ki, bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər.

Yaxın günlərdə tarixi Zəfərimizin 5 illiyini qeyd edəcəyik. Bununla bağlı Azadlıq meydanında hərbi parad keçiriləcək. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan, 10 dekabr 2020-ci il tarixdə Azadlıq meydanında keçirilən Zəfər paradında səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

Yeganə Əliyeva, “İki sahil”