04 noyabr 2025 15:31
115

Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışı ilə bağlı Ermənistanın fobiyasının əsası yoxdur

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı təşkil olunan yığıncaqda dövlət başçımızın çıxışından bir daha aydın oldu ki, elm iqtisadi artım və milli təhlükəsizlik üçün həyati əhəmiyyətli bir resursdur. Bu xüsusda Elmlər Akademiyası daha müasir, daha iddialı və zamanın tələblərinə uyğun olmalıdır. Bu gün Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparılır. Bu vaxta qədər bir çox addımlar atılıb. Dövlət fundamental tədqiqatları bundan sonra da dəstəkləyəcək. Təsadüfi deyil ki, son 10 il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb.
Ən vacib istiqamət fundamental elmin rəqəmsallaşan dünyanın prioritetlərinə uyğunlaşmasıdır. Cənab Prezident də bəyan etdi ki, texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır. Çünki Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Azərbaycan dövləti intellektual potensialı tükənməz sərvət hesab edir və bu sahəyə sərmayə qoymaqda maraqlıdır. Yəni artıq dövlətlərin iqtisadi inkişafı onun texnoloji potensialı ilə birbaşa bağlıdır. Bu prosesdə dövlət və elm ictimaiyyətinin fəaliyyəti bir-birini tamamlamalıdır. Bu səbəbdən Cənab Prezident texnoloji inkişafı elm ictimaiyyəti qarşısında əsas vəzifələrdən biri kimi müəyyənləşdirib.
Ölkələrin gələcək inkişafının ayrılmaz hissəsi olan süni intellekt də Azərbaycanın yeni prioritetləri sırasındadır. Dövlət başçımız bəyan etdi ki, “süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.”
Bütün bu reallıqların fonunda kiber hücumlarla mübarizə də strateji hədəflər sırasındadır. Təsadüfi deyil ki, Azərbaycan kibertəhlükəsizlik sahəsində böyük təcrübəyə malik şirkətlərlə çox geniş proqramlar üzərində işləyir. Prezident İlham Əliyev haqlı olaraq bəyan etdi ki, kibertəhlükəsizliyə real təhlükə kimi baxılmalıdır, bu, heç bir halda virtual təhlükə sayıla bilməz:
“Bu gün həm müharibələrin aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm də Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir.”
Cənab Prezidentin diqqət yönəltdiyi məqamlardan biri də Azərbaycanın hərbi potensialını, hərbi sənayesini inkişaf etdirməsi ilə bağlı idi. Belə ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli, keyfiyyətli, hərbi təyinatlı məhsullar istehsal edəcəklər. Bu da ölkəmizin müdafiə qabiliyyətini möhkəmləndirməklə yanaşı, onun beynəlxalq aləmdə də nüfuzunu artıracaq.
Dövlət başçımızın elm ictimaiyyəti qarşısında müəyyənləşdirdiyi əsas vəzifələrdən biri də Qərbi Azərbaycan həqiqətlərinin təbliği ilə bağlıdır. Cənab Prezident bir daha Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququnu gündəmə gətirdi və Ermənistanın bu məsələ ilə bağlı fobiyasına əsas olmadığını bəyan etdi. Elm xadimlərinin bundan sonra bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlər yaratmasına ehtiyac var. Bu, həm Azərbaycan gənclərinin mövcud reallıqları unutmaması, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından vacibdir.
Hesab edirəm ki, Cənab Prezidentin müəyyənləşdirdiyi vəzifələr bütün sahələrdə uğur əldə etməyimizə imkan yaradacaq.

Nigar Məmmədova,
​Milli Məclisin deputatı