04 noyabr 2025 21:36
197

Elm müstəqil dövlətin gücü, gələcəyin ideoloji dayağıdır

Cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışı sıradan bir tədbir nitqi deyil, elmin dövlət siyasətində tutduğu strateji yerin, onun milli və siyasi mahiyyətinin açıq ifadəsidir. Azərbaycan Prezidentinin hər çıxışı, əslində, bir dövlətçilik dərsidir. Bu çıxışda cənab Prezident, dövlət idarəçiliyinin ən mühüm prinsiplərindən birini – intellektual idarəetmə modelini önə çəkdi. Əslində bu, müasir Azərbaycan siyasətinin dayağı olan konsepsiyadır: bilik üzərində qurulan güc, elmi əsaslarla möhkəmlənən müstəqillik. “Elm müasir dövrdə dövlətin güc göstəricilərindən biridir. Güclü dövlət o dövlətdir ki, onun elmi potensialı yüksəkdir,” – deyə Prezident İlham Əliyevin vurğusu, artıq elmi siyasətin milli təhlükəsizlik və siyasi sabitlik kontekstinə daxil edildiyini göstərir.

Elm bu gün təkcə laboratoriya və ya universitet mühiti deyil – dövlətin intellektual suverenliyinin əsas təminatçısıdır. Prezident İlham Əliyev bu fikri illərdir davamlı şəkildə vurğulayır: milli maraqları qorumaq üçün, müasir texnoloji, informasiya və geosiyasi müstəvidə güclü olmaq zəruridir. AMEA-nın 80 illiyi münasibətilə səslənən çıxışda bu mesaj bir daha strateji səviyyədə ifadə olundu. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycanın gələcək inkişafı yalnız elmin milli məfkurə ilə sintezindən doğacaq. Bu, həm siyasi kursun intellektual təməlinin, həm də yeni dövrün dövlət ideologiyasının mahiyyətidir. Artıq Azərbaycanın dövlət siyasəti yalnız iqtisadi və diplomatik alətlərlə deyil, həm də elmi biliklərlə, analitik düşüncə ilə, informasiya üstünlüyü ilə idarə olunur. Cənab Prezidentin fikrincə, elm milli təhlükəsizliyin bir formasıdır – çünki dünyada texnologiyalara, süni intellektə, informasiya sistemlərinə sahib olanlar, əslində, siyasi hökmranlıq gücünə də sahib olurlar. “Dünyada gedən qlobal yarışda biz yalnız biliklərlə, elmi yeniliklərlə və intellektual potensialla ön sıralarda ola bilərik.” Bu cümlə Azərbaycan siyasətinin yeni fəlsəfəsini müəyyənləşdirir: zənginlik bilikdədir, güc isə elmdə. Cənab Prezident İlham Əliyevin çıxışında hiss olunan əsas siyasi xətt budur: elm artıq siyasətin intellektual dayağına çevrilməlidir. Əgər ötən onilliklərdə elmin və siyasətin rolu fərqli sahələr kimi qəbul edilirdisə, bu gün Azərbaycan modeli onların sintezini təklif edir. Dövlət siyasətinin bütün istiqamətləri – enerji təhlükəsizliyindən tutmuş müdafiə sənayesinə, rəqəmsal texnologiyalardan ekologiyaya qədər – elmi bilik üzərində formalaşır. Bu, idarəetmədə yeni nəsil siyasi düşüncənin – elmi rasionalizmin təcəssümüdür. Cənab Prezident İlham Əliyevin “biz elmə və biliyə əsaslanaraq qərar qəbul edirik” prinsipi, əslində, siyasi praqmatizmin elmi təməlini ifadə edir. Azərbaycanın qlobal miqyasda artan nüfuzu da məhz bu idarəetmə fəlsəfəsinin nəticəsidir. Dövlət başçısının baxışında elm yalnız tədqiqat deyil, həm də siyasi qərarların rasional bazası, milli inkişafın intellektual infrastrukturu kimi dəyərləndirilir. Azərbaycanın elm siyasətində siyasi və ideoloji məzmun bir-birini tamamlayır. Cənab Prezident İlham Əliyev AMEA-nın yubileyində qeyd etdi ki, Azərbaycan elmi milli maraqlara xidmət etməli, dövlətin ideoloji sabitliyini və müstəqilliyini möhkəmləndirməlidir. Bu çağırış, əslində, elmin siyasi məsuliyyətinin ifadəsidir. Elm yalnız texnoloji tərəqqi deyil, həm də milli kimliyin qorunması vasitəsidir. Qloballaşma fonunda, mədəni assimilasiya və informasiya təzyiqləri dövründə elmi düşüncə dövlətin ideoloji müdafiə qalasına çevrilməlidir. Cənab Prezidentin bu kontekstdə vurğuladığı “Azərbaycan alimləri milli maraqlara sadiq olmalıdırlar” fikri, elmi fəaliyyətin siyasi etika ölçüsünü müəyyənləşdirir. Bu, həm də Prezident İlham Əliyevin elmi idarəetməni milli ideologiyanın tərkib hissəsinə çevirməsi deməkdir.

Cənab Prezidentin çıxışında xüsusi yer tutan mövzulardan biri də gənclərin elmi və siyasi proseslərdə fəal iştirakıdır. Dövlət başçısı aydın şəkildə bildirdi ki, Azərbaycan elminin gələcəyi gənclərin intellektual potensialından asılıdır. “Yeni dövrün alimləri həm müasir texnologiyaları mənimsəməli, həm də milli-mənəvi dəyərlərə bağlı qalmalıdırlar.” Bu, həm siyasi, həm də ideoloji baxımdan əhəmiyyətlidir. Gənclik həm ölkənin texnoloji gücünü, həm də milli kimliyini daşıyan ən mühüm sosial qüvvədir. Prezident İlham Əliyevin baxışında alim həm də vətəndaşdır – yəni biliklə yanaşı, dövlətçilik məsuliyyətini daşıyan insandır. Azərbaycan Milli Elmlər Akademiyası artıq cənab Prezidentin müəyyən etdiyi yeni mərhələdə fəaliyyət göstərir. Bu mərhələ elmin cəmiyyətin kənarında deyil, dövlət siyasətinin içərisində olmasını nəzərdə tutur. AMEA-nın 80 illiyi həm də bir hesabat idi – elmin dövlətə inteqrasiyasının hansı səviyyəyə çatdığının göstəricisi idi. Cənab Prezidentin çağırışı budur: elmi institutlar dövlətin ideoloji və analitik beyin mərkəzlərinə çevrilməlidir. Bu yanaşma Azərbaycan elminə siyasi funksiya qazandırır və elmi ideyanı dövlət qərarına, bilik resursunu milli siyasətə çevirən yeni model yaranır.

AMEA-nın 80 illik yubileyindəki çıxış cənab Prezident İlham Əliyevin siyasi doktrinasının mühüm hissəsini açıq şəkildə nümayiş etdirdi: Müstəqil dövlətin gələcəyi elmdə, bilikdə və milli intellektdədir. Bu çıxış təkcə elmi hadisə deyil, həm də siyasi manifestdir – dövlətin uzunmüddətli ideoloji istiqamətinin, intellektual inkişaf xəttinin konturlarını müəyyən edən bir baxışdır. Cənab Prezident İlham Əliyevin elmi siyasəti, əslində, Azərbaycanın müasir siyasi kimliyini müəyyənləşdirən əsas sütunlardan biridir. Çünki bu siyasətin mərkəzində bir həqiqət dayanır: Elm – dövlətin beyni, siyasətin dərinliyidir; bilik – müstəqilliyin ən ali formasıdır.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri