04 noyabr 2025 15:57
132

Son on ildə də Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb

Prezident  İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda diqqəti bir çox ciddi məqamlara yönəltdi.  Xüsusilə  Ulu Öndərlə ölkə ziyalılarının doğma münasibətlərindən danışdı. Belə ki, Onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Ümummilli Lider həmin görüşdə bir daha müstəqil, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Prezident İlham Əliyev o dövrləri xatırladaraq deyirdi ki, o vaxt maliyyə imkanlarımız çox məhdud idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri həmin dövrün reallıqları idi. Amma buna baxmayaraq, yenə də Akademiyanın işi, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı. İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrıldı. Son on ildə də Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb. Bir sıra mühüm addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirildi. Yeni böyük elmi kitabxana inşa edildi. Milli Ensiklopediya üçün yeni bina inşa olundu. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edildi. 2009-cu ildə Elm Fondu yaradıldı. Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun qəbul edildi.

 «Görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır» söyləyən cənab İlham Əliyev vurğuladı ki, sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir. Dövlətimizin başçısı bu məqamı da yığıncaq iştirakçılarına xatırlatdı ki, 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim. Son 10 ildə həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş verdi. Azərbaycana gəldikdə isə son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir.

Süni intellektdən bəhs edən Prezident İlham Əliyev qeyd etdi ki, on il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Müzəffər Ali Baş Komandanımız çıxışında Azərbaycanda hərbi sənayenin sürətlə inkişafından da geniş bəhs edərək bildirdi ki, artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq.

Dövlət başçısı hazırkı dövrün çağırışları sırasında bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasından da bəhs etdi. Bildirdi ki, bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox genişmiqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər Günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir.

Prezidentimizin elə bir çıxışı yoxdur ki, orada  Azərbaycanın tarixinə diqqət yönəltməsin. Sözügedən çıxışında dedi: «Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. 10 il bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam, bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, gəncləri zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır.»

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri