05 noyabr 2025 12:15
189

Azərbaycanlıların Ermənistana qayıdış ideyası - sülh, ədalət və tarixi məsuliyyətin təntənəsi

Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi “Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır” fikri regionda sülh və sabitlik üçün yeni mərhələnin konturlarını müəyyənləşdirən strateji mesajdır. Bu bəyanat həm tarixi ədalətin bərpasına çağırış, həm də Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması istiqamətində prinsipial mövqedir.

Prezident İlham Əliyev bir daha vurğuladı ki, azərbaycanlıların qayıdış hüququ beynəlxalq hüququn ayrılmaz tərkib hissəsidir və bu hüququn tanınması heç bir xalq və dövlət üçün təhlükə deyil. Əksinə, bu, bölgədə etimadın, qarşılıqlı hörmətin və sülhün əsasını təşkil edən ədalət prinsipinin bərpasıdır. Azərbaycanlıların tarixi torpaqlarına qayıdışı milli iddia deyil, tarixi ədalətin təntənəsidir.

Tarix isə sübut edir ki, azərbaycanlılar indiki Ermənistan ərazisindən bir neçə dəfə zorla köçürülüblər. 1948–1953-cü illərdə Sovet hökumətinin qərarları ilə on minlərlə insan doğma yurdlarından didərgin salınıb. 1987–1991-ci illərdə isə Ermənistan rəhbərliyinin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb. Kəndlər yandırılıb, məscidlər dağıdılıb, qədim qəbiristanlıqlar yerlə-yeksan edilib. Bu, həm bəşəri, həm də tarixi ədalətə qarşı törədilmiş cinayət idi.

Bu gün Azərbaycan dövləti həmin ədalətsizliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycan İcması fəaliyyətini genişləndirərək deportasiya faktlarını sənədləşdirir, beynəlxalq təşkilatlara müraciətlər edir, mədəni və tarixi irsin qorunması istiqamətində layihələr həyata keçirir. Dövlət bu prosesi yalnız emosional yanaşma kimi deyil, beynəlxalq hüquqa əsaslanan, sülhə və birgəyaşayışa yönəlmiş strateji xətt kimi dəyərləndirir.

Prezident İlham Əliyevin “Azərbaycanlıların Ermənistana qayıtması Ermənistan xalqını qorxutmamalıdır” fikri həm də gələcəyə ünvanlanmış sülh çağırışıdır. Burada revanşizm və ya keçmişin intiqamı deyil, qarşılıqlı hörmət və humanitar ədalət dayanır. Dövlət başçısı bu bəyanatı ilə açıq şəkildə göstərdi ki, Azərbaycanın məqsədi yeni qarşıdurma deyil, dayanıqlı sülh və əməkdaşlıq mühitinin formalaşmasıdır. Qayıdış ideyası məhz bu yanaşmanın əsasını təşkil edir.

Bu gün Cənubi Qafqazda yaranan yeni siyasi və təhlükəsizlik reallıqları da bu istiqamətdə addımlar atmaq üçün əlverişli zəmin yaradır. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan bölgədə əsas söz sahibi kimi çıxış edir və sülh gündəliyini müəyyənləşdirir. Sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması, regionun iqtisadi inteqrasiyası istiqamətində görülən tədbirlər, əslində, ədalətli və qarşılıqlı etimada əsaslanan sülh modelinin tərkib hissəsidir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də bu prinsipial yanaşmanı əks etdirir: sülh yalnız sənəd üzərində deyil, real həyatda - ədalətin bərpa olunduğu və insanların hüquqlarının qorunduğu şəraitdə möhkəmlənə bilər. Bu kontekstdə azərbaycanlıların Ermənistana qayıdışı həm regional sabitliyin təminatıdır, həm də sülhün real əsasının yaradılmasıdır. Qorxu, nifrət və təcrid siyasəti Ermənistanı gələcəyə aparmır. Yalnız ədalətə söykənən münasibətlər, xalqlar arasında qarşılıqlı etimad və hörmət regionu inkişaf yoluna çıxara bilər.

Azərbaycan dövləti humanizm və sülh dəyərlərini rəhbər tutaraq, öz vətəndaşlarının hüquqlarını beynəlxalq səviyyədə müdafiə edir. Qərbi Azərbaycan ideyası bu gün artıq tarixi yaddaşın simvolu deyil, real siyasi və humanitar prosesin əsas istiqamətidir. Prezident İlham Əliyevin AMEA-nın yubileyində səsləndirdiyi fikirlər bu siyasətin məntiqi davamı, eyni zamanda bölgədə ədalətli gələcəyin formulu kimi dəyərləndirilə bilər.

Qayıdış nə revanş, nə də təzyiq vasitəsidir. Bu, tarixi ədalətin, insan ləyaqətinin və sülhün bərpasına yönəlmiş milli iradədir. Qayıdış qorxu deyil - ədalətin, sülhün və gələcəyə inamın təntənəsidir.

Fərhad Baxışov,
YAP Neftçala rayon təşkilatının əməkdaşı