05 noyabr 2025 17:12
138

Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda dövlət başçısı İlham Əliyevin çıxışı gələcəyimizə yönələn çağırışlarla zəngindir. Hər bir sahədə Azərbaycanın uğurlarından, qarşıdakı dövrün hədəflərindən geniş bəhs edən Prezident İlham Əliyev ölkənin inkişafında, tərəqqisində elmin, təhsilin, zamanın tələbinə uyğun olaraq  tətbiq edilən yeni texnologiyaların rolunu önə çəkərək bildirdi ki, son on ildə Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb. İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə vəsait daha böyük həcmdə ayrılır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev elmin, təhsilin inkişafı istiqamətində davamlı addımlar atır, Azərbaycan alimlərinə diqqət və qayğısını əsirgəmir. Ulu Öndərin hakimiyyətinin hər iki dövründə elmin, təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş və  ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Bu siyasət 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da davam etdirildi.

Son 22 ilin reallıqları sırasında Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilini xüsusi qeyd etməliyik. Hazırda on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərində təhsil alırlar. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və  ölkəmizin inkişafına dəyərli töhfələrini verirlər. 2009-cu ildə Elm Fondu  yaradıldı. Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək göstərmək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun və Dövlət Proqramı qəbul edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı daim diqqətdədir. Dövlət başçısı İlham Əliyev Akademiyanın 70 illik yubuleyinin qeyd edildiyi 2015-ci ildən  ötən 10 ildə Azərbaycanın hansı uğurlara imza atdığını əsaslı şəkildə diqqətə çatdırdı. Son 10 il Azərbaycan tarixinə möhtəşəm uğurlar, Zəfərlər yazdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası  təmin olunub.

Prezident İlham Əliyevin  mühüm çağırışlarından biri budur ki,  texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır. Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və  öz addımlarımızı dəyişən dünyada gedən proseslərə uyğunlaşdırmalıyıq. İllər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Müasir dövrdə hər  bir ölkənin tərəqqisi təbii resurslar deyil, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir.  Dövlət başçısı İlham Əliyev 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü. Bugünümüzün reallıqları fonunda qeyd edirik ki, artıq bu hədəf  gerçəkliyə çevrilib. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, təkmil islahatlar Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini şərtləndirir. Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə edilməsi də özündə mühüm məqamları ehtiva edir. 2023-cü ildə ölkəmiz 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edərək 100-dən artıq ölkədən beş mindən çox nümayəndəni bir araya gətirdi. Azərbaycanın texnoloji imkanları bu platforma vasitəsilə dünyaya çatdırıldı. Dövlət başçısı AMEA-nın yubiley yığıncağında bir daha bu reallığı diqqətə çatdırdı ki, tükənməz sərvət  intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. O da vurğulandı ki, bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. On il bundan əvvəl süni intellekt  barədə heç kim heç nə danışmırdı. Azərbaycanda  bu gün süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi  reallıqdır. Dövlətimizin başçısı vurğuladı ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.

Cənab İlham Əliyev tarixi Zəfərimizin son beş ildə Azərbaycanın qarşısında açdığı geniş imkanlardan bəhs edərək   diqqəti tariximizin öyrənilməsinə və təbliğinə yönəltdi. Bildirdi ki, zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratmaq qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır: “Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar.” Artıq 30 ildən çoxdur ki, müstəqil dövlət kimi yaşadığımızı önə çəkən Prezident İlham Əliyev bu çağırışı etdi ki,  Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var.

Bu günlər tarixi Zəfərimizin beşinci ildönümünü sonsuz sevinc və fərəh hissi ilə qeyd edirik. 2025-ci il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik ili” elan edilib. Bu il çərçivəsində keçirilən silsilə tədbirlər Azərbaycanın keçdiyi inkişaf yolunun, tarixi Zəfərə, suverenliyinin bərpasına qovuşmasını şərtləndirən amillərə bir daha işıq salır. Qalib, yeni dövrə qədəm qoyan Azərbaycanı qarşıdakı dövrdə daha möhtəşəm uğurlar gözləyir.

Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi