06 noyabr 2025 10:00
191

Vizionu ənənələr əsasında inkişafda olan Azərbaycan TeleRadiosu

1926-cı il  noyabrın 6-da Azərbaycan Radiosu "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanması ilə növbəti dəfə regionda “ilk”ə imza atdı. Həmin tarix nəinki Azərbaycanda, habelə Yaxın Şərqdə ilk radio yayımı günü kimi mədəniyyət salnaməmizə yazıldı. Sovet Azərbaycanının paytaxt küçə və meydanlarında quraşdırılan reproduktorlardan yayılan o səs ancaq ingilis fiziki Uilyam Kruksun 53 il əvvəl elektromaqnit dalğalarından istifadə edərək yaratdığı simsiz teleqraf rabitəsinin praktik təcrübələrinin neft Bakısında tətbiqi hadisəsi deyildi. Bu, unudulmaz azərbaycanlı maarifpərvər, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ənənələrinin audiovizual formatda təzahürü kimi tarixə çevriləcək. Həmin hadisəni 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayan Azərbaycan Televiziyasına gedən yolun başlanğıcı kimi də qəbul edənlər var və fikrimizcə, bu qənaətdə olanlar haqlıdırlar. Bunlardan əlavə, televiziya və radionun jurnalistikamızda, həmçinin ictimai həyatımızda başlıca informasiya təminatçısına çevrilməklə maarifləndirici, əyləndirici funksiyasında əsas ağırlığı öz üzərinə götürdü, sosial və siyasi proseslərə təsir göstərməkdə alternativsizliyini ortaya qoydu. Təsadüfi deyil ki, kommunikativ və təşkilati funksiyada dialoq platforması kimi çıxış edən bu tandem vaxtaşırı televiziya və radio mütəxəssislərinin nəzəri mülahizələrinin subyektinə çevrilir. Gözlənilən faktorlar isə ona işarədir ki, həmin tendensiya qarşısıalınmaz proses olaraq qalmaqda davam edəcək.

Dəyərli həmkarlarımızı peşə bayramı münaibəti ilə təbrik edərək xatırlatmağı zəruri sayırıq ki, hər bir prosesin korreksiyasını şərtləndirən faktorlar zamanın diqtəsi ilə yazılır.

Əbədi görünən faktorlar müasir çağırışların bəzən kəsişdiyi, bəzənsə paralel getdiyi günümüzdə televiziya və internet məzmununun konvergensiyasında bu, aydın görünür. Hər bir televiziyanın siması hesab edilən aparıcılarının öz sosial media kanallarını yaratmağa, bloqçuların televiziyada görünməyə can atdığı məqamları telekanalların niyə bloqçulara ehtiyacı olduğunu, onların məzmununun televiziya məzmunundan necə fərqləndiyini, proqramların hansı formatda təşkili barədə debatların getdiyi vaxtlarda inkarolunmaz gerçəklik fakta çevrilir: televiziya nəzəriyyəçilərinin reallığa çevrilən gerçəklik qarşısında “uduzduğu” mütləq kimi görünür. Yaranan mənzərə televiziya və internet auditoriyası arasındakı "antaqonizmin"- televiziya tamaşaçılarının xətti yayım və ənənəvi proqram formatlarına öyrəşmiş yaşlı insanlarla məzmunu əsasən onlayn istehlak edilən, özləri üçün əlverişli vaxtda izləmək və yaradıcılarla qarşılıqlı əlaqədə olmaq imkanındakı gənc tamaşaçıların praktik situasiyanın tablosudur. Bu tabloda “klassiklərlə” “sürrealistlər” arasında “axan yeraltı suların” hansısa fəsadlar yaratmadan axması nikbinlik üçün əsaslar verir. Televiziya kanalları ənənəvi televiziya məzmunu istehlak modelinin dəyişdiyini və auditoriyanı cəlb etmək üçün yeni formatları nəzərdən keçirməli olduqlarını qəbul etməkdən savayı, “yenilənmənin” qaçılmaz olduğunu etiraf etməklə praktik addımlar atırlar.

Nəticədə qloballaşmanın ən dərin təzahürü KİV şəbəkələri kontekstində fərdlər və bütövlükdə dünya, xalqlar və ölkələr arasında sıx münasibətlərin formalaşmasıdır. İnternet resurslarının sürətlə həyatımıza daxil olmasına baxmayaraq, müasir televiziya zəmanəmizin ən qabaqcıl kütləvi informasiya-mədəniyyət vasitəsinə çevrilmiş və bu istiqamətdə işini davam etdirir. Müasir televiziya mediası hələ də zəngin, çoxşaxəli və çoxölçülü kompleksi olmaqla kütləvi kommunikasiya vasitəsi və dəyər daşıyıcılarının ən mühüm komponenti hesab olunur. O, nəinki bütün zamanların cəmiyyətlərlərində ən etibarlı informasiya daşıyıcısı, həmçinin sosial durumun barometri kimi qəbul edilir.

Bu yazıda müasir mühitdə TV-nin nə dərəcədə aktual olduğunu araşdırmamıza başlamazdan əvvəl onu xatırladaq ki, sürətlə dəyişən media mənzərəsində Azərbaycan telekanalları rəqəmsal mühitə assimilyasiya olunur. Bu isə o deməkdir ki, yayım proqramlarının xətti proqramlaşdırılması “yaxın zamanlarda olduğu kimi”, bir o qədər də aktual görünmür. O faktı isə hər bir televiziya menenceri etiraf etməyə borcludur ki, informasiya istehlakçısının maraq dairəsini nə qədər öyrənə biliblər? Mübahisəsiz qəbul edilən həqiqətlərdəndir ki, günümüzün statistik internet istifadəçisi sutka ərzində saysız-hesabsız videolara baxır. İstehsalçıların təkcə YouTube portalında hər dəqiqə 60 saat video yüklədiklərini və resursa ayda 1 milyard nəfərdən artıq istifadəçinin - planetin hər 7-8-ci sakininin daxil olduğunu nəzərə alsaq, ancaq bir platformanın nümunəsində qlobal internet bazarının gücünü görmək olar. Buna görədir ki, milli televiziya kanallarımızın flaqmanı olan Azərbaycan Televiziyası (AZTV) üçün yüksək keyfiyyətli məhsul istehsalının aktuallığının şərtləndirən başlıca istiqamətlər Televiziyanın istehsal və yayım siyasətində aydın görünür. Bunun üçündür ki, AZTV-nin proqramları diqqət və anlayış tələb edən sosial-siyasi əhəmiyyətli hadisələrin diqtəsi ilə formalaşır. Həmin məqsədə çatmaq üçün televiziyanın texniki və funksional təkamülünü izləməklə sosial şəbəkələrdə televiziya mediasının yaranmasına nəyin səbəb olduğunu və inkişaf tendensiyalarını proqnozlaşdıra bilmək, televiziyalar arasında oxşarlıq və əsas fərqləri müəyyənləşdirərək nəticələri perspektiv fəaliyyətimizdə tətbiq etmək, mövcud yerli və xarici analoji seqmentlərdə monitorinqlərin aparılmasını metodiki olaraq həyata keçirmək qaçılmazdır.

Məsələ bundadır ki, tezlik üçün lisenziya əldə olunması artıq izləyicinin diqqətini cəlb etməyə zəmanət vermir. Üstəlik, bazara getdikcə daha çox müasir kominikasiya oyunçusu daxil olmaqdadır. Onlar klassik kanalların məzmununda dominantlığa nail olmaq yolunu təşkil etdikləri masaüstü avadanlıqlar və cihazlarda, gözlənilməyən sürətlə təkmilləşən mobil telefonlarda görürlər. Bu isə yeni dalğanın üstündə gələnlərə öz iddialarını təsdiqləməklə bərabər, tamaşaçı ovunun müxtəlif cəlbedici metodlarını mənimsəmək üçün kifayət edən mühüm psixoloji üstünlük yaradır. “Yeni yollar axtarışında olanlar”  isə nəinki “kino” məzmununu qəbul etmirlər, üstəlik, fon görüntüləri ilə işləməyi öyrənməsələr də, tamaşaçı üçün nə lazım olduğunu akademik formada əxz ediblər. Telekanalların itkisi bununla kifayətlənmir və “itirilənlərin” ikincisi, bizə elə gəlir ki, daha vacibdir: televiziya kanallarında sanki “izləyici xəzanı” başlayıb, üstəlik kreativ yanaşmalar ləngisə, bu, daha uzunmüddətli nəticələrə gətirib çıxaracaq.

Oxşar mövzuda aktual olduğu qədər də intensiv səslənən fikirlərin platformalarına ev sahibliyi edən ölkələrdən biri də vətənimiz Azərbaycandır və iki il əvvəl - 2023-cü il iyul ayının 22-də Şuşada Heydər Əliyev İli çərçivəsində Azərbaycan Milli Mətbuatının 148-ci ildönümünə həsr edilən “IV Sənaye İnqilabı dövründə yeni media” mövzusunda Şuşa Qlobal Forumu bu mövzu üzrə ən məhsuldar tədbirlərdən biri kimi yadda qaldı. Diqqətli oxucular yaxşı xatırlayırlar ki, 48 ölkədən 150-yə yaxın jurnalistin, həmçinin yerli və beynəlxalq səviyyəli media təsisatı nümayəndələrinin iştirak etdiyi Forumun açılış mərasimində iştirak etməklə bərabər, iştirakçıların suallarını cavablandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələ ətrafındakı suala nə qədər konseptual, ölkə və dünya media qurucuları üçün yol xəritəsi olacaq fikirlər səsləndirdi.

Sosial təfəkkürdə televiziya istehsalının böyük əksəriyyətində məzmunun aşağı səviyyədə olmasından narahatlıq ifadə olunur, digərləri isə televiziyanın sosial şəbəkə mediasından geri qalma riski barədə fikirləşirlər. Nəticədə neçə illərdir qaçılmaz yeniliklərlə “əbədi funksionallıq qaynağı” olan klassiklər arasında müasir televiziyanı inkişaf tendensiyaları ətrafındakı “Nə etməli?” sualı aktual olaraq qalır. Həm kütləvi kommunikasiya tədqiqatçıları, həm də müasir televiziya kanallarında çalışan praktiklər arasında mübahisə və müzakirələrə səbəb olan bu sualın hər iki tərəfdən eşidilən cavabları nə qədər arqumentli səslənsə də, yaranmış situasiyada dominantlıq ab-hava yaratmaqdan uzaq görünür.

Müasir telekanalların proqramlaşdırılması prinsiplərinin dəyişdirilməsi, dominantlıq yayım şəbəkəsinin strukturlaşdırılmasında reytinq yanaşması siyasətində media bazarına əsaslı təsir edən tendensiyaların dəyişməsi qaçılmazdır. O dəyişilkliklərdən yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik effektini saxlayır və bunun bariz ifadəsinin necə baş verdiyini 2026-cı ildə 70 və 100 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan Televiziyasının və Azərbaycan Radiosunun nümunəsində müşahidə edilir.

“Böyük dövlət xadimlərinin fəaliyyət izi hər bir xalqın həyatının bütün sahələrində özünü göstərir”- deyimini xatırlatmaqla onu qeyd etmək yerinə düşər ki, Ana Televiziyamızın inkişafında yaddaqalan hadisələr Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmə düşür. O vaxtkı Azərbaycanının ictimai-siyasi və mədəni həyatında yeni texniki vasitə olaraq daxil olan Azərbaycan Televiziyası təkcə Azərbaycan xalqını keçmiş şərəfli tarixinin ən parlaq səhifələrinin təbliği ilə məşğul olmur, həm də milli- mənəvi dəyərlərimizin, yetişən gəncliyin şüurunda özünə yuva qurmasında başlıca missiyanı yerinə yetirirdi.

Azərbaycan Televiziya və Radiosu keçdiyi yolda qazanılan zəngin təcrübəsi ilə yaratdığı, milli dəyərlər, dövlətçilik təfəkkürü əsasında yaradılmış məktəbə çevrilib və bu gün də ölkənin televiziya məkanında aparıcı rolunu saxlamaqdadır. İstər özünün maddi-texniki bazasının zənginliyi, istərsə də uzun illərdən bəri formalaşan ən yaxşı ənənələr əsasında yetişən peşəkar yaradıcı heyəti ilə AZTV rəngarəng mövzuları, təqdimat formaları ilə seçilən, teleməkanda öz auditoriyasını qazanan, gizlətmədiyi iddiaları ilə inkişaf yolunda yeni addımlar atan, gündən-günə mövqelərini möhkəmləndirməkdə olan quruma çevrilməkdədir. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin hamiliyi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında 2009-cu il fevral ayının 1-də yaradılan “İdman”, 2011-ci il fevral ayının 14-də təsis olunan “Mədəniyyət” telekanallarının fəaliyyətinin, xüsusilə, son illərdə Azərbaycan Televiziyasında aparılan islahatların nəticəsidir ki, onun efirində təqdim edilən, müxtəlif formatlarda və aktual mövzularda hazırlanan proqramlar nəinki tamaşaçıların maraqla qarşıladıqları, həmçinin etimad göstərdiyi verilişlərə çevrilib. Bu sırada İctimai-siyasi proqramlar Studiyasının hazırladığı, ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda baş verən aktual ictimai-siyasi hadisələrin təhlil olunduğu “Həftə” ölkədə baş verən diqqətçəkən məsələlər üzərində qurulan və aparıcıların qonaqlarla birlikdə baş verən hadisəni canlı olaraq müzakirə olunduğu “Hədəf” və digərləri ancaq informativ deyil, həm də maarifçilik yükü olan proqramlardandır. Hər gün 12 dəfə - 08:00, 09:00, 10:00, 12:00, 14:00, 16:00, 16:30 (iqtisadiyyat), 18:00 (rus dilində), 19:00 (region), 20:00, 00:00, 02:00 (ingilis dilində) efirə çıxan “AZTV XƏBƏR” proqramının ancaq ölkə daxilində deyil, həmçinin ölkə xaricində də stabil auditoriyası olması informasiyanın operativ və peşəkarlıqla çatdırılması ilə izah oluna bilər.

Bunlarla bərabər, “Bu gün qazanılan istənilən uğurlarla kifayətlənmək gələcək tənəzzülün başlanğıcıdır”- deyimini yada salmaq lazım gəlir. O amili də unutmamaq gərəkdir ki, az qala, bütün televiziya proseslərinin internetləşdiyi indiki dövrdə televiziya və internet texnologiyalarının bir çox sahələrdə - həm televiziya məzmununun yaradılması sahəsində, həm də tamaşaçıya çatdırılmasında bir-birinə nüfuz etməsi üçün xüsusi şərait yaradılır. Təkcə televiziya tamaşasının yayım kanalı deyil, həm də istehlakçının bu məzmunla münasibətinin forması dəyişir. Əslində telekanalların yeni yayım paradiqması formalaşır. İnternet yayımı meydana çıxır, yəni televiziya məzmununun yeni kommunikasiya prinsipləri

əsasında internetdə onlayn çatdırılması prosesinin iştirakçısına çevrilirik. Azərbaycan telekanallarının internet yayımının eksperimental mərhələdən keçməklə çox vacib kütləvi informasiya vasitələri seqmenti kimi meydana çıxması buna görədir ki, adi qarşılanır. Eyni zamanda, hər bir telekanal internet yayımının həyata keçirilməsinin xüsusi səbəblərini görməklə yanaşı, onun inkişafı üçün bir çox motivlər yaradır və bu missiyanı Azərbaycan Televiziyası uğurla aparır. Güman etmək lazımdır ki, yaxın gələcəkdə genişzolaqlı internet texnologiyalarının inkişafı qlobal şəbəkənin yayım keyfiyyəti ilə alternativ kanallar arasındakı sərhədləri siləcək. Bu, şübhəsiz ki, televiziya yayımının yeni inkişaf səviyyəsinə gətirib çıxaracaq və ona yeni perspektivlər verəcəkdir.

Media diskursunun diqqətəlayiq mövzularından birinə çevrilmiş konvergensiya indi müxtəlif kontekstlərdə - sənaye hadisəsi kimi, təşkilati və idarəetmə qərarlarının məcmusu kimi, jurnalist fəaliyyətinin yeni xüsusiyyəti, yeni medianın yaranması üçün ilkin şərt kimi nəzərdən keçirilir. Bu zaman interaktivlik (media ilə istifadəçilər arasında birbaşa əlaqə, müəllif-istehlakçı ünsiyyət modelində rolun inversiyası), hipermətn məzmunu (system tərəfindən birləşdirilən potensial sonsuz mətnlər toplusundan ibarət mətn), multimedia və transsərhəd (media redaksiyasının coğrafi yerindən asılı olmayaraq məlumatların yayılması, məhdudiyyətsiz potensial auditoriya) faktorları başlıca amil kimi diqqəti cəlb edir. Onu isə təəssüflə xatırladırıq ki, internet resurslarının başlıca hərəkətverici qüvvəsi olaraq qəbul edilən sosial şəbəkələrdə televiziya yayımının spesifik xüsusiyyətləri hələ də Azərbaycanda elmin tədqiqat obyektinə çevrilməyib. Təkəm-seyrək bu istiqamətdəki yazılar ən yaxşı halda mövcud faktların təhlili ilə kifayətlənir, perspektiv inkişaf yollarının elmi əsasları nadir hallarda qeyd edilir. Televiziya mediasının sosial şəbəkələrdə aparıcı platformalara çevrilməsi üçün praktiki tövsiyələrin hazırlanmasında teletənqidçilərimizin və bu yöndəki elm adamlarımızın lokomotiv olaraq rolu ya hiss olunmur, ya da qabarıq görünmür. Bu isə informasiya üstünlüklərinin öyrənilməsinə fəlsəfi yanaşmaların televiziya və sosial şəbəkələrdə kortəbii yaranan tendensiyaların yer tutmasına gətirib çıxarır.

Son olaraq qeyd edək ki, nə cür olmasından asılı olmayaraq, televiziyanın sosial şəbəkə seqmentlərində yeri və aktuallığı günümüzün əsas çağırışına çevrilib və bu amili günümüzün əsas amili kimi qəbul etməmək heç bir televiziya üçün yaxşı nəsə vəd etmir. Buna görədir ki, AZTV üçün sosial şəbəkələrdəki alqoritmin öyrənilməsi taktiki deyil, strateji mahiyyət daşıyır. Bizim üçün sosial şəbəkələrin siyasi, iqtisadi, sosioloji, kulturoloji-ümumən, elmi təhlili ondan ibarətdir ki, yaşadığımız informasiya reallığında seytnot vəziyyəti ilə üzbəüz qalmayaq və qeyd edək ki, bu, ən azı, gələcək fəaliyyətimiz üçün növbəti addımlarımızı atmaq üçün həyati əhəmiyyət daşıyır. Ona görədir ki, hər bir televiziya üçün sosial dünyanın inkişafı ilə bağlı vəziyyəti düzgün qiymətləndirməmək, sosial şəbəkə platformalarının müasir insanın həyatındakı rolunu qəbul etməmək, sadəcə olaraq, mövcud olmaq perspektivivini itirəcək qədər riskli davranışdır və AZTV öz fəaliyyətini bu gerçəkliyin diqtəsi əsasında qurur. Ana Televiziyada yaranan tendensiyalar diqqətlə izlənilir və mütəxəssislər əmindirlər ki, kanallar tamaşaçıların məzmunu istehlak etmək üçün daha əlverişli olduğu yerə sürükləyəcəklər. Gənclərin “Youtube”a olan həvəs dalğası səngiməyəcək, buna ümid bəsləməyin mənası yoxdur və telekanalların ancaq internetlə birlikdə mövcudluğu indinin və gələcəyin diqtəsidir. O diqtə isə janr və stil prinipinin müəyyənləməsində sözünü desə də, məqsədimiz epik məzmundur - canlı, dinamik və bəzən ekzotik. Azərbaycan Televiziya və Radiosu üçün abunəçilərin sayı vacib parametrlərdəndir, lakin bu Ocaqda daha çox məzmunun texniki keyfiyyəti, orijinallıq başlıca etalon sayılır. Bir sözlə, auditoriyanı genişləndirmək, məzmun strategiyamıza sadiq qalmaqla səmərəli paylama modeli qurmağa nail olmaqla auditoriyamızın sırasını artırmaqla ölkəmizin layiqli təqdimatı kollektivimiz üçün prioritet istiqamətdir.

Elməddin Quliyev,
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin şöbə rəisi