06 noyabr 2025 11:31
139

Siyasi səhnədə nə AXCP, nə Müsavat partiyası, nə də “5-ci kolon”a yer yoxdur!

Radikal müxalifət xaricdəki havadarlarından aldıqları vəsaitlər hesabına onların sifarişlərini yerinə yetirərək dövlətimizin maraqlarının əleyhinə “fəaliyyət” göstərməkdə davam edir. Bu üzdəniraqlar sosial şəbəkələrdə - virtual aləmdə öz himayədarlarının sifarişləri əsasında ölkəmizə qarşı qarayaxma, hədyanlar yağdıraraq dünya miqyasında böyük uğurlara imza atmış respublikamızın imicinə xələl gətirməyə cəhdlər edirlər. AXCP və Müsavat Partiyasının fəaliyyəti illərdir dövlətə və xalqa qarşı yönəlib. Bu, müxalifətçilik deyil. Dövlətin milli maraq və mənafelərinə qarşı mübarizəni əsas fəaliyyət istiqamətinə çevirən bu partiyalar milli birliyimiz üçün də təhdidə çevriliblər. Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə siyasi partiyaların birgə bəyanatına AXCP və Müsavat Partiyasının qoşulmaması bunun bariz nümunəsidir.  Təkcə bu addımları onların antimilli xislətini bir daha ifşa edir. Bir məsələni də qeyd edək ki, AXCP sədri” Əli Kərimlinin 2020-ci ildə - 44 günlük Vətən müharibəsindən əvvəl verdiyi “Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil” mesajı unudula bilməz. Şübhəsiz, bu mesaj təxribatçı Əli Kərimlinin xaricdən aldığı tapşırığa uyğun səsləndirdiyi fikirlərdir. Bu antimilli ünsürün məqsədi belə bir dezinformasiya yaymaqla milli birliyi sarsıtmaq idi. Elə Ermənistanın işğalçı siyasəti ilə Azərbaycanın Zəfər savaşını eyniləşdirməsi də bu avantüristin  xarakterindən irəli gəlirdi. Sosial şəbəkə hesabı ABŞ və Fransadan idarə olunan birinin özünü kimlər edir, bəs?! Şübhəsiz, bütün bunlar onun haylara, eləcə də ölkəmizin güclənməsini istəməyən digər qüvvələrin sifarişlərini yerinə yetirməsini təsdiq edən vacib faktorlardır.

Azərbaycan dövlətinin maraqlarının əleyhinə mesajların “5-ci kolon”un digər nümayəndələri - “novarçılar”, “feministlər” kimi qruplar tərəfindən də verilməsi sifarişin eyni mərkəzdən gəldiyini nümayiş etdirir. Bu kimi faktlar isə AXCP, Müsavat partiyası, ümumilikdə “5-ci kolon”un  dövlətə, xalqa qarşı olduğunu sübut edir. Dövlətə, onun maraqlarına, xalqa qarşı mövqedə olan bu qüvvələr - AXCP, Müsavat partiyası, “5-ci kolon” tam şəkildə siyasi səhnədən silinməlidir.

Xatırladaq ki, 1993-cü ildən bəri radikal müxalifətdən  - istər Rusiyadan, istər İrandan, istərsə də Qərbdən asılı qruplardan - müxtəlif adlar altında Azərbaycan dövlətinə qarşı ideoloji platformada mübarizə üçün alət kimi istifadə olunub. Onlar fərqli maskalar altında gizlənməyə çalışsalar da məqsəd eyni olub: dövlətin ideoloji dayaqlarını və milli birliyi sarsıtmaq. Bir məsələni də vurğulayaq ki, bu anti-milli ünsürlərin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə haqqında 4 aylıq ev dustaqlığı həbs qərarı verilmiş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə də işbirliyində olması ilə bağlı ciddi şübhələr var. Dövlətə qarşı xəyanət yolunu tutan Mehdiyevin yaratmağı planlaşdırdığı “Dövlət şurası” adlı qurumda AXCP sədri Əli Kərimli və eyni düşərgənin digər üzvlərinin yer alması bunu bir daha təsdiq edir. Deməli, dövlətin maraqlarına, təhlükəsizliyinə təhdidə çevrilən AXCP, Musavat və ümumilikdə “5-ci kolon” siyasi səhnədən silinməlidir!

Yeri gəlmişkən qeyd edək ki, dünyanın bir sıra ölkələri xarici dairələrin əlində alətə çevrilən qüvvələri siyasi səhnədən uzaqlaşdırıblar. Məsələn, elə götürək Türkiyəni. Bu ölkədə Gezi parkı olaylarından sonra dövlətin sütunlarını içəridən sarsıtmaq istəyən “paralel yapı”lar və xaricdən idarə olunan strukturlar sistemli şəkildə zərərsizləşdirilib. Bir neçə gün öncə  Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Konstitusiya Məhkəməsinə 3 əsas müxalifət partiyasının fəaliyyətinin qadağan edilməsi üçün müraciət edib. Artıq  Ermənistanda  Paşinyan hakimiyyəti də  cəmiyyətdə qarışıqlıq yaratmaq istəyən qüvvələrə qarşı daha radikal addımlar atmaqdadır. Onu da qeyd edək ki, bu kimi addımlar təkcə siyasi yox, həm də ideoloji müstəqillik savaşı kimi dəyərləndirilməlidir.

Bu gün dünyada söz sahibi olan güclü Azərbaycan dövləti üçün ideoloji sabitliyi qorumaq çox vacib məsələdir. Ona görə də siyasi səhnədə nə AXCP, nə Müsavat partiyası, nə də “5-ci kolon”a yer yoxdur.

Xaricdəki havadarlarından asılı olan və onların əlində alətə çevrilən  AXCP, Müsavat kimi partiyalar birdəfəlik siyasi səhnədən silinməlidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”