06 noyabr 2025 10:04
91

Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir

Azərbaycanın müasir tarixində elə bir dövr yoxdur ki, orada Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası hiss olunmasın. O, təkcə böyük siyasətçi deyil, həm də xalqın taleyinə yön verən, onu ağır sınaqlardan çıxaran dahi lider idi. XX əsrin sonlarında ölkəmizin qarşısında duran təhlükələr, daxili çəkişmələr və xarici təzyiqlər qarşısında Azərbaycan dövlətçiliyi ciddi sınaq qarşısında qalmışdı. Məhz həmin çətin vaxtlarda xalqın ümid yeri Ulu Öndər Heydər Əliyev oldu.

1993-cü ildə ölkəmizdə hakimiyyət böhranı, separatizm və anarxiya hökm sürürdü. Dövlətin müstəqilliyi itmək təhlükəsi ilə üz-üzə idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə vəziyyəti sabitləşdirdi, dövlətçiliyi xilas etdi. Onun uzaqgörən siyasəti, sarsılmaz iradəsi və xalqa sonsuz inamı Azərbaycanı uçurumdan çıxardı, sabitlik və inkişaf dövrünün əsasını qoydu.

Heydər Əliyevin qətiyyətli addımları nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, hüquqi dövlət quruculuğu prosesi başladı, ordu formalaşmağa başladı. Ulu öndərin “Güclü dövlət – güclü xalq deməkdir” prinsipi bu gün də Azərbaycanın hər bir uğurunun təməlində dayanır.

O, xalqa arxalanır, xalqdan güc alırdı. Onun bütün qərarlarının mərkəzində Azərbaycan insanı dayanırdı. Heydər Əliyev üçün xalqın rifahı, dövlətin bütövlüyü və gələcəyi hər şeydən üstün idi. Bu mənəvi bağlılıq və qətiyyətli liderlik sayəsində Azərbaycan yenidən dirçəldi, dünyada tanınan, möhkəm dayaqlara sahib müstəqil dövlətə çevrildi.

Bu gün müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq nüfuzu və gücü Heydər Əliyev siyasətinin bəhrəsidir. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Azərbaycanı daha da qüdrətli, inkişaf etmiş bir ölkəyə çevirib.

Tarix bir daha sübut etdi ki, Ulu öndər Heydər Əliyev kimi şəxsiyyətlər əsrlər boyu bir dəfə doğulur. Onun qətiyyəti, iradəsi və xalqa bağlılığı sayəsində bu gün biz azad, güclü və müstəqil Azərbaycanda yaşayırıq.

Çiçək Əliyeva,
Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin  müəllimi,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatının üzvü