Xalqımız Ali Qanunumuzun 30 illiyini qürur və şərəflə qeyd edir
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. 1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Belə ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Prezident Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.
Ölkə Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin yeddi hakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə bütövlükdə Konstitusiyanın aliliyini qoruyur. Ötən 30 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial- iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin inkişafında tamamilə yeni mərhələnin başlanğıcının qoyulmasının göstəricisi idi. Bu mərhələ öz növbəsində siyasi sistemin mərkəzində insan hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideyalarının olması ilə səciyyələnir. Müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunda müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən dəyərlər geniş şəkildə əks olunmuşdur. Belə ki, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquq və azadlıqlarının effektiv müdafiə mexanizmlərinin mövcudluğu, hakimiyyət bölgüsünün təmin edilməsi, sosial ədalətə nail olmaq, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması kimi və digər mühüm müddəalar Konstitusiyada öz əksini tapmışdır. Bu sənəd heç bir ayrı- seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd olunub ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Hüquq bərabərliyi bir sıra məcəllələrlə, o cümlədən Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar Məcəllələr ilə və digər qanunlarla təsbit olunmuşdur. Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. «Əsas insan və vətəndaş hüquqları və azadlıqları» adlanan III fəsil məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı şərh edir, onların reallaşdırılmasına təminat verir, müdafiəsi təsbit olunur. Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin əsas nüvəsi olan ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmişdir. Dövlət və cəmiyyətin Əsas Qanunu olması ilə bərabər, ölkədə gedən ictimai inkişaf və sosial-iqtisadi dəyişikliklər, həmçinin qloballaşan dünya tələbləri Konstitusiyanın özünün mətnində də dövrün nəbzinə uyğun əlavə və dəyişikliklərin edilməsini tələbata çevirdi.
Bu sənədin əsas dəyəri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetmənin prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir.
Çox fərəhli haldır ki, xalqımız Əsas Qanunun qəbulunun 30-cu ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaratdı. Məhz bu Tarixi Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetiriərək işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olundu.
Elçin Zaman, «İki sahil»