22 dekabr 2025 10:25
110

Şəhidliyin nurunda və xatirələrin işığında yaşayanlar

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhid polkovnik-leytenant Rəşad Sadıqova həsr olunmuş anım mərasimi, eləcə də onun həyat və döyüş yolundan, nümunəvi zabit kimi xidmət illərindən bəhs edən "Xatirələrin işığında: Rəşad Sadıqov" kitabının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. 
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirin aparıcısı mərasimi açıq elan etdikdən sonra şəhid polkovnik-leytenant Rəşad Sadıqovun həyat və xidmət illərini əks etdirən video-çarx nümayiş olundu. 

Şəhidin anası Fəlakət Hüseynova və qardaşı Səbuhi Sadıqov çıxış edərək anım gününə toplaşanları salamladılar və ölkə rəhbərliyinə, eləcə də Müdafiə Nazirliyinə göstərilən diqqət və qayğıya görə, həmçinin anım tədbirinin təşkilinə görə minnətdarlıqlarını ifadə etdilər. 

Şəhidin ailə üzvləri övladı Nihad Sadıqov, əmisi Sadıq Həsənov öz çıxışlarında Rəşad Sadıqovla bağlı xatirələrini bölüşdülər, onun elmə, təhsilə olan marağından, Vətən sevgisindən və hərbi xidmətə sonsuz bağlılığından, ailəsinə, tabeçiliyində olan şəxsi heyətə qayğıkeş münasibətindən geniş söhbət açdılar.

"Xatirələrin işığında: Rəşad Sadıqov" kitabının müəllifi, eləcə də Rəşadın döyüş yoldaşı Amil Məhərrəm oğlu şəhid zabit yoldaşı barədə xatirələrini bölüşdü, kitabın hazırlanması ilə bağlı görülən işlərdən danışdı və iş prosesində, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi. Müəllif eyni zamanda belə kitabların şəhidlərin xatirəsinin daima ehtiramla yad edilməsində, gənc nəslin və hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsində səmərəli vasitə olduğunu xüsusi qeyd etdi.

Şəhid zabitin hələ xidmət dövründə göstərdiyi bir çox qəhrəmanlıq nümunələrinin insanlıq adına, zabit şərəfinə nümunə çəkiləcəyi bir daha diqqətə çatdırıldı. Belə ki, onun 2004-cü ildə Naxçıvan Muxtar Respublikasında baş verə biləcək faciəvi qəzanın qarşısını alaraq kursantların həyatını xilas etməsi:
2019-cu ildə Goranboy rayonunda xidməti yerinə gedərkən Ballıqaya kəndi ərazisində yanan evin söndürülməsində və iki yaşlı körpəni yanğından xilas etməsində göstərdiyi şücaət dillər əzbəri olduğu vurğulandı. 

Daha sonra kitabın redaktoru ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov, Rəşadı şəxsən tanımadığına heyfsilənsə də kitabın hazırlanması prosesində onun haqqında xatirələri oxuduqca Rəşadı savadlı, peşəsini sevən bir zabit, Vətən, xalq üçün canını verməyə daima hazır olan bir insan kimi tanıdığını dedi. Rəşad xidmətdə nə qədər ciddi idisə, evdə ailədə bir o qədər gülərüz, şən, xoşbəxt olurdu, qayğıkeş ailə başçısı, ünsiyyətdə səmimi, mədəni zabit kimi xatirələrdə yaşayır, ehtiramla anılır deyə, kitabın redaktoru qeyd etdi.

“Kitab var ki, dağlar boyda abidə, kitab var ki, ömür boyda xatirə. "Xatirələrin işığında: Rəşad Sadıqov" kitabı da şəhidlərimizin həyat xatirəsini yaşadan kitablar silsiləsindəndir. Allah qatında şəhidlər ölü sayılmırlar, diridirlər, insanlar qatında isə biz onları xatırladıqca onlar daima yaşayacaqlar, ruhları şad olacaq. Bu kitab da məhz bu məqsədə xidmət edir - Şəhidlərin xatirəsinin yaşatmağa, əbədi etməyə, hörmətlə anmağa” – deyə İ. İsmayılov çıxışına davam etdi.

“Sizi unutmağa yox haqqımız
Sizinlə ölməmək günahımız,
Bir idi əvvəllər yolumuz,
İndi! 
Qismət olsa günün birində,
Qovuşar Sizlərə bəlkə ruhumuz”

“Arzu edərdim ki, onların mərtəbəsinə yüksəlmək şansımız olmasa da onların adına layiq olan, ruhumuzun onlara qonşu olacağı bir həyat yaşamaq nəsib olsun” – deyə ehtiyatda olan zabit çıxışını bitirdi və hörmət ehtiram əlaməti olaraq, kitabın ilk nüsxəsini şəhidin anasına təqdim etdi.  

Kitab həmçinin müəllif tərəfindən şəhidin oğlu Nihad Sadıqova da təqdim olundu.
 
Daha sonra çıxış edənlər ehtiyatda olan polkovnik Mirqiyas Rüstəmov, zabit yoldaşları Tarverdiyev Elnur, Alıyev Yalçın şəhid zabitimiz Rəşad Sadıqovla olan görüşlərindən, onunla birlikdə xidmət dövründə şahid olduqları maraqlı hadisələrdən, xidmət və Vətən müharibəsi dövründə onun şücaətlərindən danışdılar.

Şəhid polkovnik-leytenant Rəşad Sadıqov hərbi əməliyyatlarda göstərdiyi şəxsi igidlik nümunələrinə və hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırıqların icrasında fəal iştirak etdiyinə görə  Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin fərmanları ilə ölümündən sonra "Cəbrayılın", "Laçının", "Qubadlının" azad olunması medalları və "Rəşadət ordeni" ilə təltif olunub.

Qeyd edək ki, "Xatirələrin işığında: Rəşad Sadıqov" adlı kitabın müəllifi, şəhid zabitin döyüş yoldaşı, gənc yazar Amil Məhərrəm oğlunun qələmə aldığı və çapdan çıxan bu mövzuda ilk yaradıcılıq nümunəsidir və kitabın məzmunun leytmotivi, “Şəhidləri başqalarından fərqləndirən ən əsas cəhətlərdən biri, onların daha möhkəm əqidəli, amalı naminə, Vətənin suverenliyi, torpaqlarımızın azadlığı naminə candan keçməkdən belə qorxmayan yüksək əxlaqlı vətəndaş, insan olmalarıdır” – mövzusu təşkil edir.

Kitabı elektron və çap olunmuş halda "Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanasından" əldə edib, oxumaq mümkündür.

Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndiriblər, kitab şəhidin ailə üzvlərinə, tədbir iştirakçılarına təqdim olunub, xatirə fotoları çəkdirilib.