24 dekabr 2025 17:13
171

Sosial-iqtisadi inkişafda lider amili

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Proqram təminatlı dövlət idarəetməsi nəticəsində neft-qaz gəlirlərindən səmərəli istifadə olunur, qeyri-neft sektoru inkişaf etdirilir və ən əsası əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşdırılır. Strateji əhəmiyyət daşıyan infrastruktur layihələrinin icrası, müasir sənaye zonalarının yaradılması və kənd təsərrüfatının modernləşdirilməsi ölkənin kompleks və dayanıqlı inkişafına mühüm töhfə verir. Bu gün Azərbaycan regional və beynəlxalq layihələrdə əsas söz sahiblərindən biridir. Ölkəmiz Avrasiya regionunun aparıcı nəqliyyat-tranzit qovşağı, Avropanın isə enerji təminatı və təhlükəsizliyinin qarantına çevrilib.

Dövlət başçısının həssas əhali qrupunu daimi diqqətdə saxlaması, əlamətdar günləri keçmiş məcburi köçkünlərlə keçirməsi “Xalq-Prezident, Prezident-Xalq” birliyinə sarsılmaz güc qatır. Növbəti doğum günündə də Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfər edərək bir sıra strateji, sosial-mədəni obyektlərin, istehsalat müəssisələrinin açılışında iştirak edib. Yeni açılan fabriklər, zavodlar işğaldan azad edilmiş ərazilərdə iş yerlərinin yaradılması, əhalinin rifahının yüksəldilməsi, qeyri-neft sektorunun inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov "İki sahil"ə bildirib ki, tarixi Zəfərdən sonra başlanmış Böyük Qayıdışa dair I Dövlət Proqramı Prezident İlham Əliyevin siyasi iradəsinin və dövlətçilik strategiyasının parlaq təzahürüdür. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, müasir şəhər və kəndlərin salınması, iqtisadi həyatın yenidən canlandırılması Azərbaycanın gələcəyə inamla addımladığını göstərir. Artıq inkişaf və tərəqqi məkanına çevrilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması istiqamətində reallaşdırılan sistemli və genişmiqyaslı tədbirlər postmünaqişə mərhələsində həyata keçirilən ən çevik modellərdən biri kimi əhəmiyyətli nümunədir.

Tarixi Zəfərdən ötən beş il ərzində müzəffər Ali Baş Komandan işğaldan azad olunmuş ərazilərdə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 170-ə yaxın müəssisənin açılışını edib. Məhz Prezident İlham Əliyevin rəhbərliyi və görülən işlərlə yerində tanış olmaqla birbaşa nəzarəti ilə 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, beynəlxalq təcrübədə analoqu olmayan çevikliklə 3 beynəlxalq hava limanı, 2100 kilometrdən artıq  avtomobil yolu, 392 körpü, 42 dəmir yolu körpüsü, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilib, 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara verilib, 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi və 1 Universitet fəaliyyətə başlayıb, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə təbii qazın verilməsi təmin olunub. Zəngilan rayonunda “Dost Agropark”, Ağdam və Cəbrayıl rayonları ərazisində sənaye parkaları yaradılıb, ümumilikdə 454 milyon manatlıq layihə icra edilib, 185 milyon manat həcmində investisiya cəlb edilib və 1057 yeni iş yeri yaradılıb, hər iki sənaye parkında birlikdə 949,4 milyon manat məbləğində məhsul istehsal olunub ki, bunun da 39,5 milyon manatlığı ixrac edilib.

Nəzərə alsaq ki, dövlət başçısının 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib, onda növbəti ildə də tikinti-quruculuq işlərinin daha da genişlənəcəyi, erməni vandalizminə məruz qalmış memarlıq abidələrinin sistemli şəkildə bərpa ediləcəyi gözlənilir. Azərbaycan Respublikasının zəngin və tarixi köklərə əsaslanan memarlıq ənənələrinə malik olduğunu nəzərə alsaq, 2026-cı ildə bu ənənələrin daha sistemli və kompleks şəkildə davam və inkişaf etdiriləcəyi, memarlıq abidələrinin daha da artacağı proqnozlaşdırılır. Bütün bunlar həm də turizmin müxtəlif növlərinin inkişafı üçün zəngin potensial imkanlara malik ölkəmizin, eləcə də işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişaf imkanlarını daha da artıra bilər.        

Aqil Əsədov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün güclü iqtisadiyyata, möhkəm sosial bazaya və aydın inkişaf strategiyasına malikdir. Əldə olunan uğurlar bir daha sübut edir ki, Azərbaycan doğru yoldadır və bu yol tərəqqi, sabitlik və firavan gələcəyə aparır.