Ermənistana gətirilmiş “İskəndər” raketləri ölkənin rəhbərliyini qürrələndirsə də, bu, tamamilə yersizdir. Rusiya heç də həmin raketləri erməniləri sevərəkdən ora gətirməyib. Rusiya Ermənistanda saxladığı 102-ci hərbi bazasının arsenalına “İskəndər-M” və “İskəndər-E” raketlərini yerləşdirib.
Məlumdur ki, bölgə bundan narahatdır, çünki Cənubi Qafqazda NATO dövlətlərinin maraqları bəzi dövlətlərin maraqları ilə çarpazlaşır. Gürcüstanın Şimali Atlantika blokuna daxil olması ərəfəsində vəziyyət bir qədər də sərtləşir. Gürcüstan bu hərbi alyansa qəbul olunmaq üçün artıq müraciət edib. NATO-nun Şərqə tərəf genişlənmə planı bölgə dövlətlərindən bir neçəsini təşvişə salıb. Artıq NATO qüvvələri Gürcüstana gətirilib, irimiqyaslı hərbi təlimlər keçirildikdən sonra orada 500 nəfərlik əla təchiz edilmiş çevik hərbi hissə yerləşdirilib. Hərbi ekspertlər hesab edirlər ki, əgər NATO irəliləyib Qara dəniz sahillərinə çıxsa, onda bu ölkə və ətraf tamamilə onun nəzarəti altına düşəcəkdir. Ona görə də Rusiya gələcək təhlükələrin qarşısını almaq üçün Ermənistana “İskəndər” raketlərini gətirib.
Rusiya ilə Azərbaycanın dostluq münasibətləri və hərbi, ticari, mədəni və iqtisadi əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Rusiyadan müasir silahlar alır, iki və çoxtərəfli layihələrdə iştirak edir, bununla da iki ölkənin iqtisadi münasibətləri getdikcə möhkəmlənir. Qarşıda digər perspektivlər də var.
Ermənistan prezidenti Serj Sarkisyanın ölkəmizi “İskəndər”lə hədələməsi siyasi blefdən başqa bir şey deyil. Özgəsinin silahı ilə kiməsə hədə-qorxu gəlmək gülüncdür. Çünki o silahlardan istifadə etmək hüququ yoxdur. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının Bakıda keçirilən yığıncağındakı çıxışında deyib ki, Ermənistan özgəsinin gücünə güvənməsin. Bizim hərbi gücümüz qarşımızdakı istənilən hədəfləri darmadağın etməyə qadirdir və arsenalımızda “İskəndər” raketlərinə bərabər silahlar var. Ona görə də Azərbaycan bölgənin ən güclü dövlətidir.
“Azərbaycan müstəqil dövlətdir və istədiyi xarici ölkədən istədiyi miqdarda silah ala bilər”. Bu sözləri Rusiya prezidenti Vladimir Putin erməni jurnalistinin Azərbaycanın güclü silahlarla silahlanması ilə əlaqədar verdiyi suala cavabında deyib. Təbii ki, belə gözlənilməz cavab nəinki erməni jurnalistin, hətta bütün ermənilərin sifətinə vurulan sərt şapalaq oldu.
Bu ilin aprelində dördgünlük döyüşlər Azərbaycanın Ermənistan üzərindəki hərbi üstünlüyünü açıq göstərdi.
Ermənistanın Gürcüstan torpaqlarına da iddiaları var. Bu meyil hərdən baş verən insidentlərdə özünü büruzə verir. Ziddiyyətlər hələlik ört-basdır olunsa da, düşmənçilik sovuşmur, dondurulmuş vəziyyətdə saxlanılır. Ermənistanın Abxaziyanın müstəqilliyini tanımağa söz verməsi, Abxaziyanın vitse-prezidenti Vitali Qabniyanın Dağlıq Qarabağın “25 illik müstəqillik” tədbirlərində iştirak etməsi iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Dağlıq Qarabağ və Abxaziya separatçıları arasında aparılan danışıqlara görə Ermənistana gedib və dövlət başçılarından bununla bağlı izahat tələb edib. Maskasını gizlədə bilməyən Ermənistan qonşu olduğu üç dövlətlə-Türkiyə, Azərbaycan və Gürcüstanla ənənəvi düşmənçiliyini davam etdirir. Onu da qeyd edək ki, ermənilər forpostu olduqları Rusiyanın bəzi ərazilərini “böyük Ermənistan” torpaqları hesab edirlər. Ancaq bunu gələcək gizli planda saxlayırlar. Namərd erməni xislətlərinə uyğun olaraq nə vaxtsa Rusiyanın əleyhinə çıxacaqları heç şübhəsizdir. Hələ qapazaltı olduqları üçün cınqırlarını çıxarmırlar.
Ona görə də bölgədə üç dövlətə qarşı duran və qorxu altında yaşayan Ermənistandır. Erməni mənbələrinin verdiyi məlumatlarda bildirilir ki, aclıq və səfalət içərisində əzab çəkən sadə ermənilər bu dəfə böyük miqyaslı müharibənin başlanması təhlükəsindən bərk narahatdır.
Vəli İlyasov, “İki sahil”