KÖŞƏ

Vəli İlyasov

Sosial ədalət prinsipi daha da möhkəmlənir

01 dekabr 2016 14:35
774

Bu günlərdə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu və reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Qərar dərc edilər-edilməz daim qara yaxmağa hazır vəziyyətdə dayanmış destruktiv müxalifət qaragüruhçuları məsələnin məğzinin nədən ibarət olduğunu ya anlayaraqdan, ya da anlamayaraqdan qəsdən təhrif edərək əhali arasında yanlış məlumatlar yaymaqdadırlar.

Yalanlar üfürməkdə mahir olan müxalifət mətbuatında qərəzli yazıların dərc edilməsi iqtidarın ünvanına şər-böhtan kampaniyasının tərkib hissəsidir. Onlar iddia edirlər ki, guya Tarif Şurasının bu qərarı aztəminatlı və  kasıb təbəqəni çətin duruma salacaq. Ancaq qətiyyən belə deyil.

Qərəz açıq-aydın görünür, çünki burada məqsəd  heç də onların iddia etdikləri mahiyyəti daşımır. Burada söhbət enerjidən israfçılıqla istifadə edənlərə qarşı mübarizədən gedir. Az enerji işlədən ailələr yenə də əvvəlki  kimi-heç bir qiymət artımı olmadan pul ödəyəcəklər. Ancaq varlı-imkanlı ailələrin, böyük mülk sahiblərinin, iri istehsal müəssisələrinin, istixanaların, biznes obyektləri sahiblərinin, sahibkarların və  iş adamlarının yanacaq və enerji haqlarından yayınma halları və onlardan israfçılıqla istifadənin qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Sadə dildə desək, az enerji işlədən az pul ödəyəcək, çox işlədən isə çox.

Bu, sosial ədalət prinsipi ilə tam uyğun gəlir və həm dövlətin, həm də aztəminatlı təbəqənin mənafeyinə müsbət təsir göstərəcək.

Tarif  Şurasının qərarı ilə bağlı Səbail rayonunun bir neçə sakini ilə görüşüb söhbət  etdik. Şəhid Elçin Əzizov küçəsinin sakini Vahid Quliyev, Nasir Misirxanov, Ramal  Şəmsəddinovla söhbətdə onlar bildirdilər ki,  hər ay 12-15 manatlıq təbii  qaz,   80-90  kilovat-saat elektrik enerjisi sərf edirlər. Onlar vurğuladılar ki, bu qərar aztəminatlı ailələrə mənfi təsir göstərməyəcək.

Qeyd etməliyik ki, məlum qərar elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, itkilərin azaldılmasını tənzimləyəcək. O cümlədən qaz təsərrüfatında da dayanıqlı təminat olması və keyfiyyətli yanacaq istehsalı üçün bu qərar mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur. Xüsusi vurğulamaq lazımdır ki, istehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul yaradacaq.