KÖŞƏ

Vəli İlyasov

“Döyüşə” “qocanı” göndərdilər

05 dekabr 2016 23:49
680

Müxalifət düşərgəsində “siyasi məhbus” biznesi  ətrafdakıları elə şirnikləndirib ki, “bazarda” sıxlıq yaranıb.  Təzə şəriklərdən biri olan  araşdırmaçı jurnalist Xədicə İsmayıl əvvəllər mövqeyini müdafiə etdiyi Əli  Kərimliyə qarşı çıxaraq onun “siyasi məhbus”  bazarına təkbaşına sahibliyini  qəbul etmədiyini bildirir. İnsidentin əsasında o məsələ durur ki,  Xədicə İsmayılın  94  nəfərlik siyahısı Əli Kərimli tərəfindən qəbul olunmayıb. “Yurd” sədri ilə Milli Şura sədri Cəmil Həsənlinin  hazırladıqları 166  nəfərlik siyahı isə bəzi  Qərb dövlətlərinə və  beynəlxalq təşkilatlara göndərilib. Hər iki siyahıda adları göstərilənlərin çoxu  Nardaranda təxribat törədən  şəxslərdir və  hazırda məhkəmə onların hüquqazidd  hərəkətlərini araşdırır.

Xədicə  İsmayıl onu bu  biznesə yaxın  buraxmayan Əli Kərimlini sərt  tənqid edərək onu  bir neçə yerə  casusluq etməkdə və  bəzi xarici  diplomatlarla şübhəli əlaqələrdə suçlandırır. Araqarışdıran araşdırmaçı jurnalist bildirir ki, Əli  Kərimli “siyasi məhbus” siyahısını şişirdir və  iddia edir ki, hətta həyatda olmayan insanların adları siyahılarda əks olunur. Bundan başqa “siyasi məhbuslar”ın ailələrinə xarici təşkilatlardan göndərilən ianələrin bir hissəsi ünvanlarına çatdırılsa da qalanını Əli Kərimli və  ətrafında dolaşan bir neçə şəxs  mənimsəyir. Xədicə İsmayıl da bunları bilir və  pulun bölüşdürülməsində pay almadığına görə qalmaqal salıb. Ətrafa sızdırdığı  məlumatların arasında isə  möhkəm gizlədilən bəzi  sirlərin üstünü ya  bilərəkdən, ya da bilməyərəkdən açıb.

Deyəsən, açıqladıqları gizli faktlar o qədər gözlənilməz olub ki, yetdiyinə yetən, yetmədiyinə bir daş atan Əli Kərimli bu dəfə aciz qalaraq susub. Görünür, deməyə  sözü yoxdur və ona  görə də  özünə “ağsaqqal”  təyin  etdiyi və “ Milli  Şuraya” sədr  gətirdiyi  Cəmil Həsənlini irəli verib. Cəmil Həsənli də  sinəsini qabağa  verərək şefini müdafiəyə  qalxıb. Onu da  qeyd etmək  lazımdır ki, tək  Cəmil  Həsənli  deyil, “Milli  Şuranın”  bütün  üzvləri  Əli  Kərimlinin çirkin  işlərini ört-basdır etməklə  məşğuldur. Belə  məsələlərdə onların kifayət qədər  təcrübələri var.

Xədicə  İsmayıl   geri  çəkilməyəcəyini  və  mübarizəsini sonadək davam  etdirəcəyini söyləyib. “Qoca”  rolunda gedən  Cəmil  Həsənli  isə “hamisi” Əli  Kərimliyə öz  sədaqətini  nümayiş etdirir. Əslində, bu  işdə Cəmil Həsənlinin şərikliyi var, yoxsa özünü oda-közə vurmazdı. İndi  Xədicə  İsmayılın əli  Əli  Kərimlinin yaxasındadır, “qalib” kim olacaq,  bunu yəqin yaxın vaxtda  görəcəyik.