06 aprel 2026 18:57
210

“Molla Nəsrəddin”: Nadanlığa gülə-gülə münasibət bildirən jurnal

Ekspert: “Molla Nəsrəddin” məktəbi  milli modernləşmə prosesinin mühüm komponenti kimi rol oynayıb

XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi mühitində baş verən mürəkkəb hadisələr o dövrün mətbuat orqanlarında öz əksini tapsa da, aktual problemləri hər kəsin anlayacağı dildə çatdıran mətbuat orqanına ehtiyac duyulurdu. Belə bir dönəmdə işıq üzü görən “Molla Nəsrəddin” jurnalı bu missiyanı üzərinə götürdü. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çapdan çıxdı. Bu mənada nəşrin müəllifi və redaktoru, görkəmli ədib Cəlil Məmmədquluzadənin dediyi kimi, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.

Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in yaranmasından 120 il ötür. Cəlil Məmmədquluzadənin redaktorluğu və Ömər Faiq Nemanzadənin fəal iştirakı ilə nəşrə başlayan və xalqımızın ictimai-siyasi dünyagörüşünün formalaşmasında müstəsna rol oynayan  bu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Fasilələrlə nəşr olunduğu iyirmi beş il ərzində 748 nömrəsi çıxıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının milli-ictimai şüurun formalaşmasında mühüm rol oynamış ideoloji məktəblərdən biridir: “Jurnal ictimai tənqid və maarifçilik platforması kimi fəaliyyət göstərərək cəmiyyətdə mövcud olan ətalətçi stereotiplərin, patriarxal münasibətlərin, mövhumatçı düşüncənin  dəyişdirilməsinə çalışıb. O, Azərbaycan xalqına alternativ düşüncə, modern davranış modelləri təqdim edib; geriliyə, dini fanatizmə, savadsızlığa və sosial ədalətsizliyə qarşı sistemli mübarizə aparıb. Beləliklə, ənənəvi cəmiyyət modelindən müasir cəmiyyət modelinə keçid prosesində ideoloji katalizator rolunu oynayıb. Rasional düşüncə tərzinin təşviq edilməsi, dünyəvi təhsilin önə çəkilməsi, fərdi azadlıqların müdafiə olunması kimi modern çağırışlar jurnalın əsas xəttini təşkil edib. Bir sözlə, “Molla Nəsrəddin” məktəbi  milli modernləşmə prosesinin mühüm komponenti kimi rol oynayıb”.

Müsahibimizin sözlərinə görə, jurnalın siyasi-ideoloji təmayüllü digər milli mərkəzlərdən əsas fərqi budur ki, o öz işini ədəbi-bədii formada, estetik üsullarla, insanları əyləndirib-düşündürmək yolu ilə həyata keçirib: “Onun səhifələrində dərc olunan karikaturalar, felyetonlar insanları həm güldürüb, həm də öz üzərlərində tənqidi formada düşünməyə məcbur edib. 1906-cı ildə Cəlil Məmmədquluzadə tərəfindən Tiflisdə təsis edilən bu satirik jurnalın  qısa müddət ərzində Qafqazdan başlamış Orta Asiyaya qədər geniş bir coğrafiyaya yayılmasının, sevilərk oxunmasının, güclü təsirə malik olmasının bir səbəbi də məhz bədi-estetik üslubu ilə bağlı idi. Jurnalın ətrafında formalaşan yaradıcı mühit onun təsir gücünü artırırdı.

Mirzə Ələkbər Sabir kimi böyük satirik şairin ictimai məzmunlu şeirləri, Əzim Əzimzadə kimi peşəkar rəssamların kəskin karikaturaları “Molla Nəsrəddin” ideyalarının estetik fonda yayılıb təsir göstərməsini təmin edirdi. Bu baxımdan, jurnal öz dövrü üçün qeyri-adi görünən qadın hüquqları, təhsil islahatları, dil məsələləri, sosial bərabərlik kimi mövzuları gündəmə gətirərkən, despotik qüvvələrin təzyiqinə məruz qalmaqla yanaşı, həm də geniş xalq kütlələri tərəfindən sevilirdi, yayılırdı və oxunurdu. Nəzərə almaq lazımdır ki, qadınların maariflənməsi və ictimai həyata cəlb olunması məsələlərinin qaldırılması həmin dövr üçün olduqca cəsarətli addım idi. Amma jurnal bu mövzunu təşviq edə bilirdi. Bütün çətinliklərə rəğmən, jurnal özünün sadə dili, xalq danışıq üslubuna yaxınlığı, doğmalığı ilə rəğbət qazanaraq, cəmiyyətdə ictimai müzakirə mədəniyyətinin formalaşmasına, müxtəlif sosial qrupların problemlərinin açıq şəkildə ifadə olunmasına və alternativ fikirlərin yayılmasına təkan verə bildi. Yəni, “Molla Nəsrəddin” Azərbaycan xalqının taleyində, milli kimlik şüurunun formalaşmasında rol almış bir məktəb kimi tarixə düşdü”.

Qvami Məhəbbətoğlu, “İki sahil”