06 aprel 2026 22:09
164

Tərbiyədə köhnə üsullar, yeni problemlər

Psixoloq: Uşaqlara qarşı tətbiq olunan cəza üsulları onların psixoloji inkişafına birbaşa təsir edən ən həssas amillərdən biridir

Müasir dövrdə uşaqların tərbiyəsində tətbiq olunan üsullar yalnız ailədaxili münasibətlərin keyfiyyətini deyil, bütövlükdə cəmiyyətin psixoloji sağlamlığını müəyyən edən əsas amillərdən biridir. Valideynlərin davranışa təsir göstərmək məqsədilə seçdikləri metodlar arasında cəza hələ də geniş yayılmış yanaşmalardan biri olsa da, bu üsulun uşağın daxili dünyasına və gələcək inkişafına təsiri ilə bağlı müzakirələr getdikcə daha da aktuallaşır. Xüsusilə sürətlə dəyişən sosial mühit, informasiya axınının artması və uşaqların emosional həssaslığının yüksəlməsi fonunda ənənəvi tərbiyə modellərinin yenidən qiymətləndirilməsi zərurətə çevrilir.

Psixoloqların fikrincə, uşağın davranışını formalaşdırmaq üçün tətbiq edilən hər bir müdaxilə onun şəxsiyyətinin əsas sütunlarına birbaşa təsir göstərir. Bu baxımdan qorxu və təzyiq üzərində qurulan cəza mexanizmlərinin nə dərəcədə effektiv və təhlükəsiz olması sualı həm valideynləri, həm də mütəxəssisləri düşündürən əsas məsələlərdəndir.

İtaət deyil, anlayış formalaşdırmalıdır

Mütəxəssislər isə hesab edirlər ki, uşağın psixoloji inkişafını düzgün istiqamətləndirmək üçün ənənəvi yanaşmalarla yanaşı, daha müasir və elmi əsaslara söykənən metodlara üstünlük verilməsi vacibdir. Bu kontekstdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun yanaşması mövzuya yeni baxış bucağı qazandırır. Psixoloq “İki sahil”ə açıqlamasında bildirdi ki, uşaqlara qarşı cəza üsullarının təsiri psixologiyada uzun illərdir araşdırılan və kifayət qədər həssas yanaşma tələb edən mövzulardan biridir. Bu məsələyə yanaşarkən əsas fərq cəzanın forması, tezliyi və uşağın emosional inkişaf səviyyəsi ilə bağlıdır. Ümumilikdə isə müasir psixologiya göstərir ki, qorxu və təzyiq üzərində qurulan cəza üsulları qısamüddətli itaət yaratsa da, uzunmüddətli perspektivdə arzuolunmayan psixoloji nəticələr doğura bilər. Xüsusilə sərt, alçaldıcı və ya fiziki cəza uşağın daxili dünyasında təhlükəsizlik hissini zədələyir. Uşaq davranışın mahiyyətini anlamaq əvəzinə, sadəcə cəzadan qaçmağı öyrənir. Bu isə daxili nəzarət mexanizmlərinin formalaşmasına mane olur. Belə uşaqlarda qorxu fonunda davranış tənzimlənir, lakin valideyn nəzarəti olmadıqda həmin davranışlar davamlı olmur. Eyni zamanda, davamlı tənqid və cəza özünə dəyər hissinin zəifləməsinə, özünə inamsızlığa və sosial münasibətlərdə passivliyə səbəb ola bilər.

Digər tərəfdən, aqressiv cəza modeli uşağa dolayı şəkildə aqressiyanı öyrədir. Uşaq görür ki, güclü olan zəifi cəzalandırır və bu modeli sosial münasibətlərində təkrarlaya bilər. Bu səbəbdən bəzi uşaqlarda aqressiv davranışların artması, digərlərində isə əksinə, həddindən artıq çəkingenlik və qorxu müşahidə olunur. Psixologiyada “cəza” anlayışı artıq klassik mənada deyil, daha çox “nəticə” və “məsuliyyət” prinsipi ilə əvəz olunur. Yəni uşağa davranışının nəticəsi izah olunur və bu nəticə onun üçün öyrədici xarakter daşıyır. Valideynlər davranışı tənzimləmək üçün daha effektiv və sağlam mexanizmlərə üstünlük verməlidirlər. Bunlardan biri müsbət möhkəmləndirmədir. Uşaq düzgün davranış göstərdikdə bunun qeyd olunması və təşviq edilməsi həmin davranışın təkrar olunma ehtimalını artırır. Bu yanaşma uşağın daxili motivasiyasını gücləndirir və özünə inamını artırır.

İzah edən valideyn, düşünən uşaq

E. Rüstəmov əlavə etdi ki, digər mühüm mexanizm aydın və sabit sərhədlərin qoyulmasıdır. Uşaq nəyin qəbul edilən, nəyin isə qəbul edilməyən davranış olduğunu bilməlidir. Bu sərhədlər emosional partlayışlarla deyil, sakit və ardıcıl şəkildə tətbiq olunmalıdır.

Valideynin emosional sabitliyi uşağın davranış tənzimləməsində əsas model rolunu oynayır. Eyni zamanda, izahlı ünsiyyət çox vacibdir. Uşaq etdiyi hərəkətlərin  niyə düzgün və ya yanlış olduğunu anlamalıdır. Sadəcə, “olmaz” demək kifayət deyil, səbəb izah edilməlidir. Bu, uşağın düşünmə və məsuliyyət bacarıqlarını inkişaf etdirir. Alternativ olaraq təbii və məntiqi nəticələrdən istifadə də effektivdir. Məsələn, uşaq oyuncağını qırırsa, bir müddət həmin oyuncaqsız qalması onun üçün daha öyrədici olur, nəinki sərt cəza. Bu yanaşma uşağa davranış və nəticə arasındakı əlaqəni anlamağa kömək edir. Ən vacib məqamlardan biri isə emosional bağın qorunmasıdır.

Uşaq bilməlidir ki, valideyn onu davranışına görə tənqid edə bilər, lakin şəxsiyyət olaraq qəbul edir və sevir. Bu fərq uşağın sağlam psixoloji inkişafı üçün fundamental əhəmiyyət daşıyır. Qorxuya əsaslanan cəza modelləri qısamüddətli təsir göstərsə də, uzunmüddətli inkişaf baxımından risklidir. Daha sağlam yanaşma uşağın daxili motivasiyasını, məsuliyyət hissini və emosional sabitliyini inkişaf etdirən metodlara üstünlük verməkdir. Bu isə həm ailə daxilində sağlam münasibətlərin formalaşmasına, həm də cəmiyyətə psixoloji cəhətdən sağlam fərdlərin qazandırılmasına xidmət edir.

Nigar Orucova, "İki sashil"