Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Elmi axtarışları, zəngin təcrübəsi ilə respublikamızda tibbin oftalmologiya sahəsinin əsasını qoyan Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Moskvada, Ümumittifaq Mərkəzi Həkimlər Təkmilləşdirmə İnstitutuna daxil olur. O, 1949-cu ildə ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır və 1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. O dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım Əliyeva traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara mühazirələr oxuyurdu.
Zərifə xanım Əliyevanın uğurlu tədqiqatlarının nəticələri 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanım Əliyevanın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Akademik Zərifə xanım Əliyevanın çoxillik təcrübə və tədqiqatlarının bəhrəsi olan “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusundakı doktorluq dissertasiyası elmə yenilik gətirdi. O, dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə xanım Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə qısa nəzər saldıqda onun elmin sirlərinə daha dərindən yiyələnməkdə və əldə etdiyi biliyi, təcrübəni ölkəmizdə səhiyyənin inkişafına yönlətməkdə nə qədər maraqlı olduğunu görürük. Təbii ki, bu, dövlətə, xalqa bağlılıq, böyük sevgi ilə yanaşı, Zərifə xanımın mənəvi dünyasının zənginliyindən, insanlara diqqət və qayğısından, mərhəmətindən və xeyirxahlığından irəli gəlirdi. Sağlığında əfsanəyə çevrilən Zərifə xanım Əliyevanın yaratdığı məktəbin bu gün saysız-hesabsız yetirmələri vardır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, akademik Zərifə xanım Əliyeva onlarla elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri, məsləhətçisi olmuşdur. Çox sayda beynəlxalq qurultay, konqres, simpoziumlarda iştirak etmişdir. Onun təşəbbüsü və təşkilatçılığı ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu keçirilmişdir. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynamışdır. Zərifə xanım Əliyevanın rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Vüqar Rəhimzadə qeyd edib ki, görkəmli oftalmoloq- alimin 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikanın akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirdi. Zərifə xanım Əliyevanın adı Azərbaycan oftalmoloqları arasında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşdü. Görkəmli alim və ictimai xadim Zərifə xanım Əliyeva keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü seçilmişdir. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Bu məqamı xüsusi qeyd etməliyik ki, Zərifə xanım Əliyeva M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır. Belə ki, o, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
Millət vəkili bildirib ki, Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Görkəmli alimin “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım Əliyeva həkimlik sənətini belə dəyərləndirmişdir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır.” Hər kəs onun timsalında “Həkim necə olmalıdır” sualının əsl cavabını tapmış olur. Dünya oftalmologiya elminin tanınmış simalarının onun haqqında söylədiyi fikirlərə nəzər salsaq belə bir ümumi qənaətə gələ bilərik ki, Zərifə Əliyeva böyük professional idi. O, öz sahəsinin məşhur alimi kimi dəyərləndirilir. Zərifə xanım Əliyevanın əməyi, elmi fəaliyyəti daim yüksək dəyərləndirilib. Bu, fəxri adlarında, elmi titullarında, mükafatlarında özünün aydın ifadəsini tapır. Zərifə xanım əsl ziyalı olmaqla yanaşı, ana, ömür-gün yoldaşı nümunəsini də təqdim edir. Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycana qalibiyyət sevincini yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin anasıdır. Dövlətimizin başçısı İlham Əliyev anası Zərifə xanım haqqında belə demişdir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”
Zərifə xanım Əliyeva ilə bağlı fikirlərdə, xatirələrdə bu məqam xüsusi vurğulanır ki, o, çox qayğıkeş ana idi və övladlarına olan münasibəti də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. Prezident İlham Əliyev Zərifə xanım Əliyevanın bu xüsusiyyətlərini xatirələrində xüsusi qeyd edir. Bildirir ki, mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O, bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.
Vüqar Rəhimzadə qeyd edib ki, Zərifə xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Ümummilli Lider Zərifə xanımla bağlı xatirələrində bildirmişdir ki, deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi. Ulu Öndər fikirlərinin davamı olaraq onu da qeyd etmişdir ki, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.
Millət vəkili bildirib ki, Zərifə xanım Əliyeva insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi xatirələrdə əbədi yaşayır.