15 aprel 2026 01:34
120

Parlaq görünüşlərin arxasındakı gizli məqamlar

Və ya “mükəmməllik” illüziyası gənclərin psixososial inkişafına necə təsir edir?

Məlum olduğu kimi, rəqəmsal texnologiyaların sürətli inkişafı sosial medianı gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevirib. Bu platformalar informasiya əldə etmək, ünsiyyət qurmaq və özünü ifadə etmək üçün geniş imkanlar yaratsa da paralel olaraq yeni sosial və psixoloji problemlərin yaranmasına zəmin hazırlayır. Belə ki, sosial media platformalarındakı məzmunların əksəriyyəti getdikcə gənclərə “mükəmməl həyat” modelini diktə edən təsir alətinə çevrilir.

Bir toxunuşla açılan ekranlarda hər şey qüsursuz görünür. İdeal bədən quruluşları, problemsiz həyat tərzi və bitməyən uğur hekayələri sərgilənir. Lakin bu parlaq görüntülərin arxasında reallıqdan uzaq, seçilmiş və redaktə olunmuş gizli bir dünya dayanır. Məhz bu virtual “mükəmməllik vitrini” gənclərin özlərini və həyatlarını bu süni standartlarla müqayisə etməsi ilə nəticələnir. Bu da onların özünəinamlarının azalmasına və emosional gərginliklərinə səbəb olur.

Xüsusilə yeniyetmələr arasında bu təsirin daha güclü olduğu qeyd edilir. Bu yaş dövründə fərdi kimliyin formalaşması prosesi davam etdiyi üçün sosial medianın təsiri daha dərindən hiss olunur. Gənclər bəyənmə və izləyici sayını sosial status göstəricisi kimi qəbul edirlər. Bu isə onların davranışlarına və psixoloji vəziyyətlərinə birbaşa təsir göstərir. Bəzi hallarda isə “bəyənmə reaksiyaları (like)” və izlənmə “göstəriciləri (view)” əsas dəyər ölçüsünə çevrilir ki, bu da uzunmüddətli perspektivdə psixoloji problemlərə yol aça bilər.

Elə mütəxəssislər də bildirirlər ki, sosial media yalnız fərdi deyil, həm də kollektiv davranış modellərini dəyişir. Gənclər arasında eyni geyim tərzi, həyat tərzi və hətta düşüncə formalarının yayılması sosial şəbəkələr vasitəsilə sürətlənir. Bu isə fərdiliyin arxa plana keçməsi və standartlaşmanın artması ilə nəticələnir.

Problemin həlli üçün rəqəmsal savadlılığın artırılması əsas prioritetlərdən biri kimi görünür. Ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində sosial medianın təsirləri ilə bağlı maarifləndirici proqramların həyata keçirilməsi, gənclərə tənqidi düşünmə bacarıqlarının aşılanması vacibdir. Eyni zamanda, sosial platformalarda yayılan məlumatların doğruluğunu yoxlamaq vərdişinin formalaşdırılması da önəmlidir.

Bundan əlavə, valideynlərin rolu da bu kontekstdə xüsusi vurğulanır. Mütəxəssislər qeyd edirlər ki, valideynlər uşaqların sosial media istifadəsinə nəzarət etməklə yanaşı, onlarla açıq ünsiyyət qurmalı, real həyatla virtual mühit arasındakı fərqləri izah etməlidirlər. Ailədaxili münasibətlərin güclü olması gənclərin xarici təsirlərə qarşı daha dözümlü olmasına kömək edir.

Qeyd etmək lazımdır ki, sosial medianın gənclərə təsirini azaltmaq məqsədilə bir sıra ölkələrdə müxtəlif hüquqi və institusional addımlar atılır. Məsələn, müəyyən yaş həddinə qədər istifadə müddətinin məhdudlaşdırılması, reklam və kontent siyasətinin sərtləşdirilməsi kimi tədbirlər müzakirə olunur. Bu yanaşmaların əsas məqsədi gənclərin psixoloji sağlamlığını qorumaqdır.

Xatırladaq ki, gənclərlə yanaşı, azyaşlılar da risk altındadır. Belə ki, bir çox sosial media platformalarının yaş həddi məhdudiyyəti olmasına baxmayaraq, uşaqlar bu platformalara valideynlərinin hesabları vasitəsilə və ya yaşlarını olduğundan daha yuxarı göstərməklə daxil ola bilərlər. Uşaqlar və gənclər risklərin dərəcəsini qiymətləndirmək və nəticələrini proqnozlaşdırmaq üçün yetkinlərlə eyni zehni qabiliyyətə malik deyillər və onlardan güclü iradə göstərmələrini gözləməməliyik. Virtual aləmdə onlar "burada dayanmalıyam" deyil, "daha birini izləməliyəm" deyə düşünürlər. Buna görə də valideyn dəstəyi və nəzarəti olduqca vacibdir.

Düzgün rəhbərlik edə bilmək üçün valideynlər də öz rəqəmsal savadlılıqlarını artırmalıdırlar. Belə olduğu halda sosial media məhsuldarlığı arta bilər və ailələrin uşaqlarının istehlak etdiyi məzmunları analiz etmələri daha da asanlaşar.  

Sonda qeyd etmək yerinə düşər ki, sosial medianın təqdim etdiyi “mükəmməl həyat” anlayışı mahiyyət etibarilə seçilmiş və manipulyativ bir konstruksiyadır. Gənclərin bu illüziyaya aldanmaması üçün həm fərdi, həm də ictimai səviyyədə maarifləndirmə işlərinin gücləndirilməsi zəruridir. Real həyatın dəyərlərinin ön plana çəkilməsi və fərdi xüsusiyyətlərin qəbul edilməsi isə sağlam cəmiyyətin formalaşmasında əsas amillərdən biri kimi qiymətləndirilir.

Şahnigar Əhmədova, “İki sahil”