Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olması istiqamətində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurda icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev qeyd edilən proqramların icrası və genişləndirilməsində işəgötürənlərlə sıx əməkdaşlığın qurulduğunu vurğulayıb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri iştirak edib.
İşğaldan azad olunan bölgələrdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olması sahəsində görülmüş işlər, bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi üçün qarşıda duran vəzifələr müzakirə olunub. İşəgötürənlərə işğaldan azad olunmuş ərazilərdə işçi və işəgötürənlər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar barədə də geniş məlumat verilib.