Birinci Qarabağ müharibəsi başlamazdan əvvəl adı kimi taleyi də qara gətirən Qaradağlı kəndinin əhalisi iyirmi səkkiz illik yurd həstətinə son qoydu.
Ancaq buna qədər sinəsinə çalın-çarpaz dağlar çəkilən qaradağlılar bir qərinə dərd-ələm içərisində qaldı. Bu gün erməni işğalçılarının dağıdıb yerlə-yeksan etdikləri kəndlər xarabalıqlar içərisindən ucaldılıb abadlaşdırılır, əvvəlkindən də baxımlı hala salınıb sakinlərinə təhvil verilir. Bu gün sevinc və kədər qarışıq hisslər keçirən İlqar Qardaşxan oğlu Hüseynovla həmsöhbət olduq.
İlqar Hüseynov 1958-ci ildə Qaradağlı kəndində dünyaya gəlib. Orta məktəbi burada bitirib, orduda hərbi ximət keçib, texnikum bitirib. Haraya getsə də doğma Qaradağlıya qayıdıb, yəni yurduna sıx bağlı olub. Lakin öz yurdunda keşməkeşli yollar keçib. Özü bu barədə belə deyir:
-1967-ci ildə bir məktəbli erməni uşağını öldürdülər. Həmin vaxt erməni və azərbaycanlı uşaqlar Qaradağlı kənd məktəbində oxuyurdular. Qatil tapılmadı. Erməni milisləri kənd məktəbinin direktoru Ərşad Məmmədovu və iki müəllimi şübhəli şəxs qismində apararq şöbədə işgəncə verib ölüm işini onların üzərinə qoydular. Xankəndidə keçirilən məhkəmə zamanı vilayətin hər yerindən gələn silahlı ermənilər məhkəməni gərginlikdə saxlamışdılar. Onlar azərbaycanlı müəllimlərə ölüm hökmü oxunmasını tələb edirdilər. Ərşad Məmmədova ölüm hökmü verdi, iki müəllim isə uzun illər azadlıqdan məhrum edildi. Qəzəblənmiş vəhşi kütlə dustaqları konvoy aparanda maşın səmtini dəyişib cinayət yuvası olan 366-cı motoatıcı alayın qarşısına gətirdi. Vəhşi haylar avtomatlardan açılan atəşlərlə günahsız müəllimləri qətlə yetirib yerə atdılar. Yaxınlıqdakı həyətdə yaşayan Aleksan adlı qoca daşnak qaçıb benzib gətirdi, od vurub cəsədləri tonqalda yandırdılar. O zaman belə bir hiyləgər oyun qurmuşdular: Özləri qəsdən cinayət törədir, milis və prokurorluq əməkdaşları cinayətkarı üzə çıxarmır, sonra bunda azərbaycanlıları təqsirləndirib həbs etdirirdilər. Moskvaya, SSRİ rəhbərliyinə on minlərlə şikayətlər gedir, azərbaycanlılarla birgə yaşamaq istəmədikləri, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xahiş olunurdu. Belə cinayətlərdən biri də Xocavənddə törədilmişdi.
Cəmi iki ay əvvəl Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilən Ümummilli Liderimiz Heydər Əliyev heç kimdən qorxub-çəkinmədən bir qrup əməkdaşla Xankəndiyə gəlib hadisəni dərindən araşdırdı. Nəticədə hadisənin törənməsində iştirak edən 39 nəfər cinayətə cəlb edildi. İstintaq aşkara çıxardı ki, erməni uşağı Edik Baqdasaryan adlı biri öldürüb. Onlardan bir neçəsi güllələndi, qalanları müxtəlif həbs müddəti ilə cəzalandırıldı. Odur ki, separatçı quldurların qaradağlılarla xüsusi haqq-hesabları vardı.
Qarabağ hadisələri başlayanda erməni silahlı dəstələri Qaradağlıya bir neçə dəfə hücum etdilər. Lakin hər dəfə geri oturduldular. Nəhayət, 1992-ci il fevralın 15-də növbəti hücum son döyüş oldu. Döyüş sursatı tükənməkdə olan 118 nəfərlik əhali dörd nəfər ağır yaralını da götürüb kənddən çıxmalı oldu. Düşmən bunu dərhal hiss etdi. Quldur dəstələrinin təqibi zamanı sonuncu patronlar da atıldı. Yenə də gözlər yolda qaldı, lakin köməyə yetişən olmadı. Ovaxtkı hakimiyyyət qorxaq və satqın çıxdı. əliyalın xalqı taleyin ümidinə buraxdı.
...Acı hekayətinə davam edən İlqar Hüseynov “Getsin o günlər bir də gəlməsin”-dedi. Onun söylədiklərində o qədər zəngin faktlar var ki, onlardan roman, povest, səhnə əsərləri də yazmaq olar. O, əsirlik həyatından qandonduran faktlar gətirdi, onlara tətbiq edilən insanlıqla bir araya sığmayan mənəvi-fiziki işgəncələri kədərlə yada saldı.
Qaradağlı soyqırımının şahidi olmuş İlqar Hüseynov bildirdi ki, kənd sakinlərindən 78 nəfər öldürüldü, bir neçə nəfər ağır yaralandı, evləri dağıdıldı, mal-mülkləri yağmalandı. Əsirlikdə canından da çox istədiyi bibisi oğlu Elmidar Bayramovun gözlərinin qarşısında güllənməsini indi də dərin kədərlə xatırlayır, “Kaş Elmidarın yerinə məni güllələyəydilər, mənim də, anamın da kirimişcə orada ağlamaqdan başqa çarəmiz yox idi,”-deyir. Bildirdi ki, qardaşım isə ölümün pəncəsindən bir təsadüf nəticəsində xilas oldu.
Hüseynovların bəxti onda gətirir ki, Ağdamdakı özünümüdafiə batalyonlarından birinin komandiri, sonralar Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Allahverdi Bağırov onların Xankəndidə saxlandıqlarını eşidir və erməni tərəfi ilə danışıqlar apararaq Hüseynovları labüd ölümdən xilas edir. İlqar Hüseynov hazırda Səbail rayonunun 20-ci sahə adlanan yaşayış massivində Ömər Faiq Nemanzadə küçəsindəki köhnə zavodun yardımçı binasında yaşayır.
Hüseynovlar ailəsi təsəllini yalnız 2020-ci ilin 8 Noyabr-Zəfər Günü tapır. Rəşadətli ordumuz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün müddətində aparılan sürətli müharibədə Ermənistanın cinayətkar silahlı birləşmələrinin darmadağın edilərək sərhədlərimizdən o yana qovulması oldu. Hər il Zəfər Günündə üzləri gülən xocavəndlilər o günü ən əziz bayram kimi qeyd edirlər. Çünki son iki yüz ildə ilk dəfə Azərbaycan Ermənistana sarsıdıcı zərbələr vuraraq işğal olunan ərazilərimizi azad edib.
Xocavənd rayonu yenidən abadlaşdırılıb, otuz üç il məcburi köçkün həyatı yaşayan İlqar Hüseynov söylədi ki, ailəsi ilə tezliklə doğma yurda qayıdacaq. Yaxınlaşan o günü səbirsizliklə gözləyirlər. Acılı günlərin ardınca doğma abadlaşdırılmış yaraşıqlı yurda qayıdacaq, şad günlər, xoşbəxt illər yaşayacaqlar.
Vəli İlyasov, “İki sahil”