21 aprel 2026 15:59
144

Oftalmoloq: “20-20-20” qaydası göz yorğunluğunun qarşısını alır

Profilaktik məqsədlə geniş istifadə olunan “20-20-20” qaydası göz sağlamlığının qorunmasında mühüm rol oynayır.

Bunu Bakının Nəsimi rayonundakı 5 saylı şəhər poliklinikasının həkim-oftalmoloqu Fərəh İsmayılova “İki sahil”ə özəl açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, bu qayda hər 20 dəqiqədən bir 20 saniyə müddətində uzaq məsafəyə baxmağı nəzərdə tutur və gözlər üçün effektiv istirahət mexanizmi yaradır.

Həkim bildirib ki, bu üsul siliyar əzələnin relaksasiyasını təmin edir, akkomodasiya spazmının qarşısını alır və göz yorğunluğunu azaldır.
Fərəh İsmayılova vurğulayıb ki, kliniki baxımdan effektiv hesab olunan bu metod xüsusilə uzun müddət kompüter, telefon və digər rəqəmsal cihazlardan istifadə edən şəxslər üçün tövsiyə olunur.

Mütəxəssis hesab edir ki, gündəlik rejimdə bu kimi sadə qaydalara əməl edilməsi göz sağlamlığının qorunmasına və görmə keyfiyyətinin saxlanmasına kömək edir.

Yaqut Ağaşahqızı, “İki sahil”