21 aprel 2026 16:20
135

Göz sağlamlığını qorumağın yolları: ekran istifadəsində düzgün qaydalar - MÜTƏXƏSSİS ŞƏRH EDİR

Müasir həyat tərzində kompyuter, telefon və digər rəqəmsal cihazlardan istifadə qaçılmazdır. Bu isə göz sağlamlığının qorunması üçün düzgün istifadə qaydalarına əməl etməyi zəruri edir.

Bakının Nəsimi rayonundakı 5 saylı şəhər poliklinikasının həkim-oftalmoloqu Fərəh İsmayılova bildirir ki, gözləri qorumaq üçün ilk növbədə gündəlik ekran vaxtı məhdudlaşdırılmalıdır.

Onun sözlərinə görə, uzun müddət fasiləsiz ekran qarşısında qalmaq göz yorğunluğunu artırır, buna görə də mütəmadi vizual fasilələr verilməsi vacibdir. Mütəxəssis qeyd edir ki, ekranla məsafə də mühüm amillərdən biridir. Telefon istifadə zamanı 30–40 sm, kompüter üçün isə 50–70 sm məsafə saxlanılmalı, monitor göz səviyyəsindən bir qədər aşağı yerləşdirilməlidir.

Həkim vurğulayır ki, düzgün işıqlandırma da göz sağlamlığına birbaşa təsir göstərir. Ekran nə çox parlaq, nə də çox qaranlıq mühitdə istifadə olunmalı, otaq işığı ekran işığı ilə balanslaşdırılmalıdır. Fərəh İsmayılova əlavə edir ki, göz quruluğunun qarşısını almaq üçün lazım gəldikdə süni göz yaşı preparatlarından istifadə etmək mümkündür. Eyni zamanda, yuxudan əvvəl ekran istifadəsinin azaldılması da tövsiyə olunur, çünki bu, həm gözlərin istirahətinə, həm də yuxu keyfiyyətinə müsbət təsir edir.

Mütəxəssisin sözlərinə görə, sadə gündəlik vərdişlərə əməl etməklə rəqəmsal cihazların gözlərə mənfi təsirini minimuma endirmək mümkündür.

Yaqut Ağaşahqızı, “İki sahil”