Oftalmoloq Fərəh İsmayılova xəbərdarlıq edir: Bəzi əlamətlər ciddi göz problemlərinin göstəricisi ola bilər
Erkən mərhələdə yaranan bəzi göz şikayətləri çox vaxt ciddi problem kimi qəbul olunmaya bilər. Göz sulanması, tez yorulma və oxşar narahatlıqlar adətən müvəqqəti və funksional xarakter daşıyır. Lakin bəzi hallarda bu əlamətlər daha ciddi patologiyaların ilkin siqnalı ola bilər.
Bakının Nəsimi rayonundakı 5 saylı şəhər poliklinikasının həkim-oftalmoloqu Fərəh İsmayılova “İki sahil”ə açıqlamasında bildirib ki, müəyyən simptomlar müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət edilməlidir.
Onun sözlərinə görə, xüsusilə davamlı bulanıq görmə, diplopiya (ikigörmə) və təkrarlanan baş ağrıları diqqətdən kənarda qalmamalıdır. Mütəxəssis qeyd edir ki, bu əlamətlər refraksiya qüsurları və ya digər göz xəstəliklərinin göstəricisi ola bilər və erkən diaqnostika baxımından vacib əhəmiyyət daşıyır.
Yaqut Ağaşahqızı, “İki sahil”