23 aprel 2026 13:33
139

Arzu edərdik ki, fəaliyyətini dövrün tələblərinə uyğun quran media orqanlarının sayı daha çox olsun- Rəşad Məcid

Müasir informasiya mühiti sürətlə dəyişir və bu dəyişikliklər media sektorunun qarşısında yeni tələblər və çağırışlar formalaşdırır. Xüsusilə rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi və informasiya axınının sürətlənməsi media orqanlarının həm peşəkar, həm də texniki baxımdan daha hazırlıqlı olmasını zəruri edir. Bu kontekstdə Azərbaycan mediasının ümumi inkişaf səviyyəsi, dayanıqlılığı və müasir trendlərə uyğunlaşma qabiliyyəti xüsusi aktuallıq kəsb edir.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “İki sahil” qəzetinə müsahibəsində məhz bu məsələlərə toxunaraq media sahəsində mövcud vəziyyəti və inkişaf perspektivlərini dəyərləndirib.

Rəşad Məcid məsələni yalnız süni intellektin yaratdığı çağırışlara hazırlıq prizmasından dəyərləndirmədiyini vurğulayıb:” Azərbaycan mediasının ümumi hazırlığı məsələsi önəmlidir. Bu hazırlığın ən müxtəlif komponenetləri var. İntellektuallıqdan tutmuş texniki vasitələrədək bir çox məqamları vurğulamaq mümkündür”.

Həmsöhbətimiz qeyd edib ki, bu gün fəaliyyətini dövrün tələbləri çərçivəsində quran media orqanlarımız var:”Arzu edərdik ki, sayları çox olsun. Çünki media sahəsində yüksək hazırlıqlı səviyyəsi hər cəhətdən güclü olmaq deməkdir. Azərbaycan dövlətinin də yanaşması budur. Media sahəsindəki dövlət siyasəti məhz bu cür media orqanlarının yaradılmasını və fəaliyyətlərinin təşkilini rəhbər tutur. Bir çox məsələlərin gerçəkləşməsinin isə həm də zamana ehtiyacı var”.

Yaqut Ağaşahqızı, “İki sahil”