23 aprel 2026 14:26
135

Jurnalist texnologiyadan spekulyasiya aləti kimi yararlanacaqsa... - SƏDR XƏBƏRDARLIQ ETDİ

Rəqəmsal texnologiyaların, xüsusilə də süni intellektin sürətlə inkişaf etdiyi müasir dövrdə jurnalistika sahəsi də ciddi transformasiya mərhələsindən keçir. Yeni texnoloji imkanlar informasiya istehsalı və yayımı prosesini daha sürətli və əlçatan etsə də, bu dəyişikliklər peşənin mahiyyətinə dair mühüm suallar da doğurur. 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “İki sahil” qəzetinə müsahibəsində jurnalistikada yaradıcılığın, analitik düşüncənin və insan faktorunun əhəmiyyətini ön plana çıxararaq, süni intellektin roluna dair maraqlı məqamları diqqətə çatdırıb.

O, qeyd edib ki, bu sahədə hansısa hədd və ya meyar olduğunu düşünmür:”Yaradıcılıq hər zaman prioritetdir. Jurnalist süni intellektdən istifadə edib yaradıcı ola bilər. Yəni, onun analitik məzmunlu material ortaya qoyması mümkündür”.

Həmsöhbətim bildirib ki, jurnalist texnologiyadan spekulyasiya aləti kimi yararlanacaqsa, təbii ki, bu, ona heç bir uğur gətirməyəcək, üstünlük qazandırmayacaq. Üstəlik, zamanla möhtəkir məzmunlu əməyinə ehtiyac qalmayacaq.

Mətbuat Şurasının sədri vurğulayıb ki, jurnalistikada həlledici faktor insan amili və peşəkar düşüncədir: ”Əsas məsələ insan, daha doğrusu, jurnalist zəkasıdır. İndiki halda bu zəkanı kapitala çevirməyi bacaranlar qalib gələcək, ayaqda qalacaqlar”

Yaqut Ağaşahqızı, “İki sahil”