23 aprel 2026 15:56
177

Süni intellekt dövründə media məsuliyyəti artır: REPUTASİYANI QORUMAQ ƏSAS ŞƏRTDİR

Rəqəmsal transformasiya şəraitində süni intellekt media sektorunun ən aktual texnoloji yeniliklərindən birinə çevrilib. Xəbər istehsalı və analitik materialların hazırlanmasında geniş istifadə olunan bu texnologiya jurnalistikanın iş prosesini sürətləndirməklə yanaşı, yeni etik və peşəkar məsuliyyət məsələlərini də gündəmə gətirir. Bir çox ölkədə artıq media qurumları süni intellektin tətbiqi ilə bağlı xüsusi etik çərçivələr formalaşdırır. Azərbaycanda da bu istiqamətdə proseslər izlənilir və Mətbuat Şurası beynəlxalq təcrübəni nəzərə alaraq mediada süni intellektdən istifadəyə dair ümumi peşə prinsiplərinin qorunmasına diqqət yetirir.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı “İki sahil”ə özəl müsahibəsində diqqətə çatdırıb ki, dünyanın bir çox ölkələrində media qurumları süni intellekt şəraitində etik kodekslər hazırlayırlar.

Mətbuat Şuralarının da bununla əlaqədar tövsiyələri olur. Ancaq söhbət sırf süni intellektdən yararlanmaq yollarından gedirsə, burada daha çox redaksiyaların məsuliyyəti ön planda olmalıdır. Mətbuat Şuraları isə ümumi prinsipləri rəhbər tuturlar. Bu prinsiplər isə dəyişməzdir: obtektivlik dəqiqlik, tərəfsizlik və sair.

Mətbuat Şurasının sədri xüsusi olaraq vurğulayıb ki, süni intellektin yol verdiyi yanlışlıq texniki məsələdir, amma bu yanlışlığı nəzərə almayıb ondan bəhrələnmək özündə mənəvi anlam daşıyır. Ona görə də jurnalist cəmiyyətin həssas nümayəndəsi kimi yanlışlardan qorunmalıdır. Qorunmalıdır ki, özünün və çalışdığı media orqanının reputasiyası pozulmasın, ona inam və etimad olsun.

Yaqut Ağaşahqızı, “İki sahil”