27 aprel 2026 10:31
132

Urək xəstəlikləri - ERKƏN ÖLÜMÜN ƏSAS SƏBƏBLƏRİNDƏN BİRİ

Şəfəq Nəzirova: Hər 3 erkən ölümdən biri ürək-damar xəstəlikləri ilə bağlıdır

Son illərdə qlobal səhiyyə göstəriciləri ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin yüksək payını qoruduğunu göstərir. Xüsusilə 70 yaşdan aşağı baş verən erkən ölüm hallarının strukturunda bu xəstəliklər aparıcı səbəblərdən biri kimi qalır və bəzi regionlarda birinci yerdə qərarlaşıb.

Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri Şəfəq Nəzirova “İki sahil”ə özəl açıqlamasında bildirib ki, ürək-damar xəstəlikləri (ÜDX) erkən ölüm (adətən <70 yaş) hallarının ən əsas səbəblərindən biridir və bəzi regionlarda birinci yerdədir. Statistikalar göstərir ki, bu xəstəliklərin erkən ölümə təsiri çox yüksəkdir və hətta artım tendensiyası var.

Onun sözlərinə görə, qlobal göstəricilərə əsasən bütün qeyri-infeksion xəstəliklərdən erkən ölümlərin təxminən 38 faizi ÜDX ilə bağlıdır. Ümumi ölüm göstəricilərində isə ürək-damar xəstəlikləri 30–33 faiz paya malikdir. Bu isə o deməkdir ki, hər 3 erkən ölümdən biri ürək-damar səbəblidir.

Şəfəq Nəzərova qeyd edib ki, statistik məlumatlara görə 1990–2019-cu illər arasında erkən ÜDX ölümlərində təxminən 25 faiz artım qeydə alınıb. Ümumi ÜDX ölümləri isə 1990-cı ildə təxminən 13 milyon olduğu halda, 2023-cü ildə 19 milyona yaxınlaşıb.

Həkim bildirib ki, müalicə imkanlarının yaxşılaşmasına baxmayaraq, ümumi ölüm göstəricilərində artım tendensiyası davam edir.

Regionlar üzrə fərqlərə toxunan kardioloq vurğulayıb ki, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində erkən ÜDX-dən ölüm riski Qərbi Avropa ilə müqayisədə 4–5 dəfə daha yüksəkdir. Azərbaycan da bu regiona yaxın epidemioloji göstəricilərə malik olduğundan, erkən ölüm riski nisbətən yüksək qiymətləndirilir.
Şəfəq Nəzərova bildirib ki, ürək-damar xəstəlikləri erkən ölüm göstəricilərində əsas səbəb olaraq qalır və risklərin idarə olunması mühüm əhəmiyyət daşıyır.

Yaqut Ağaşahqızı, “İki sahil”