01 may 2026 16:31
120

Azərbaycanın xalça sənətinə dair əsaslı nəşrlər təqdim olunub FOTO

bp Azərbaycan xalçaçılıq sənətinə dair üç kitabdan ibarət nəşrlər toplusunu ictimaiyyətə təqdim edib. Layihə bp-nin ölkənin zəngin mədəni irsinin qorunmasına uzunmüddətli dəstəyinin bir hissəsidir. Kitabların təqdimatı hazırda Bakıda keçirilən Beynəlxalq Xalça Festivalının vaxtına uyğunlaşdırılaraq bu gün Azərbaycan Milli Xalça Muzeyində baş tutub.

Yeni nəşrlərdə tanınmış sənətşünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın Azərbaycan xalçaçılıq sənətinin çoxəsrlik inkişaf yollarının, nadir xüsusiyyətlərinin və üslublarının əsaslı elmi təhlili və tədqiqatları təqdim olunur.

Layihə çərçivəsində nəşr olunmuş kitablar bunlardır:  “Təbriz xalıları (Orta əsrlər)” – bu nəşrdə Təbriz xalçaçılıq məktəbinin yaranma və formalaşma mərhələləri təhlil edilir. Kitabda bu məktəbin özünəməxsus “çiçək üslubu” və kompozisiya xüsusiyyətləri, eləcə də onun bir neçə əsr boyunca Yaxın və Orta Şərq xalça məktəblərinin formalaşmasına göstərdiyi təsir araşdırılır.

“Azərbaycanın xovsuz xalçaları” - bu kitab Azərbaycanın ən qədim xalq sənəti növlərindən biri olan xovsuz xalça sənətinin yaranması və inkişafına həsr olunub. Nəşrdə xovsuz xalça sənətinin əsas istiqamətləri, texnikaları və bölgələr üzrə xarakterik xüsusiyyətləri təqdim olunur. Bu ənənələrin əsrlər boyu köçəri xalqlar və kənd xalça ustaları tərəfindən geniş istifadə olunduğu vurğulanır.

“Qarabağ xalçaları” – bu nəşrdə Qarabağ xalçaçılıq məktəbinin formalaşması və onun dörd əsas bədii istiqaməti araşdırılır. Kitabda ayrı-ayrı kompozisiyaların yaranma tarixi, eləcə də Ağdam, Bərdə, Laçın və Şuşa kimi əsas xalçaçılıq mərkəzlərində şəhər və saray xalçaları kimi iki fərqli istiqamətin yaranma şəraiti tədqiq olunur. Bununla yanaşı, nəşrdə dünyanın aparıcı muzeylərində qorunan nadir xalça nümunələri təqdim və təhlil edilir. Nəşrdə həmçinin Qarabağa məxsus süjetli xalça sənətinə dair ilk elmi tədqiqat da yer alıb.

Tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Xalçaçılıq sənəti Azərbaycanın milli mədəniyyətini və milli mənsubiyyətini ifadə edən ən güclü sənət növlərindən biridir. Əsrlər boyu xalçalar Azərbaycanın tarixini, ənənələrini, milli dəyərlərini və mənəvi irsini özündə əks etdirib. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi bp həmişə ölkənin mədəni irsinin qorunmasına və təbliğinə yönəlmiş təşəbbüsləri dəstəkləyib. İnanırıq ki, bu fundamental tədqiqat əsərləri Azərbaycanın unikal mədəni irsinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verəcək.” Nəşrlər həm sənətşünaslar, həm də Azərbaycan xalça sənətinin yaranması və çoxəsrlik inkişaf tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Layihə bp-nin dəstəyi ilə həyata keçirilmiş geniş bir mədəni irs proqramının yekun hissəsidir. Proqrama bu yeni xalçaçılıq nəşrləri ilə yanaşı, Mirzə Qədim İrəvaninin yaradıcılığı haqqında bir kitab və tanınmış kino tədqiqatçısı Aydın Kazımzadənin müəllifi olduğu Azərbaycanın milli kinematoqrafiyasının tarixi və inkişafına həsr edilmiş dörd cildlik elmi araşdırma nəşrləri daxildir.

Layihənin ümumi dəyəri səkkiz kitabın hazırlanması və nəşri də daxil olmaqla 308498 AZN (təxminən 181470 ABŞ dolları) təşkil edir. 
Layihə Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən həyata keçirilib.

Orxan Vahidoğlu, "İki sahil"