01 may 2026 16:41
125

BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) ilə Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında əməkdaşlıq əlaqələri genişlənir. Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin rektoru Meyram Beqentayevin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da səfərdə olub. “İki sahil” xəbər verir ki, görüş zamanı tərəflər əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
BDU-nun rektoru Elçin Babayev Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti ilə formalaşmış əməkdaşlıq əlaqələrinə toxunaraq bildirib ki, magistratura səviyyəsində “Neft kimyası” ixtisaslaşması üzrə ikili diplom proqramı həyata keçirilir və bu təcrübə digər ixtisaslar üzrə də oxşar proqramların hazırlanması üçün əsas yaradır. O, həmçinin tədris prosesi, akademik mübadilə və birgə təhsil təşəbbüslərinin genişləndirilməsinin əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
QMTTU-nun rektoru Meyram Beqentayev isə çıxışında diqqəti daha çox elmi tədqiqatlar və innovasiya fəaliyyəti üzrə əməkdaşlığın inkişafına yönəldərək bildirib ki, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, müasir elmi istiqamətlər üzrə koordinasiyalı fəaliyyət və tətbiqyönümlü nəticələrin əldə olunması mühüm əhəmiyyət daşıyır. O, həmçinin elmi nəşrlər, tədqiqatçıların qarşılıqlı fəaliyyəti və beynəlxalq layihələrdə birgə iştirakın genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Görüş zamanı iki universitet arasında əməkdaşlığın əsas istiqamətləri, xüsusilə kimya, fizika, biotexnologiya və kompüter elmləri sahələrində birgə tədqiqatların aparılması, magistratura və doktorantura səviyyələrində birgə elmi rəhbərlik, ortaq elmi məqalələrin hazırlanması məsələləri müzakirə olunub. Müasir texniki ixtisaslar üzrə yeni ikili diplom proqramlarının yaradılması da müzakirə mövzuları sırasında yer alıb.
Daha sonra Universitetin “Heydər Əliyev Lektoriyası”nda professor-müəllim heyətinin iştirakı ilə BDU ilə QMTTU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Səfərin sonunda Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin nümayəndə heyəti BDU-nun yenilənmiş infrastrukturu ilə tanış olub.