05 may 2026 11:11
164

İİTKM-in “Böyük Qayıdış” platforması Böyük Britaniyada iki nüfuzlu mükafata layiq görülüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu beynəlxalq media qurumu – “BUILD Review Magazine” tərəfindən təşkil olunan “Facilities Management Awards 2026” beynəlxalq müsabiqəsində iki nüfuzlu mükafata layiq görülüb. Mərkəz  “Milli obyekt və infrastruktur idarəetməsi üzrə ən yaxşı rəqəmsal platforma” (Best Digital Platform for National Facilities & Infrastructure Management 2026 – Azerbaijan) və “Müştəri xidmətlərində mükəmməllik” (“BUILD Client Service Excellence Award 2026) mükafatlarını qazanıb.

“İki sahil” xəbər verir ki, İİTKM bu mükafatlara “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasının monitorinq və hesabatlılıq portalı” (https://boyukqayidish.gov.az) – Böyük Qayıdış Platforması çərçivəsində həyata keçirilən innovativ rəqəmsal monitorinq və qiymətləndirmə sistemi üzrə layiq görülüb. Portal işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti, infrastruktur, xidmətlərin təşkili, reabilitasiya və yenidənqurma layihələrinin icrasına dair məlumatların real vaxt rejimində toplanması, təhlili və qiymətləndirilməsi üçün vahid elektron idarəetmə mühiti formalaşdırır.

Qiymətləndirmə zamanı aşağıdakı üstünlüklər xüsusi olaraq qeyd edilib:

Dövlət Proqramının prioritet istiqamətləri, tədbirləri və göstəriciləri üzrə məlumatların aylıq, yarımillik və illik əsasda sistemli idarə olunması;

İcraçı qurumlar tərəfindən fiziki və maliyyə icra göstəricilərinin, layihə risklərinin və qarşıya çıxan çətinliklərin elektron qaydada daxil edilməsi və təsdiqlənməsi;

OECD/DAC meyarları (effektivlik, səmərəlilik, təsir, dayanıqlılıq və relevantlıq) əsasında çoxmeyarlı qiymətləndirmə mexanizmi;

Layihələrin maliyyə (CPI) və fiziki (SPI) icra səviyyəsinin “Earned Value Management” (EVM) beynəlxalq modeli əsasında təhlili;

Risk matrislərinin formalaşdırılması və proaktiv risk idarəetmə mexanizmlərinin tətbiqi;

GİS inteqrasiyası vasitəsilə infrastruktur, minatəmizləmə, su xəritələşməsi, kənd təsərrüfatı torpaqları, torpaq və nəqliyyat şəbəkələrinin coğrafi əsaslı izlənməsi;

Real vaxt rejimində videomüşahidə sistemi ilə iri infrastruktur layihələrinin onlayn monitorinqi;

Rəqəmsal identifikasiya (Digital Login, SIMA Token) və çoxsəviyyəli şifrələmə mexanizmləri vasitəsilə məlumat təhlükəsizliyinin təmin edilməsi;

Süni intellekt əsaslı çatbot vasitəsilə operativ məlumatlandırma və istifadəçi yönümlü xidmətlərin göstərilməsi.

“Facilities Management Awards” çərçivəsində təqdim edilən “Best Digital Platform for National Facilities & Infrastructure Management 2026 – Azerbaijan” (Milli obyekt və infrastruktur idarəetməsi üzrə ən yaxşı rəqəmsal platforma) mükafatı Böyük Qayıdış çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin idarə olunması və monitorinqinə dair rəqəmsal idarəetmə modelinin beynəlxalq səviyyədə qabaqcıl təcrübə kimi tanındığını göstərir. “BUILD Client Service Excellence Award 2026” (Müştəri xidmətlərində mükəmməllik mükafatı 2026) isə platformanın istifadəçi yönümlü, şəffaf, operativ və hesabatlı xidmət mexanizmlərinin yüksək səviyyədə qiymətləndirildiyini təsdiq edir.

Əldə olunan bu beynəlxalq uğur Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və reabilitasiya proseslərinin müasir rəqəmsal idarəetmə alətləri ilə müşayiət olunduğunu, Böyük Qayıdışın icrasında şəffaflıq, hesabatlılıq və nəticəyönlü idarəetmə prinsiplərinin tam şəkildə təmin edildiyini bir daha nümayiş etdirir.

İİTKM-nin formalaşdırdığı Böyük Qayıdış Monitorinq və Hesabatlılıq Platforması yalnız milli səviyyədə deyil, post-münaqişə dövründə ərazilərin bərpası və dövlət proqramlarının icrasının rəqəmsal idarə olunması sahəsində qlobal miqyasda tətbiq oluna bilən innovativ institusional və texnoloji model kimi qiymətləndirilir.

Qeyd edək ki, “Facilities Management Awards” tikinti və infrastruktur idarəetməsi sahəsində beynəlxalq səviyyədə tanınan və öz istiqaməti üzrə ən nüfuzlu mükafat proqramlarından biri hesab olunur.