Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib.
“İki sahil” xəbər verir ki, Tədbirdə ADPU Şəki filialının direktoru Vurğun Məmmədov, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər.
Çıxışlarda həmçinin Forumun ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb.
Sadiq Yusifov qeyd edib ki, Şəki şəhəri tarixi, mədəni və coğrafi xüsusiyyətlərini qoruyaraq, eyni zamanda qlobal şəhərsalma təcrübəsindən faydalanmaqla inkişaf edir. O vurğulayıb ki, 2700 ildən artıq tarixə malik olan Şəki orta əsr Şərq şəhərlərinə xas şəhərsalma ənənələrini bu günədək yaşadan nadir məkanlardan biridir. Bildirilib ki, 2030-cu ilə qədər inkişaf proqramı çərçivəsində şəhərin Baş planı təsdiq olunub və hazırda bu plana uyğun olaraq tikinti və abadlıq işləri davam etdirilir.
Ramiz İdrisoğlu qeyd edib ki, qlobal urbanizasiya çağırışlarına uyğun olaraq ölkəmizdə həyata keçirilən layihələr və qabaqcıl şəhərsalma təcrübəsi beynəlxalq platformalarda böyük maraqla qarşılanır və öyrənilir. O bildirib ki, bu nailiyyətlərin məntiqi davamı olaraq, 17–22 may tarixlərində paytaxt Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək.
Emin Hüseynzadə gəncləri WUF13 tədbirində iştirak etməyə dəvət edib. O, çıxışı zamanı WUF13 Festivalı barədə ətraflı məlumat verib, həmçinin Forumun ölkəmiz üçün əhəmiyyətini və onun çərçivəsində gənclər üçün maraq doğuran əsas tədbirləri diqqətə çatdırıb.
WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.