Mayın 6-da Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro Week) çərçivəsində “Müasir aqrar əməkdaşlıq dayanıqlı inkişafın təməli və ərzaq təhlükəsizliyinin təminatçısı kimi” mövzusunda konfransı keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Özbəkistanın kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov, Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, iştirakçı ölkələrin aidiyyatı dövlət qurumlarının məsul şəxsləri, aqrar sahədə fəaliyyət göstərən şirkət nümayəndələri, alimlər, fermer və sahibkarlar iştirak ediblər.
“İki sahil” xəbər verir ki, konfransda kənd təsərrüfatının müxtəlif sahələrinə dair panel müzakirələr aparılıb. Tədbir çərçivəsində ilk panel sessiya “İqlim iqtisadi və təhlükəsizlik çağırışları kontekstində ərzaq təhlükəsizliyi: Regional perspektivlərin fərqli və oxşar cəhətləri” mövzusuna həsr olunub.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Nazir qeyd edib ki, kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi təkcə ərzaq təhlükəsizliyinin təmini üçün deyil, eyni zamanda kənd yerlərində məşğulluğun təmin edilməsi və balanslı regional inkişaf üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanda kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı məqsədilə ardıcıl və sistemli tədbirlər görülür, aqrar sahədə dövlət dəstəyi tədbirləri genişləndirilir: “Azərbaycan hökuməti iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı-ərzaq sistemlərinin inkişafına əhəmiyyətli investisiyalar yatırır. Bu investisiyaların əhəmiyyətli bir hissəsi rəqəmsallaşdırmaya, iqlimə uyğun və ağıllı kənd təsərrüfatına yönəldilib. Dövlət dəstək mexanizmlərimiz müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqinə yönəlmiş innovasiya tərəfdaşlıqlarını daha da təşviq edir. Bundan əlavə, yaşıl enerji zonaları elan olunan Azərbaycanın işğaldan azad edilmiş əraziləri "ağıllı şəhərlər" və "ağıllı kəndlər" konsepsiyalarına uyğun olaraq yenidən qurulur və iqlimə uyğun kənd təsərrüfatı siyasəti bu inkişafının ayrılmaz hissəsini təşkil edir”.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ölkəsində iqlimə uyğun kənd təsərrüfatının qurulması istiqamətində görülən işləri diqqətə çatdırıb. Nazir iqlim dəyişiklikləri, quraqlıq və su ehtiyatları üzərində artan təzyiqin gələcək dövrdə bütün ölkələr üçün ciddi çağırış olacağını vurğulayıb. O, bu problemlərin həlli üçün regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinin vacib olduğunu deyib.
Özbəkistanın kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov qeyd edib ki, iqlim dəyişiklikləri, geosiyasi risklər və logistika problemləri kənd təsərrüfatı sektoruna ciddi təsir göstərir. O, ölkəsində məhsuldarlığın artırılması və suya qənaət edən texnologiyaların tətbiqi istiqamətində geniş islahatların həyata keçirildiyini vurğulayıb. İbrokhim Abduraxmonov əlavə edib ki, dayanıqlı kənd təsərrüfatının yaradılması və inkişafı üçün aqrar sektorda gəlirliliyə deyil, ətraf mühitin mühafizəsi və resurslardan səmərəli istifadəyə xüsusi diqqət yetirilməlidir. O, Özbəkistanın tərəfdaş ölkələrlə kənd təsərrüfatı və logistika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili ölkəsində aqrar sahədə mövcud vəziyyət, həyata keçirilən və planlaşdırılan tədbirlər barədə məlumat verib, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.
Daha sonra “Kənd təsərrüfatı-qida sistemlərinin qarşılıqlı təsirində logistikanın rolu: millətlərin rifahına aparan marşrutlar, dəhlizlər və onların təhlükəsizliyi” mövzusunda panel sessiya keçirilib. Panel sessiyada çıxış edən natiqlər kənd təsərrüfatı sistemlərinin mövcud vəziyyəti, dayanıqlı kənd təsərrüfatı istehsal sistemlərinə keçid, sabit ərzaq təchizatı, inklüziv aqro-ərzaq siyasətləri, rəqəmsal həll və texnologiyaların tətbiqinin genişləndirilməsi, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi, kənd təsərrüfatı məhsullarının ticarəti və logistika imkanları barədə fikirlərini bölüşüb, mövzu ətrafında müzakirələr aparıblar.
Konfrans çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə ABŞ-nin "John Deere Walldorf International GmbH" arasında strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi kənd təsərrüfatı naziri Məcnun Məmmədov və "John Deere” şirkətinin MDB üzrə vitse prezidenti Peter Zaxse imzalayıb. Memorandum kənd təsərrüfatı sahəsində strateji əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və aqrar sektorda müasir həllərin təşviqini nəzərdə tutur.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) Nizamnaməsinin rəsmi imzalanması mərasimi keçirilib. Sənədi kənd təsərrüfatı naziri Məcnun Məmmədov imzalayıb. Sənəd ratifikasiya olunduqdan sonra Azərbaycan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının üzvü olacaq. Azərbaycanın bu təşkilata qoşulması ilk növbədə milli səviyyədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsinə xidmət edəcək. Ölkəmiz üçün bu üzvlük qabaqcıl təcrübələrin, innovativ texnologiyaların və elmi biliklərin mübadiləsi üçün yeni imkanlar açır. Eyni zamanda, təşkilata üzvlük kənd təsərrüfatında məhsuldarlığın artırılması, resurslardan səmərəli istifadə və iqlim dəyişikliklərinə uyğunlaşma sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayacaq.
Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür
“Enterprise Azerbaijan” və “InnovNation” arasında strateji əməkdaşlıq istiqamətləri müzakirə olunub
“Regionlarda aqrar ekosistem və süni intellekt: problemlər, həllər və startaplar üçün real imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub
Türkiyə, Özbəkistan və Gürcüstanın kənd təsərrüfatı nazirləri “Caspian Agro 2026” sərgisini ziyarət ediblər