07 may 2026 20:45
119

Bakıda “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib

Bakıda keçirilən 19-cu “Beynəlxalq Kənd Təsərrüfatı həftəsi – Caspian Agro Week” çərçivəsində Bakı Dövlət Universitetində (BDU) “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq forum keçirilib. Forumda iqlim dəyişikliyinin kənd təsərrüfatına vurduğu zərərlər və bu risklərin idarə olunmasında aqrar sığorta mexanizminin əhəmiyyəti müzakirə olunub.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bütün dünyada olduğu kimi Azəbaycanda da iqlim dəyişiklikləri ən çox kənd təsərrüfatı sahəsinə təsir edir. Ölkəmizdə bu riskləri sığortalamaq və kənd təsərrüfatını iqlim dəyişikliklərinin fəsadlarından qorumaq məqsədilə aqrar sığorta mexanizmi yaradılıb. Nazir qeyd edib ki, aqrar sığorta dövlətin kənd təsərrüfatına dəstək məqsədilə yaratdığı mühüm bir mexanizm olmaqla təkcə fermerlərə dəyən zərərləri qarşılamır, həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin sabitliyini təmin edir və sahədə əlverişli investisiya mühiti formalaşdırır.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında aqrar sığortanın əhəmiyyətinə toxunub: “Dolu, sel, daşqın, quraqlıq, şaxta, güclü külək, zərərvericilər və iqlim dəyişiklikləri fermerin uzun müddət çəkdiyi zəhməti qısa zamanda ciddi zərərə sala bilər. Buna görə də aqrar sahədə risklərin idarə olunması və fermerin qorunması xüsusi əhəmiyyət daşıyır. Aqrar sığorta məhz bu baxımdan mühüm təminat mexanizmidir” - deyə rektor vurğulayıb.

Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov aqrar sığorta mexanizminin iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirini azaltmaq üçün ciddi alətə çevrildiyini vurğulayıb: “Təkcə aprel ayında şimal bölgələrində baş verən sel və subasmalar nəticəsində 8 min hektar əraziyə ziyan dəyib. Bu fakt sübut edir ki, aqrar istehsal artıq davamlı deyil, daimi risk altındadır”.

Forumun “Ortaq risklər, ortaq həllər: Aqrar sığorta modeli” adlı birinci panelində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)Nasar Hayat və Özbəkistan Aqrar Sığorta Fondunun direktoru Muratjan Açilov iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsirləri və regional əməkdaşlığın vacibliyini vurğulayıblar. Qeyd olunub ki, son 30 ildə fəlakətlər qlobal aqrar sektora 4 trilyon dollara yaxın zərər vurub ki, bu da dünyadakı aqrar ÜDM-in 5%-i deməkdir.

İkinci panel müzakirələri zamanı "Azərkosmos" rəsmisi Murad Camalov peyk monitorinq texnologiyalarının sığorta ekspertizasında tətbiqi, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova isə iqlim və ekstremal hava hadisələrinin proqnozlaşdırılması, BDU-nun professoru Fərda İmanovun iqlim dəyişikliyinin Azərbaycanın su ehtiyatlarına təsiri barədə barədə məlumat veriblər.

Forum aktiv müzakirələr, tələbələrin suallarının cavablandırılması və media nümayəndələri üçün təşkil olunmuş brifinqlə yekunlaşıb.

Yaqut Ağaşahqızı,”İki sahil”